Paşinyanı Qarabağda sevmirlər?

Bu gün xəbər Nikol Paşinyan Fotonun müəllifi KAREN MINASYAN
Image caption Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndi/Stepanakertdə yerlilərlə görüşərkən. 9 may, 2018.

Dağlıq Qarabağ faktiki rəhbər dairələrinə yaxın şəxslərdən biri olan, tanınmamış "Dağlıq Qarabağ Respublikası Təhlükəsizlik Şurasının sabiq katibi Vitali Balasanyan növbəti dəfə Ermənistan baş naziri Nikol Paşinyanın ünvanına kobud ifadələr işlədib.

"Vaxtında Ermənistan dövlətçiliyinə hörmət edərək susmuşam, indi isə deyirəm ki, Ermənistanda parlament də, hakimiyyət də qəsb edilib və 2018-ci il parlament seçkiləri qeyri-qanuni olub. Nikol Paşinyanın bütün hərəkətləri cinayət məsuliyyəti daşıyan əməllərdir", - "Artsax (ermənilər Dağlıq Qarabağı belə adlandırır - red.) milli qəhrəmanı" Balasanyan Yerevanda çıxan "Aravot" qəzetinə müsahibəsində deyib.

Bu, Qarabağdan Ermənistanda məxməri inqilab nəticəsində 2018-ci ildə hakimiyyət başına gəlmiş Nikol Paşinyana qarşı ilk demarş deyil. Daha əvvəl də KİV və sosial şəbəkələrdə Qarabağın "faktiki hakimiyyətinə yaxın şəxslər" tərəfindən yeni Ermənistan liderinin ünvanına xoşagəlməz şərhlər müşahidə olunub.

Tanınmamış DQR-in keşmiş və indiki liderləri isə Ermənistanda konstitusiya qurumunu devirməkdə ittiham olunan Robert Koçaryanın həbs qətimkan tədbirinin dəyişməsi üçün Yerevan məhkəməsində zəmanət imzalayıblar.

"İşinizlə məşğul olun"

Fotonun müəllifi KAREN MINASYAN
Image caption Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndi/Stepanakertdə yerlilərlə görüşərkən uşağı öpür. 9 may, 2018.

Daha əvvəl də, 2018-ci il parlament seçki kampaniyası zamanı Paşinyanın "Vətəndaş müqaviləsi" bloku üzrlərinin bəzi emosional və mübahisəli ifadələri Qarabağ tanınmamış hakimiyyət nümayəndələrinin tənqidi şərhlərinə məruz qalıb.

Paşinyanın silahdaşı, Vətəndaş Müqaviləsi Partiyası idarə heyətinin sədri Sasun Mikaelyanın mitinq çıxışında: "Qarabağ müharibəsində qələbə qazanmışıq, lakin öz ölkəmizdə erməni xalqının qazandığı qələbə, Qarabağ azadlıq müharibəsindən də önəmlidir", - sözləri Qarabağ erməniləri, tanınmamış rejim nümayəndələri tərəfindən tənə-tənqidlə qarşılanıb.

Paşinyanın, "fəallaşıb, müxtəlif şərhlər verərək Ermənistan parlament seçkiləri kampaniyasına müdaxilə edən Qarabağ hakimiyyət nümayəndələrinə" cavabı sərt olub.

"Mən cənab Sahakyana tövsiyə edərdim ki, öz hakimiyyət nümayəndələrini nizam-intizama dəvət etsin, onları öz işləri ilə məşğul olmağa göndərsin... Anlamadım, məgər Qarabağ prezidentinin mətbuat-katibi mənim dediklərimlə bağlı şərhlə çıxış etməlidi? Təsəvvür edirsiniz, mənim mətbuat katibim Qarabağda məlum və məlum olmayan hadisələrə dair şərh verməyə başlasa, bunun nəticələri nə ola bilər? Ağlınızı başınıza yığın, gedin işinizlə məşğul olun", - Paşinyanın reaksiyası belə olub.

"Paşinyan qarabağlılardan üzr istəməlidir"

Qarabağ "Helsinki təşəbbüsü - 92" komitəsinin koordinatoru Karen Ohancanyan isə öz Facebook səhifəsində "Nikol Paşinyanın hərəkətlərindən hiddətə gələn və öz həddini və səlahiyyətlərinin harada qurtarmasını bilməyi tələb edən külli miqdarda Artsax insanları adından" gileylənir ki, təsəvvür etməzdi ki, "nə vaxtsa Ermənistan rəhbəri Dağlıq Qarabağa dair bu dərəcədə qeyzlənə bilər".

"Qarabağ xalqını təhqir etdiyiniz və xalqımızın təhlükəsizlik səviyyəsini aşağı saldığınız üçün gərək camaat qarşısında onlardan üzr istəyəsiniz", - Ohanjanyan tələb edir.

Ancaq avqustun 5-də, Stepanakertdə Ümumerməni İdman Oyunlarının açılış mərasimi mitinqində Ermənistan Baş nazirinin "çıxışından təsirlənən" Ohancanyan Facebook-da Nikol Paşinyana şeir ithaf edib və ona etimad göstərərək onunla "vahid vətəndə xəyala gələn arzuya doğru getməyə" hazır olduğunu deyir.

"Köhnə ilə yeni arasında mübarizə"

Məxməri inqilabdan sonra bir müddət sosial şəbəkələrdə də Qarabağ istifadəçiləri kimi qeyd olunanlardan Paşinyanın ünvanına "səlahiyyətlərini aşması, qeyri-tolerant davranışı, ünsiyyət mədəniyyətinin olmaması, aqressiv tərzdə fikir ifadə etmək, əsəblərini idarə edə bilməmək" və ən başlıcası - "Qarabağı satmaq" kimi şərhlərə rast gəlmək olardı.

Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyan hesab edir ki, bu "internet statusları" qarabağlıların yox, Qarabağ rəhbər dairələrinə yaxın "bir qrup adam və onların əlaltılarının" Paşinyana münasibətini göstərir.

O, "qarabağlılar Paşinyanı sevmir" ifadəsini "nəzakətsizlik" hesab edir. "Çünki bunun həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu, nə ermənistanlılar və qarabağlılar, nə Nikol Paşinyanla qarabağlılar arasında qarşılıqlı anlaşma məsələsi deyil. Bu, köhnə ilə yeni arasında qarşıdurma problemidir. Və Artsaxda da, Ermənistandakı kimi, "yeni" gəlib "köhnəni" əvəz edəcək", - Mehrabyan BBC News Azərbaycancanın müxbirinə deyib.

Onun sözlərinə görə, bu proses çox ağrılıdır, çoxlu suallar gündəmə gətirir və "məsələnin konteksti - köhnə ilə yeni arasında mübarizədir".

"Problem ondadır ki, Ermənistanda hakimiyyət dəyişib, Ermənistanda siyasi nəsil dəyişikliyi baş verib, öz yeni təsəvvürü, yeni dünya görünüşləri ilə yeni nəsil peyda olub, Artsaxda isə hələlik eyni nəsil qalır, onun təsəvvüründə Ermənistanla münasibətlər əvvəllər olduğu kimi də qalmalıdır", - Mehrabyan deyir.

O, əmindir ki, 2010-cu ildə keçiriləcək seçkilərdən sonra Qarabağda hakimiyyət dəyişikliyindən sonra "hər şey öz məcrasına düşəcək".

Qarabağ əhalisinin Nikol Paşinyana münasibətini isə, Ruben Mehrabyabın sözlərinə görə, 5 avqust mitinqi göstərdi: "Biz gördük Stepanakert Dirçəliş meydanında ümumerməni oyunların açılış mitinqinə toplaşan minlərlə insan Ermənistan Baş nazirini necə alqışlayırdı, - deyə Ruben Mehrabyan mitinq zamanı diqqəti çəkən daha bir məqamı qeyd etdi. - Bundan başqa, biz xalqın Artsax xalqının indiki rəhbərliyinə necə münasibət göstərdiyinin şahidi olduq".

Mitinqdə tanınmamış DQR rəhbəri Bako Sahakyann" çıxışı zamanı meydandan fit və etiraz səsləri, onun istefası tələbi və ünvanına həqarətli ifadələr eşidilirdi.

"Hər şey gründüyü kimi deyil"

Qarabağda çıxan "Analitikon" məcmuəsinin baş redaktoru Geğam Bağdasaryan deyir ki, Qarabağ cəmiyyətində Nikol Paşinyana böyük ümidlər bəsləyirlər.

Onun sözlərinə görə, Ermənistan məxməri inqilabından əvvəl Qarabağ və Ermənistan rəhbərliyi faktiki olaraq bir siyasi komanda təmsil edir və "eyni, necə deyərlər, avtoritar oyun qaydalarına əməl edirdilər".

"İnqilabdan sonra hakimiyyətlə bir yerdə oyun qaydaları da dəyişdi: hazırda əsl demokratiya qanunları işləyir. Və Artsax hakimiyyəti komfortsuz şəraitə düşüb, bir halda ki, keçmiş vahid siyasi komanda da yox olub", - Bağdasaryan BBC News Azərbaycanca müxbiri ilə söhbətində deyib.

O hesab edir ki, düçar olduqları şəraitdə Qarabağ rəhbərliyinə "milli birlik və üçlük vəhdəti (söhbət Ermənistan-Qarabağ-Diaspor birliyindən gedir - red.) pərdəsi arxasında gizlənib sabitliyin qorunub saxlanmasından dəm vurmaqdan başqa bir şey qalmır".

Geğam Bağdasaryanın sözlərinə görə, əslində Qarabağ rəhbərliyi hələ ki hakimiyyətdə qalmaq ümidini itirməyib.

Bu günədək onlar bütün ictimai rəy formalaşdıran ciddi vasitələrə, bundan əlavə, bu vasitələr üzərində inhisara malikdir və eyni "gündəliyi cəmiyyətin müəyyən hissəsinə sirayət etdiriblər", təhlilçi deyir.

Lakin Qarabağ ictimaiyyətinin əhəmiyyətli qismi, Bağdasaryanın sözlərinə görə, "başqa gündəlik formalaşdırır və onlar üçün oyun qaydalarından qorxulası bir şey yoxdur".

"Onların bu hissəsi, əksinə, yaranmış vəziyyəti, nəhayət, Artsaxda radikal islahatlar keçirmək üçün müstəsna imkan hesab edirlər. Lakin hələ ki, onlar ictimai rəyə təsir etmək üçün ciddi alətlərə malik deyil. Hər necə olsa da, bu məsələdə Qarabağ hakimiyyəti və Qarabağ cəmiyyətinin maraqları üst-üstə düşmür", - Geğam Bağdasaryan deyr.

Bu barədə daha geniş