Azərbaycan ABŞ və İran arasında qalarsa...

Əliyev və Ruhani Fotonun müəllifi Prezident.az
Image caption 2018-ci ildə İran prezidentinin Azərbaycana səfəri çərçivəsində Bakı və Tehran ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

2018-ci ilin may ayında ABŞ-ın İranla nüvə sazişindən çıxmasından etibarən İranla qərb ölkələri arasında artan gərginlik iki ölkə arasında müharibə təhlükəsini kəskin şəkildə yüksəldib.

Son bir neçə il ərzində Azərbaycan İranın tarixi rəqibləri İsrail və ABŞ-la sıx iqtisadi əlaqələr qurub.

Buna baxmayaraq, bu dövrdə Azərbaycan İranla iqtisadi əlaqələrini inkişaf etdirmək üçün addımlar atıb - birgə nəqliyyat layihələri həyata keçirilib, avtomobil zavodları açılıb və rəsmilər arasında yüksək-səviyyəli görüşlər təşkil edilib.

Bəs ABŞ və İran arasında müharibə baş verərsə, Azərbaycan nə edəcək və belə mümkün müharibə Azərbaycana necə təsir göstərəcək?

Azərbaycan ABŞ-ın İrana qarşı müttəfiqlər axtarışına həssaslıq nümayiş etdirsə də, ölkənin rəsmi mövqeyi gərginliyin diplomatik yolla həll olunmasıdır.

Diplomatik üsullar

Azərbaycan Prezident Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri, Hikmət Hacıyev BBC News Azərbaycancaya deyib ki, Azərbaycan Respublikası xarici siyasətində heç bir tərəfi kənarlaşdırmır.

O, ABŞ-İran əlaqələrində gərginlik ritorikasını Azərbaycanı "bir qonşu dövlət kimi, region dövləti kimi narahat edən bir amil" olduğunu deyərək, Azərbaycanın bu prosesləri yaxından izlədiyini qeyd edib.

"Düşünürük ki, məsələnin həll edilməsi üçün diplomatik resurslar tükənməmişdir...düşünürük ki, və ümidvar olmağa çalışırıq ki, və istəyirik ki, bu məsələlər məhz diplomatik resurslar vasitəsilə öz həllini tapacaqdır", o vurğulayır.

Hikmət Hacıyevin sözlərindən Azərbaycanın İranla-ABŞ arasındaki gərginlikdən razı olmadığı təəssüratı yaranır.

Fotonun müəllifi Azerbaijan Presidency/Anadolu Agency/Getty
Image caption 2016-ci ildə İsrailin Baş Naziri Benyamin Netanyahunun Bakıya səfəri İranda etirazlar doğurub.

Münaqişə halında isə Azərbaycanın fəal rol oynamayacağı görünür.

Bu isə geosiyasi baxımdan təbii bir mövqedir, çünki İranda bir müharibə, regionun sabitliyinə kəskin zərər gətirici qüvvəyə malik bir hadisədir.

İp üzərində gəzmək

Hazırda George Mason universitetinin Schar Siyasət və Hökumət Məktəbində dərs deyən və ABŞ-ın Azərbaycana sabiq səfiri, Professor Richard Kauzlarich Azərbaycanın mövqeyini anladığını bildirir.

"Gürcüstanın 2008-ci ildəki təcrübəsi ABŞ-ın nə etməyə qadir olduğunu dəqiq ölçə bilməyən bir ölkənin nümunəsidir və nəticədə o daha böyük qonşusu ilə çətin vəziyyətə düşüb", o deyib.

Sabiq səfir, bu səbəbdən İranla hər hansı potensial bir münaqişədə Azərbaycanın ABŞ-dan yardım gözləməsinin yaxşı fikir olmasına böyük inamı olmadığını deyib.

O, Azərbaycanın hələ "ip üzərində balansını saxlamağa cəhd" etdiyini, lakin bu mövqedə də Azərbaycan üçün təhlükənin mövcud olduğunu qeyd edib.

Professor Kauzlarich, İrana qarşı daha sərt sanksiyalar tətbiq edildiyi halda, qonşu Azərbaycanın İrana iqtisadi yardım göstərməməli olduğunu düşünür.

Onun fikrincə, gərgingliyi artıran amillərdən biri hazırkı ABŞ administrasiyasıdır.

"ABŞ-da iki qərar qəbul etmə səviyyəsi var. Birincisi rəsmi səviyyədədir, yəni təki diplomatlar yox, həm də dövlət qulluqçuları və sairə. İkincisə isə Donald Trump-dır", o qeyd edib.

Fotonun müəllifi OLIVIER LABAN-MATTEI/AFP/Getty Images
Image caption 2008-ci ildə Cənubi Osetiyada baş verən müharibədən sonra Gürcüstanın Rusiya ilə əlaqələri sərin qalır. Tbilisi Qərb strukturlarına üzv olmağı prioritet hesab edir.

O, ABŞ-ın bir hökumət olaraq İrana qarşı təzyiqi artırdığını və bu istiqamətdə siyasətini davam etdirdiyini qeyd edir, lakin Şimali Koreya ilə əlaqələrdə olduğu kimi prezident Trump-ın "başqa bir istiqamətdə addım" ata biləcəyini də istisna etmir.

"Qaçqın axını"

Qafqaz Siyasi Analiz Mərkəzinin Tədqiqat şöbəsinin sədri Əhməd Əlili cənab Kauzlarich-in bir çox fikirlərini paylaşır.

Bakının NATO və Rusiya hərbi qüvvələri tərəfindən görüş məkanı kimi seçildiyini qeyd edərək, o, ABŞ Prezidenti Donald Trump-ın gələcəkdə bundan istifadə edərək İran liderlərilə görüşə biləcəyini düşünür.

Əhməd Əlili, Trump-ın Şimali Koreya lideri Kim Jong-un-la görüşünü xatırladaraq, Bakının İran məsələsi kontekstində oynaya biləcəyi rolun olduğunu bildirib.

"Nə qədər qeyri-adi görünsə də, mümkün olan bir məsələdir. Çünki Trump "mümkün olmayan" addımları atmağı sevir", o, vurğulayıb.

İranla ticarət

Dövlət Statistika Kömitəsinin rəqəmlərinə əsasən, Azərbaycanla İran arasında ticarət, 1992-ci ildən indiyədək Azərbaycanın beynəlxalq ticarətinin 1 faizindən böyük payını təşkil etməyib.

Cənab Əlili düşünür ki, hazırkı vəziyyətdə, İrana qarşı sanksiyalar və hətta müharibə təhlükəsi İran-Azərbaycan münasibətlərinin genişlənməsinə maneə yaradır.

"Bu sanksiyalar nəticəsində İran və Azərbaycan münasibətlərini istədikləri şəkildə qura bilmirlər", o qeyd edir.

Cənab Əlili Astara-Rəşt-Qəzvin dəmir yolunun maliyyələşməsi məsələsini nümunə göstərərək, İrana qarşı maliyyə sanksiyalarının bu layihənin Azərbaycan tərəfindən maliyyələşməsinə maneə olduğunu bildirib.

İrandan qaçqınlar

Cənab Əlili qeyd edir ki, Azərbaycanı və hətta Rusiyanı narahat edən digər məsələlərdən biri isə müharibə halında İrandan şimala qaçqın və məcburi köçkün axınının yaranmasıdır.

Fotonun müəllifi The Washington Post/ Getty Images
Image caption Ötən ilin may ayında ABŞ prezidenti Donald Trump ölkəsinin İranla nüvə sazişindən çıxdığını bəyan edib.

İranın regional baxımdan nəhəng sayda əhalisi olduğu üçün, Azərbaycana qaçqın və ya məcburi köçkün axınının Azərbaycan iqtisadiyyatı üçün kəskin mənfi təsiri ola bilər.

Bu səbəbdən Azərbaycanın ABŞ-İran münasibətlərdəki gərginliyə müsbət yanaşmaması məntiqlidir.

Beynəlxalq əlaqələr üxrə təhlilçi, Leyla Əliyeva, müharibə halında qaçqın probleminin mövcud olacağı fikirləri ilə razıdır.

Lakin o düşünür ki, münaqişə daha kiçik miqyasda olsa - İranda bəzi hərbi obyektlərə hava zərbələrilə yekunlaşsa, Azərbaycana dərin təsiri olmayacaq.

O, İranın müharibə istəmədiyini və İranın Qərbin praqmatik olacağına ümid etdiyini düşünür.

Onun zənnincə, bu səbəbdən, Qərbin İranla münasibətlərində "prinsipiallıq göstərməsi vacibdir".

Hazırda isə ABŞ sanksiyalarının yaratdığı iqtisadi qəfəs İranın ticarət potensialını boğmağa davam edir.

Bu həftənin əvvəlində Türkiyədə yerləşən və Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olan Star Refinery neft emal zavodu İran neftinin alışına qoyduğu qadağaya görə ehtiyacı olduğu nefti Rusiyanın Rosneft şirkətindən almağa qərar verib.

Bloomberg xəbər saytına verdiyi müsahibədə zavodun baş icraçı direktoru Müsut İlter deyib ki, "əgər məhdudiyyət olmasaydı, biz İranın xam neftini alardıq".

Bu barədə daha geniş