Prezident Erdoğan Mərkəzi Bankın sədrini vəzifədən çıxartdı

Murat Çetinkaya Fotonun müəllifi Reuters
Image caption Murat Çetinkaya Mərkəzi Bankın sədri vəzifəsində 2016-cı ildən bəri işləyib

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Mərkəzi Bankın rəhbəri Murat Çetinkayanı vəzifədən azad edərək onun yerinə bank sədrinin müavinini təyin edib.

Murat Çetinkayanın istefaya göndərilməsinin rəsmi səbəbləri açıqlanmayıb.

Türkiyə maliyyə sistemində hadisələrin inkişafını izləyən iqtisadi şərhçi Natiq Cəfərli hesab edir ki, son qərar inflyasiya ilə mübarizəyə dair bankla hökumət arasında dərinləşən fərqli yanaşmanın təzahürüdür.

"Erdoğan təkid edir ki, yüksək faizlər inflyasiyanı gücləndirir və artımın qarşısını alır.

Mərkəzi bank isə, əksinə, liranı möhkəmləndirmək üçün faiz dərəcəsinin yüksək saxlamağın tərəfdarıdır", - Natiq Cəfərli BBC News Azərbaycancaya bildirib.

Ötən ilin sentyabr ayında Mərkəzi Bank əsas faiz dərəcəsini 17,5-dən 24 faizə qaldırdı.

Fotonun müəllifi AFP
Image caption Ötən ilin sentyabr ayında Mərkəzi Bank əsas faiz dərəcəsini 17,5-dən 24 faizə qaldırdı.

Şənbə günü Reuters agentliyinə danışan mənbələr hökumətlə Mərkəzi bank arasında monetar siyasətlə bağlı fikir ayrılığının son aylarda dərinləşdiyini qeyd ediblər.

Onlardan birinə əsasən, Murat Çetinkaya Bankın müstəqil olduğunu deyərək, prezident və maliyyə nazirinin istefaya çıxmaq təklifini rədd etmişdir.

Murat Çetinkayanın işdən azad olunması ilə bağlı qərar, Mərkəzi Bankın müstəqilliyinə dair yeni şübhələrə təkan verib.

Həmçinin oxuyun:

Bu barədə daha geniş