Rusiya: aksiyalarda 200-dən çox saxlanılan var

Moskva

Şənbə günü Rusiyada təşkil olunan etiraz aksiyalarında 245 nəfər saxlanılıb, OVD-İnfo saytı bildirib.

Aksiyalardan birində, Moskvanın Saxarov prospektində keçirilən icazəli mitinqdə 20 və 49 min arasında insanın iştirak etdiyi bildirilir.

Moskvadaki "Səsvermə Hüququmuzu Bərpa Edək" adlı mitinqlə yanaşı Rusiyanın onlarla digər şəhərlərində də, sərbəst seçkilərə dəstək aksiyaları keçirilibdir.

Moskvadaki icazəli mitinqin rəsmən saat 16:00 sona çatması gözlənirdi.

Lakin bir çox iştirakçı təyin olunan vaxtdan sonra etirazlara davam ediblər.

OVD-İnfo saytının məlumatlna görə, yerli vaxtla saat 19:30-a qədər 245 nəfər polis tərəfindən saxlanılıb. Onlardan 156 nəfər Moskvada, 86 nəfər Sankt Peterburqda, 11 nəfər Rostov-na-Donda, 2 nəfər isə Bryansk şəhərində saxlanılıb.

Rusiya Daxili İşlər Nazirliyi Moskvadaki mitinqdə 20 min iştirakçının olduğunu, digər mənbələr isə bu rəqəmin 49 mindən yüksək olduğunu bildirirlər.

BBC News Ruscanın məlumatına görə, Saxarov prospektində bəzi mitinq iştirakçıları saxlanılıb.

Mitinqdən sonra müxalifət liderlərindən biri, Aleksey Navalnının həmkarı İvan Jdanovun qərargahının koordinatoru Boris Zolotarevski də saxlanılıb.

Xəbərlərə görə, onun saxlanmasına səbəb mitinq üçün təyin olunan vaxt sona çatdıqdan sonra mitinq iştirakçılarını "gəzməyə" dəvət etməsi olub.

Aleksey Navalnının qərargahının koordinatoru, Olqa Quseva isə Sankt Peterburqda saxlanılan 86 nəfərdən biridir, Dojd telekanalı bildirib.

Ötən iki həftə baş tutan icazəsiz aksiyalarda 2 mindən çox insan saxlanılıb və 13 nəfərə qarşı cinayət işləri açılıbdır.

Image caption Moskvada Rusiya Prezident Aparatına yaxınlıqda çox sayda polis olub

Əlaqəli mövzular

Bu barədə daha geniş