Donald Tusk Yerevanda nə deyib?

Donald Tusk, Nikol Paşinyan Fotonun müəllifi Gov.am

Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk Ermənistanda bəyan edib.

O, çərşənbə günü ölkənin baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib ki, hər iki tərəf "təmkinlilik göstərməli və real danışıqlara xidmət edəcək ab-havanın bərpasına çalışmalıdırlar. "Münaqişənin hərbi həlli yoxdur və burada beynəlxalq hüquq prinsiplərinə müvafiq olan siyasi həll gərəkdir", - Tusk deyib.

Cənab Tusk builki danışıqların inkişaf dinamikasından şövq aldığını, xalqların sülhə hazırlaşdırılması məsələsində yardım etməyə hazır olduğunu bildirib.

Avropa İttifaqı rəsmisi təmas xəttində son qurbanlarla və gərginliyə səbəb olan bəyanatlarla bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin narazılığını bölüşdüyünü deyib.

O qeyd edib ki, Avropa İttifaqı Minsk Qrupu həmsədrlərinin səylərinə yardım göstərməyə, Helsinki Yekun Aktının əsas prinsiplərinə əsaslanaraq, ədalətli və uzunmüddətli həll axtarmağa davam edəcək.

Əvvəlki gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı Aİ Şurasının sədri Donald Tusk başçılıq etdiyi qurum adından Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi.

Məhkəmə sistemi islahatına yardım

Donald Tusk öz bəyanatında onu da deyib ki, Avropa İttifaqı Ermənistana məhkəmə sisteminin islahatında yardım göstərməyə hazırdır.

Daha əvvəl baş nazir Paşinyan yerli məhkəmə sisteminin Ermənistan ictimaiyyətinin etimadına malik olmadığı və "məhkəmə sisteminə cərrahiyə müdaxiləsi vaxtının gəldiyini" demişdi.

O, Ermənistan hakimlərinin vettinqə yetirilməsi (etibarlılığının yoxlanılması - red.) və ölkədə "keçid ədliyyə mexanizmi" tətbiq edilməsinin labüdlüyünü bildirmişdi.

"Biz baş nazirlə qanunun aliliyi, korrupsiya ilə mübarizənin və insan haqlarına hörmət məsələsində eyni fikirdəyik. Aİ müstəqil, səmərəli və hesabat verməli olan məhkəmə sisteminin yaradılması təşəbbüsü alqışlayır", - cənab Tusk deyib.

O, məhkəmə sisteminin demokratiyaya nail olmaq və iqtisadi və sosial inkişafın təmin edilməsinin önəmli amili olduğunu vurğulayıb.

"Aİ bu işdə də ekspert yardımı və tədris proqramlarını təqdiminə davam edəcək", - Donald Tusk vəd verib və görüş əsnasında korrupsiya əleyhinə ixtisaslaşdırılmış komissiya yaradılması məsələsinin də müzakirə olunduğunu bildirib.

Bu barədə daha geniş