Təqsirləndirilənlər klubu: postsovet liderlərinə qarşı cinayət işləri

Fotonun müəllifi TASS
Image caption Mütəllibov 20 il Rusiyada mühacir həyatı yaşayandan sonra Azərbaycana qayıda bilib

Ötən həftə Kiyev məhkəməsi Milli Antikorrupsiya Bürosuna keçmiş prezident Petro Poroşenkoya qarşı cinayət işi açmaq tapşırığı verib.

Barələrində cinayət işi açılmış və sayları getdikcə artmaqda olan postsovet liderləri cərgəsinə Poroşenko da qatıla bilər.

Təkcə son bir ildə postsovet məkanında iki eks-prezident həbs olunub - Ermənistanın və Qırğızıstanın keçmiş liderləri.

Moldovanın korrupsiyaya görə cəzalandırılmış keçmiş Baş naziri Vladimir Filat da daxil olmaqla, regionun müxtəlif bölgələrində üç lider həbs edilib.

BBC keçmiş sovet respublikalarının rəhbərlərinə qarşı açılmış cinayət işləriylə bağlı dosye hazırlayıb.

xəritə

Ukrayna

Ölkənin ilk üç prezidenti - Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko vəzifədən sülh yoluyla gediblər.

2014-cü ildəki Maydan hadisələrindən sonra Moskvaya qaçan Viktor Yanukoviçin səlahiyyətləri əlindən alınıb, o, təqsirləndirilən şəxs elan olunub.

2019-cu ilin yanvar ayında məhkəmə onu vətənə xəyanətdə və Ukraynanın ərazi bütövlüyünə qəsd cəhdində təqsirli bilib.

Yanukoviçin qaçışından sonra prezident seçilən Petro Poroşenko bu ilin aprel ayında keçirilən seçkini uduzub və postunu tərk edib.

İyul ayında yeni prezident Vladimir Zelenski Poroşenkonun komandasının üzvləriylə bağlı lüstrasiya haqqında qanun layihəsi (dövlət vəzifəsi tutmaq qadağasının tətbiq edilməsi) təqdim edib.

Poroşenko özü şahid qismində bir neçə cinayət işinə cəlb edilib.

Gürcüstan

Müstəqil Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiya ölkənin cinayət məsuliyyətinə cəlb edilən ilk lideri olub - 1992-ci ilin yanvarında vəzifəsindən kənarlaşdırılan Qamsaxurdiyaya qarşı milli zəmində qarşıdurma yaratmaq, dövlət vəsaitlərini mənimsəmək və memarlıq abidələrini məhv etmək ittihamları irəli sürülüb.

O, 1993-cü il avqust ayının 31-də, dövlət qoşunlarından gizləndiyi Svanetiya dağlarında müəmmalı şəkildə həlak olub.

Mixail Saakaşvili həbs edilə bilər Fotonun müəllifi JANEK SKARZYNSKI
Image caption Mixail Saakaşvili həbs edilə bilər

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə qarşı bir neçə cinayət işi açılıb. O, dövlət vəsaitlərinin israfında, 2007-ci ildəki etiraz aksiyasının dağıdılması zamanı vəzifə səlahiyyətlərini aşmaqda və bir müxalifətçinin döyülməsi hadisəsində iştirakda şübhəli bilinir.

Saakaşvili haqqında qiyabi həbs qərarı çıxarılıb, axtarışa verilib, amma Gürcüstanın hüquq-mühafizə orqanları onunla bağlı beynəlxalq axtarış qərarı verilməsinə hələ ki nail ola bilməyiblər. Mixail Saakaşvili ona qarşı irəli sürülən ittihamları rədd edir.

Azərbaycan

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov 1992-ci ildə istefa verib, sonrakı on il ərzində ona qarşı bir neçə cinayət işi açılıb.

Mütəllibov Rusiyada gizlənməklə həbsdən qurtula bilib. 2012-ci ildə keçmiş prezident kimi toxunulmazlıq haqqı tanınıb və o, nəhayət ki, Bakıya qayıda bilib.

Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəy də bir neçə cinayət işinin fiqurantı olub.

O, ölkəni bir ildən də az müddət ərzində idarə edib, 1993-cü ilin yayında hakimiyyətdən uzaqlaşdırılıb.

1996-cı ildə Elçibəy prezident postundakı sələfi Heydər Əliyevə bəzi ittihamlar irəli sürüb, buna cavab olaraq ona qarşı prezidentin şərəf və ləyaqətini təhqir etməklə bağlı cinayət işi açılıb, amma iş məhkəməyə göndərilməyib.

Əbülfəz Elçibəy 2000-ci ildə vəfat edib.

Ermənistan

Ermənistanda liderin cinayət məsuliyyətinə cəlb edilməsi yeni haldır.

Sabiq prezident Robert Koçaryan Fotonun müəllifi KAREN MINASYAN/AFP/Getty Images
Image caption Koçaryan şahid qismində ifadə vermək üçün dəvət edilib, amma həbs olunub

2018-ci ilin iyul ayında eks-prezident Robert Koçaryan konstitusiya quruluşunu zorakılıqla devirməkdə ittiham edilib -2008-ci ilin mart ayındakı siyasi böhran zamanı fövqəladə vəziyyətin tətbiqini və ordudan istifadə edilməsini istintaq bu cür qiymətləndirib.

Ölkənin üçüncü prezidenti Serj Sarqsyan həmin cinayət işinə şahid qismində cəlb edilib. Onun qardaşı və daha bir qohumu digər cinayət işlərində təqsirləndirilən şəxs olaraq tanınırlar.

Hüquqi baxımdan təqib edilməsini Koçaryan yeni baş nazir Nikol Paşinyanın ondan qisas alması kimi qiymətləndirir.

Qırğızıstan

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev 2019-cu ilin avqust ayının əvvəlində həbs olunub. O, korrupsiyayla bağlı cinayət işinə şahid qismində cəlb olunmuşdu, amma ifadə verməkdən imtina edirdi.

Atambayev yaşadığı Koy-Toş kəndində tərəfdarları və həmkənlilərinin köməyilə evinin ətrafındı mühafizə həlqəsi yaratmışdı.

Atambayev və sələfi Jeenbekov Fotonun müəllifi AFP
Image caption Atambayev və sələfi Jeenbekov arasındakı konflikt eks-prezidentin həbsiylə nəticələndi

Güc strukturlarıyla qarşıdurma zamanı Atambayevin evinə iki gün davam edən hücum xüsusi təyinatlı dəstədən olan bir zabitin ölümüylə nəticələndi.

Bundan sonra Qırğızıstanın keşmiş rəhbərinə qarşı qətl, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və kütləvi iğtişaş törətmə ittihamları irəli sürüldü.

Beləliklə də Atambayev ölkənin həbsə atılan ilk lideri oldu. O, ittihamları siyasi sifariş hesab edir.

Atambayevdən əvvəlki prezident, vəzifəsindən inqilab nəticəsində kənarlaşdırılmış Qurmanbek Bakiyevlə də bağlı cinayət var, o, ölkədən qaçıb.

Qırğızıstanın başqa bir eks-prezidenti Əsgər Akayev rəsmi şəkildə təqsirli elan olunmayıb, amma qohumlarına və silahdaşlarına açılmış cinayət işlərinin fiqurantı olmaq təhlükəsinə görə Akayev ölkəsinə getmir.

Moldova

Moldova parlament respublikasıdır. Ölkənin keşmiş baş naziri Vladimir Filat 2015-ci ildə korrupsiya ittihamıyla həbs edilib.

Moldovanın keşmiş baş naziri Vladimir Filat Fotonun müəllifi Vadim Denisov/TASS
Image caption Moldovanın keşmiş baş naziri Vladimir Filat 2021-ci ildə azadlığa çıxa bilər

2016-cı ildə o, 9 illik həbs cəzasına məhkum edilib.

2019-cu ilin avqustunda məhkəmə Filatın cəza müddətini iki ilə yaxın azaldıb, 2021-ci ildə o, azadlığa çıxa bilər.

O vaxtki müxalifət liderlərin biri, Moldovanın hazırkı baş naziri Mayya Sandu 2017-ci ildə Baş Prokurorluqdan prezident İqor Dodona qarşı cinayət işi açmağı xahiş etmişdi.

Sandu Dodonu vətənə xəyanətdə günahlandırsa da, amma prokurorluq onun xahişini rədd etmişdi.

Baltik ölkələri

Estoniya, Litva və Latviya da SSRİ tərkibində olublar, amma indi onlar digər siyasi düşərgədədirlər, Avropa İttifaqı və NATO üzvüdürlər.

Bu üç Baltik ölkəsinin təmsilçiləri postsovet məkanına aid edilməməyi xahiş edirlər.

Baltikyanı ölkələrdə parlament üsul-idarəsidir, hər üç respublikanın baş nazirləri cinayət işlərində fiqurant olublar.

Onlara qarşı müxtəlif ittihamlar irəli sürülüb - korrupsiyadan tutmuş dövlət sirrini yaymağa qədər.

2005-ci ildə Latviyanın keçmiş Baş naziri Eynars Repşeyə qarşı antikorrupsiya təhqiqatı açılıb - o vaxt o, müdafiə naziri vəzifəsini icra edib. Repşe istefa verib, cinayət işi isə dəlil çatışmazlığına görə qapadılıb. Nəticədə Repşe siyasətə qayıda bilib, o 2009-2010-cu illərdə maliyyə naziri postunu tutub.

Postsovet dövrünün ilk yarım ilində - 1991-92-ci illərdə Estoniyanın rəhbəri olmuş, sonralar Tallinin meri seçilmiş Edqar Savisaar 2015-ci ildə prokurorluğun tələbiylə vəzifəsindən kənarlaşdırılıb. Ona qarşı rüşvətxorluq və kirli pulların yuyulması ittihamı irəli sürülüb. 2018-ci ilin dekabr ayında Ali Məhkəmə Savisaara qarşı cinayət işinə xitam verib.

Latviyanın keçmiş prezidenti və Baş naziri Rolandas Paksas rusiyalı biznesmenə izlənməsi haqda məlumat ötürməklə dövlət sirrini yaymaqda günahlandırılıb. Amma Vilnüs dairə məhkəməsi keçmiş prezidentə bəraət verib.

.

Bu barədə daha geniş