İranın tarixi bazarları: Kirmanşah

İran Fotonun müəllifi Tasnim
Image caption Kirmanşah bazarı üç km uzunluğa uzanıb.

Təxminən üç kilometr uzunluğu olan Kirmanşah bazarı zaman və tarixin sonsuz axarının izlərini özündə daşıyan dünyanın nadir yerlərindən biridir.

Kirmanşah bazarı canlı memarlıq muzeyidir.

Bu bazara aid tikililərin inşası İranda Sasanilər dövründən başlayaraq Pəhləvilər sülaləsinədək əsrlər boyu davam edib.

İranın qədim bazarları arasında ən uzun şöbələri olan Kirmanşah bazarı öz karvansaraları ilə də məşhurdur.

Qonşu şəhər və bölgələrdən gələn tacirlər bazarda gecələyərkən həmin karvansaralarda qalırdılar.

Məsələn, şərqdən gələn tacirlər əsasən hindistanlılar üçün ayrılan karvansaralarda yerləşərdi, Xorasandan gələn tacirlərə isə bir qayda olaraq Hacı Ağa Əli qonaq evində yer ayrılırdı.

Kirman İranın mərkəzi əyalətlərindən biridir və ölkənin cənub-şərq bölgələrinin qapısıdır.

Qədim İpək və Ədviyyə yolları, Çabahar və Minab da daxil olmaqla Oman Körfəzinin bəzi limanlarından və Kirman vilayətindən keçir.

Kirmanşah bazarının təşəkkülü 6-7-ci əsrlərə aiddir.

Fotonun müəllifi iSna
Image caption Kirmanşah bazarı öz karvansaraları ilə məşhurdur.

Çiçəklənən şəhərin çökməsi Kirmanşah hökmdarı Lütvəli xanın Zəndin Qacar şah tərəfindən təqib olunması dövrünə təsadüf edib.

Qətliamdan sonra şəhəri bərpa etmək üçün hətta işçi qüvvəsi də tapılmamışdı.

Kirmanın iqtisadi çiçəklənməsinin zirvə çağı Gəncəli xanın Kirman üzərində hakimiyyəti dövründə baş verib(İranda Şah Abbas dövrü) və həmin illərdə onun oğlu Ələmir xan tərəfindən tamamlanan Gəncəli xan sarayının tikintisi olub.

Bu saray indi də qalmaqdadır və İranın Astan Qüds Rəzavi fonduna daxildir.

Bu sarayın memarı Yazd şəhərindən olan "Ustad Sultan Məhəmməd" olub.

Kirmanşah bazarının tarixinin daha bir əlamətdar mərhələsi Qacarlar dövrünə təsadüf edir.

Fəth Əli Şah Kirmanı yenidən qurmaq və şəhərin arxlarını, bazarlarını və karvansaralarını bərpa etməyi İbrahim xan Zahir əl-Dövləyə tapşırmışdı.

Kirman bazarında Qacar dövründə baş verən dəyişiklər bazarın şimal-cənub nizamının əhəmiyyətini zəiflədib, şərq-qərb istiqamətinin əhəmiyyətini isə qabardıb.

Bazarın şərqində Müzəffəri məscidinin və qərbində Gəncəli xan sarayının inşası bu coğrafi oxun şəhər üzərində əhəmiyyətini gücləndirib.

Təxminən üç kilometr uzunluğunda olan şimal-cənub ticarət sıraları Mahmud Qala bazarından başlayır.

Fotonun müəllifi Irna
Image caption Bazarın Bərdsir adlanan hissəsində mis məmulatlarıyla yanaşı digər mallar da satılır.

Kirman şəhərinin qədim hissəsinin planı ağacı xatırladır: ağacın gövdəsi şəhərin əsas oxu olan bazardan keçir, şəhərə aparan ticarət yolları isə ağacın köklərinə bənzəyir. Bazar şəhər darvazaları boyunca uzanır.

Kirmanın Şahdad səhrası ilə yaxınlığı şəhər iqlimini isti və quru edir, digər səhra bölgələrində olduğu kimi, burada da gündüz və gecə temperaturları arasında böyük fərq var.

Tarixi Kirmanşah bazarının memarlıq həllində səhra memarlığına xas olan bir çox elementlər var, o cümlədən, külək dəyirmanı, yeraltı sahələr və digər elementlər.

Ekstremal isti və soyuqdan qorunmaq üçün bazarda "yay" və "qış" məkanları var.

Kirmanşah bazarında karvansaralar, məktəblər, məscidlər və kölgəli mərkəzi həyətlər var.

Yerli iqlimin quraqlığı və istiliyini yumşaltmaq üçün həm in içəri həyətlərdə yaşıllıq sahələri salınıb.

Bazar tikililəri

İrandakı digər tarixi bazarlar kimi, Kirmanşah bazarı da qonaq evləri, məscidlər, məktəblər, hamamlar, su anbarları və digər ictimai məqsədli obyektlər toplusudur.

Həmin obyektlər həyatın müxtəlif sahələrində ehtiyacı ödəmək üçün insanları bir araya gətirir.

Kirman bazarındakı dörd əsas kompleksdən biri Səfəvilər dövründə, digəri şiə Qacarlar dövründə inşa edilmişdir.

Bununla belə bazarın bütün obyektlərinin memarlıq həlli prinsipləri bir-biriylə uyğunluq təşkil edir.

Gəncəli xan kompleksi köhnə şəhər və yeni şimal məhəllələri arasında yerləşən məktəb, mehmanxana, məscid, xəzinədarlıq və su anbarı da daxil olmaqla köhnə tikililər yaxınlığında inşa edilib.

Bu bazarın dönüş nöqtəsindəki köhnə tikililər məktəb, mehmanxana, məscid, xəzinədarlıq və su anbarı da daxil olmaqla kompleksi inşa etmək üçün alındı və buraxıldı.

Kirmandakı Gəncəli Xan Kompleksi İsfahanın Cahan Meydanına bənzər bir əhəmiyyətə malik olub.

Bəziləri hətta Gəncəli xanın kiçik məscidini İsfahan məscidlərinə bənzədirlər.

Gəncəli Xan Fondu Kirmanşah bazarında fəaliyyət göstərən ticari-işgüzarlıq səhələrini belə təsnifatlaşdırıb: silah tacirləri və silah istehsalçıları, kömürçülər, arx boruları qayıranlar, çəkməçilər, dulusçular, zərgərlər, şüşə məmulatı satanlar və istehsal edənlər, xalçaçılar, sabunçular və digərlər.

İbrahim Xan Kompleksi Kirmanı idarə edən Fətəli Şahın kürəkəni İbrahim Xan Zahir əd-Dövlə tərəfindən inşa edilib.

Gəncəli Xan Kompleksi bazarın şimalında yerləşən məktəb, bahalı dükan Qeysəriyyə, hamam, su anbarı və qonaq evi kimi urbanistik elementləri özündə cəmləşdirir.

Bu ticarət meydanı digər bazarlıq sahələrinə nisbətən daha genişdir, mərkəzi hissəsində isə hamama giriş, su anbarı və məktəb yerləşir.

İbrahim Xan Kompleksində yerləşən məktəbin Kirmanda ən hündür və ən gözəl külək dəyirmanı var. Məktəb kompleksində ən böyük əraziyə malik olmaqla bu, kompleksin mədəni mərkəz kimi əhəmiyyətini qabardır.

Hacı Ağa Əli sarayı İbrahim Xan sarayının yanında inşa olunub. Kompleksə ziyafət evi, məscid, su anbarı və bazar daxildir.

Son illərdə şəhərdə çəkilmiş Şəriəti küçəsi, Hacı Əli Ağa kompleksinin bazarla əlaqəsini zəiflədib.

Bazarın su anbarı Kirmandakı ən böyük su anbarlarından biridir. Məkanın optimal istifadəsi məqsədiylə su anbarı üzərində bu iki mərtəbəli qonaqlıq evi tikilib.

Bu kompleksə daxil olan məscid qırx daş sütunu üzərində ucalır və olduqca mühüm mədəni-dini əhəmiyyəti var.

Fotonun müəllifi Tasnim
Image caption Bazar arxitekturası öz sadəliyi ilə diqqəti çəkir.

Bazardaxili məkanın arxitekturası

Səhra arxitekturasında daş və ağac kimi tikinti materiallarının qıtlığı nəzərə alınaraq, bazarın inşasında əsasən kərpicdən istifadə olunub.

Kirmanşah bazarını fərqləndirən memarlıq üslubunun əsas xüsusiyyəti sadəlikdir.

Bazarı təşkil edən tikililərdə böyük və kiçik ölçülü tağlardan istifadə olunub.

Kirman bazarının xarici hissəsinin memarlıq həllində ilk növbədə, sadəlik diqqəti çəkir.

Müasir dövrdə bazarı əhatə edən tikililərin inşasından əvvəl bazar qübbələrinin sıraları yuxarıdan baxanda şəhərin bel sütununu xatırladırdı, bazarın ümumi mənzərəsi isə şəhərin və səhralı ətraf ərazilərin mənzərəsiylə həmahəng idi.

Kirmanın tarixi bazarı, qapalı məkanda yerləşdiyindən yayda kölgəli və sərin olur.

Bazarın bir neçə qatı olan xarici divarı daxili məkanı isti bayır havasından qoruyur, hündür tavan isə bazarın içərisində havanın sərbəst hərəkətinə imkan verir.

Tağlar isə havanın saflaşmasını və bazardaxili məkanın işıqlı olmasını təmin edir.

Bazar tavanının bəzi hissələrini yağlı boyalarla çəkilmiş rəsmlər bəzəyir.

Fotonun müəllifi Irna
Image caption Gəncəli Xan sarayı və Vəkil karvansarası memarlıq abidəsi kimi tanınır.

Bələdiyyələr və bazarın sökülməsi

Son illərdə Kirmanşah bazarında zərgər dükanlarının bir çoxu paltar dükanlarıyla əvəzlənib.

Qızıl satan zərgərlik dükanlarıyla yanaşı Hacı Ağa Əli və İbrahim Xan bazarları da qızıl ticarətiylə məşğuldur, Qeysəriyyə dükanında da qızıl ticarəti var.

Bərdşir şöbəsində qədim zamanlardan misdən hazırlanan məmulat satan tacirlər tədricən yeni növ malların satışına keçirlər.

Kirmanşah bazarının tikililərinin davamlı və yüngül tikinti materiallarından inşa edilməsi seysmik cəhətdən aktiv zonada yerləşən bu bazarın zəlzələyə davamlılığını təmin edib.

Lakin şəhərsalma strategiyasında özünü göstərən qeyri-dəqiq addımlar Kirman bazarı üçün ən dağıdıcı fəlakətə çevrilib.

Bazar yaxınlığında və hətta üzərindən keçən yeni küçələrin salınması, tikinti işlərinin yaxın ərazidə aparılması bazar orqanizminə dağıdıcı təsir göstərir.

Mədəni irs üzrə ekspert Məhəmməd Ənvəri Kirman Bələdiyyəsini "dağıdıcı bələdiyyələrin lideri" adlandırır.

"Kirman bazarı kommunal xidmətlər və bazarda pozuntular kimi problemlərlə dolu olmaqda davam edir", - Ənvəri hesab edir.

Mütəxəssis Kirman bazarının mədəni irsinin yaxın bir zamanda yox ola biləcəyini proqnozlaşdırır: "Bazarın ətrafındakı tarixi tikililər oradan köçürülüb. Köhnə Kirmanşah bazarının yeganə ümid yeri yenə də gündəlik alış-veriş funksiyasının qorunub-saxlanmasıdır".

Bundan əlavə, Kirmanşah bazarındakı köhnə tikililərin bir hissəsi itirilmiş və tərk edilmişdir. Karvansaralar, məktəblər və hamamlar sökülüb və ya funksiyaları dəyişdirilib.

Yalnız məscidlər öz funksiyalarını qoruyub saxlayır.

Memarlıq əsərləri kimi tanınan Gəncəli Xan sarayı və Vəkil karvansarası zaman keçdikcə ovulub dağılmaqdadır. Bu yaxınlarda Vəkil karvansarasında bərpa işləri aparılıb.

Mədəni irs mütəxəssisləri bu bərpa işinin səthi aparıldığını desələr də, hər halda bunun, binanı sökməkdən daha yaxşı variant olduğunu qeyd edirlər.

Təbriz bazarı kimi Kirmanşah bazarında da bərpa işləri mütəxəssislər cəlb olunmadan aparılıb.

90-cı illərdən başlayaraq burada iki dəfə təmir işləri aparılıb, lakin hər dəfə bu işlər yarımçıq dayandırılıb.

Bu barədə daha geniş