Erməni kilsəsində parçalanma: "Bizim inamımızı oğurladılar"

Коллаж Fotonun müəllifi Artyom Geodakyan/TASS/BBC

Qədim xristian kilsələrindən birində uzun illərdir davam edən daxili münaqişə yaxın zamanlarda böyük böhranla nəticələnə bilər.

BBC Rusiya xidməti araşdırıb ki, dünyəvi diasporaların ierarxlara etirazları Erməni Apostol Kilsəsinin (EAK) daxilindəki müxalif hərəkatın başlamasıyla üst-üstə düşüb, Rusiyadakı erməni icmaları artıq bir neçə aydır ki, Ermənistanın üsyançı ruhaniləriylə əlaqə saxlayırlar.

Sibirdə, Volqaboyunda və Uralda erməni ictimai təşkilatlarının liderləri EAK-ın Rusiya yeparxiyasını basqınçılıqda, acgözlükdə, avtoritar idarəçilikdə və diasporda qarşıdurma yaratmaqda ittiham edirlər.

Eyni zamanda, EAK üzvlərinin bir qismi açıq şəkildə bəyan edirlər ki, Rusiya arxiyepiskopu Yezrasın qardaşı - bütün ermənilərin katolikos və patriarxı II Qareginin fəaliyyəti kilsə qanunları və bidətinin pozulmasına gətirib çıxara bilər.

Bu iki müxalif cərəyan birləşərsə, proses faktiki olaraq kilsənin parçalanmasıyla nəticələnə bilər.

Amma EAK-da bu konflikti ya görmürlər, ya da görməzdən gəlirlər. Arxiyepiskop Yezrasın mətbuat xidməti BBC-nin bütün suallarına üç cümləylə cavab verərək bildirib ki, "EAK-ın Rusiya və Yeni Naxçıvan yeparxiyalarının kilsə həyatında heç bir problem yoxdur".

Мнацакан Аракелян
Image caption Udmurtiyanın erməni icmasının lideri Mnasakan Arakelyan İjevsk məbədinin önündə

"Kilsə, yoxsa ticarət obyekti"

"Bu mənim qızım Linoçkadır. Biz beş il onu xaç suyuna saldıra bilmədik, təsəvvür edirsiniz? 17 dəfə yeparxiyaya zəng vurduq, rahib göndərmələrini xahiş etdik. Heç kim gəlmədi" - qızının telefondakı şəklini bizə göstərən Arsen Mosoyan belə deyir.

Moskvadan yardım ala bilməyən İjevsk erməniləri Ermənistandan rahib çağırıblar və beləliklə də Erməni Kilsəsinin daxilində illərdir yetişməkdə olan, amma yalnız son vaxtlarda üzə çıxan konfliktin iştirakçısına çevriliblər.

Arsen Mosoyan artıq 26 ildir ki, İjevskdə yaşayır. HDQ-nin Pskovdakı diviziyalarından birində xidmət etdikdən sonra Udmurtiyaya qayıdan Arsen tikinti biznesinə başlayıb. Erməni icması bu şəhərdə kilsə tikmək qərarına gələndə bacardığı qədər yardım edib.

İşdən sonra dostlarıyla birlikdə tikinti yerinə gəlib, fundamentin qazılmasında və divarların hörülməsində yaxından iştirak edib, özü beton töküb.

Kilsə ermənilərin Udmurtiyadakı ictimai təçkilatının, onun sədri Mnasakan Arakelyanın və Başqırdıstandan olan bir biznesmenin maliyyə yardımı hesabına inşa edilib. Mosoyan deyir ki, EAK-ın Moskva yeparxiyası tikintidə iştirak etməyib.

2012-ci ildə kilsənin tikintisi başa çatıb, icma Moskvaya - arxiyepiskop Yezrasa müraciət edib ki, kilsəni təqdis etmək üçün keşiş göndərsin. Cavabında arxiyepiskop kilsənin və onun yerləşdiyi ərazinin mülkiyyət hüququnu yeparxiyaya verməyi, Moskvanın göndərəcəyi şəxsin rəhbərliyini təmin edəcək nizamnamə qəbul etməyi xahiş edib.

İcma bu şərtlərə əməl edib, amma kilsə təqdis olunmayıb. Diaspora təşkilatının sədri Arakelyanın BBC-yə dediyinə görə, yeparxiya əlavə iki şərt də irəli sürüb: icmadan tələb olunub ki, ayinlərin icrasından gələn gəlirdən başqa, Moskvadan göndəriləcək baş keşişə maaş da verilsin və yeparxiyanın "stabilləşdirmə fonduna" 1,2 milyon rubl pul köçürülsün. Yeparxiya BBC-nin bu şərtlərlə bağlı sualına cavab verməyib.

"Bütün bunlar tələb kimi görünürdü. Yeparxiyada fasiləsiz olaraq pul söhbəti gedir. Sanki bu, kilsə yox, biznes və ya ticarət obyektidir" - Mosoyan bunu deyib köks ötürür.

Ижевск
Image caption İjevskdə kilsə tikən ermənilər yeparxiyanın tələbləriylə qarşılaşıblar

Diaspora üzvləri yerli icra orqanlarının onlara pulsuz verdiyi ərazidə və öz vəsaitləri hesabına tikdikləri kilsənin idarə edilməsində səs hüququna malik olmaq istəyiblər, ancaq dialoq alınmayıb.

Moskvadan təyin olunan keşiş kilsənin rəhbəri olub, amma İjevskə köçməyib. Ona görə də artıq yeddi ildir ki, diaspora milli bayramları və uşaqlar üçün məşğələləri kilsənin həyətində keçirir, kilsə və keşiş üçün tikilmiş daş evsə boşdur.

BBC Rusca xidməti aydınlaşdırıb ki, bu, təkcə İjevskdə belə deyil. Altayda, Kemerovo, Kirov, Novosibirsk və Sverdlosk vilayətlərində də müxtəlif mərhələlərdə olan konfliktlər mövcuddur. Daha əvvəl Riqadakı kilsədə də oxşar hal yaşanıb. Dünyəvi diasporanın artan şikayətləri haqqında Moskvadakı təşəbbüs qrupları da danışırlar.

BBC arxiyepiskop Yezrasla müsahibə üçün müraciət edib, amma rədd cavabı alıb.

Yeparxiyadakı din xadimlərindən biri BBC-yə müsahibəsində dünyəvi icmaların bəzi ittihamlarını rədd edib, ancaq az sonra zəng vurub xahiş edib ki, heç bir halda ona istinad olunmasın, çünki həmin müsahibə üçün xeyir-dual almayıb.

Səsləndirilən ittihamlarla bağlı rəsmi sorğuya yeparxiyanın mətbuat xidməti aşağıdakı məktubla cavab verib (tam mətn):

"Sualınıza cavab olaraq bildiririk ki, EAK-ın Rusiya və Yeni Naxçıvan yeparxiyalarının kilsə həyatında heç bir problem yoxdur. Bəzi şəxslər öz merkantil maraqlarından çıxış edərək kilsə strukturundan sui-istifadə edirlərsə, bu, kilsənin problemi deyil. Deməli, sizin qaldırdığınız məsələlərin yeparxiya və kilsə icması arasındakı milli-mənəvi fəaliyyətlə heç bir əlaqəsi yoxdur".

"Ancaq rus keşişlər"

Kilsələr dünyadakı erməni diasporaları üçün sadəcə dua edilən yer deyil. Orta əsrlərdə dövlətdən məhrum olma erməni icmları kilsələr ətrafında təşkilatlanıblar. Kilsə ictimai həyata aid məsələləri həll edib, ənənələri qoruyub saxlayıb, işgüzar münasibətləri yoluna qoyub.

Ижевск
Image caption İcma və yeparxiya arasında danışıqlar dalana dirənib və İjevsk kilsəsi boş qalıb

SSRİ dağılandan sonra Rusiya bölgələrindəki erməni icmaları milli ənənələri qoruyub saxlamaq, dili və milli mədəniyyəti növbəti nəsillərə ötürmək üçün fəal şəkildə kilsələr tikməyə başlayıblar. Ancaq indi bu kilsələrin çoxu boşdur. Demək olar ki, hər yerdə problemin kilsə rəhbərliyilə münasibətlərdən qaynaqlandığını deyirlər.

Kemerovo vilayətinin Novokuznetsk şəhərindəki erməni kilsəsi də buna görə bağlanıb. Kilsəni yerli diaspora təşkilatı tikib və Moskvadan göndərilən keşişi maaşla təmin edib. Amma yeparxiya ayinlərin, o cümlədən vəftizin qiymətini qaldırıb və bu, icma üzvlərinin narazılığına səbəb olub. Bundan sonra keşiş iqlimin sərtliyini bəhanə edərək geri qayıdıb.

"Beləcə, kilsəmizi bağladılar. İndi orda kim şam yandırır? Siçanlar" - Rusiya Erməniləri İttifaqının Kemerovo şöbəsinin sədri Georgi Antonov-Mirzəxanyan belə deyir.

Yeparxiya kilsələrin bağlanmasıyla bağlı BBC-nin sualına cavab verməyib.

Novosibirskdə konflikt məhkəməyə qədər gedib çıxıb. Hər yerdə olduğu kimi, icma öz puluna kilsə tikib və Moskvadan göndərilən kilsə nizamnaməsini qəbul edərək torpağın mülkiyyət hüququnu EAK-ın yerli şöbəsinə verib.

Sonra kilsə şurasıyla Moskvadan göndərilən keşiş arasında konflikt yaranıb. Mesenatlarla keşişin növbəti gərgin mübahisəsindən sonra onlar kilsənin istiliyini və işığını kəsiblər.

Buna cavab olaraq yeparxiya kilsə şurasını buraxıb, ağsaqqallar Moskvaya loyal olan şəxslərlə əvəz edilib.

"Bizim üçün ən müqəddəs olan şeyi - inanmımızı oğurladılar" - ermənilərin Novosibirsk vilayətindəki ictimai təşkilatının sədri Artur Xaçatryan belə deyir. O, baş verənləri basqınçılıq hesab edir.

Onun qardaşı, kilsə şurasının keçmiş üzvü Edik Xaçatryan şuranın buraxılmasına etiraz olaraq yeparxiyaya qarşı iddia qaldırıb. Ancaq məhkəmə kilsə ierarxlarının fəaliyyətini qanuni hesab edib.

Kirov vilayətindəki kilsə şurası da kilsəni öz puluyla tikib, Moskvada yazılmış nizamnaməylə onun da hüquqları məhdudlaşdırılıb və kilsəyə nəzarətini şura eynilə bu şəkildə itirib.

Tikintinin əsas sponsoru olmuş Furman Abramyam BBC-yə müsahibəsində deyib ki, arxiyepiskopla bütün əlaqələrini kəsib və onun hərəkətlərini vicdansızlıq hesab edir.

Алтай
Image caption Sentyabrın 1-də Qorno-Altayskdakı erməni xaç-daşını rus keşiş təqdis edib

Altay Respublikası və Kemerovo vilayətinin erməni diasporaları bir-birindən xəbəesiz şəkildə qərar veriblər ki, xaçkarların (ermənilərin ənənəvi olaraq şəhərin əlamətdar yerinə qoyduğu, daşdan kəsilmiş böyük xaçlar) təqdisi üçün EAK-a mürəciət etməsinlər.

İcma liderlərinin sözlərinə görə, kilsə daşların qoyulduğu torpaqların mülkiyyət hüququna sahib olacağı halda bu işi görəcəyini bildirib və ona görə də onlar EAK-ın xidmətlərindən imtina etmək qərarına gəliblər.

"Onlar erməni xalqının pastırları yox, mafiyadırlar" - kemerovolu Georgi Antonov-Mirzəxanyan belə deyir.

Bundan sonra diaspora üzvləri "tədbirə ancaq rus keşişləri dəvət etmək" qərarına gəliblər və ardınca da RPK-ya müraciət ediblər. Rus keşişlər Tatarıstandakı və Voloqda vilayətindəki xaçkarları da təqdis ediblər.

Diasporanın bir hissəsinin faktiki olaraq RPK-nın "ağuşuna" keçməsiylə bağlı BBC-nin sualına yeparxiya cavab verməyib.

Mərkəzdə də problemlər var

Rusiya şəhərlərindəki çoxsaylı konfliktlər mərkəzi hakimiyyətlə regionlar arasında qarşıdurma kimi qəbul oluna bilər. Ancaq Moskvadakı erməni icmasında da birlik yoxdur.

"Erməni kilsəsini başqalarının əmlakını böyük ölçüdə mənimsəməklə məşğul olan insanlar "işğal" ediblər" -EAK-ın kilsələr komleksi tikintisinin mesenatlarından biri olan, podratçı şirkətin sahibi Ruben Qriqoryan BBC-yə müsahibəsində belə deyib.

Армянский музей Fotonun müəllifi Artyom Geodakyan/TASS
Image caption 2015-ci ildə Moskva kilsəsinin nəzdində Erməni Muzeyi açılıb, ancaq az sonra ona yer verməkdən imtina edilib

Kilsənin tikintisində oynadığı rola görə developer EAK-ın ən ali mükafatına - "Müqəddəs Maarifçi Qriqori" ordeninə layiq görülüb. Amma arxiyepiskop Yezrasla konfliktdən sonra Ruben kilsəyə getmir və EAK rəhbərliyinin dəyişdirilməsi təklifini dəstəkləyir.

Yaxınlıqda Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin açılmasından ilhamlanan Qriqoryan 2015-ci ildə kilsə ərazisində "Moskva Erməni və Millətlərin Mədəniyyəti Muzeyi"nin tikintisini maliyyələşdirib.

Ancaq az sonra arxiyepiskop Yezras öz muzeyini açmaq qərarına gəlib və mesenatı da, muzeyi də ərazidən məhrum edib. Yeparxiyadan bildiriblər ki, Qriqoryan tədbirləri din xadimlərinin xeyir-duası olmadan keçirib və muzeydə giriş üçün pul alınıb. Mesenat bunları təkzib edir.

"Rusiya paytaxtında yaşayan erməni gənclərin EAK iararxlarına münasibəti son dərəcə mənfidir" - Rusiya Erməniləri Birliyinin həmtəsisçisi və Qriqoryanın tikdiyi muzeyin rəhbəri David Tonoyan belə deyir. Onun sözlərinə görə, dini rəhbərliyin "erməni gənclərlə heç bir ünsiyyəti yoxdur".

Tonoyan 2018-ci ilin aprel ayında erməni baş kilsəsinin qarşısında baş vermiş insidenti anlamazlığın və münasibətlərdəki gərginliyin bariz nümunəsi hesab edir.

Həmin vaxt bir neçə yüz erməni Ermənistandakı etiraz aksiyalarına dəstək məqsədilə kortəbii şəkildə kilsənin önünə toplaşmış, tezliklə əraziyə gücləndirilmiş polis dəstələri gəlmiş və onlarla şəxs həbs edilmişdi.

Гарегин II Fotonun müəllifi AFP
Image caption 20 illik patriarxlığı dövründə II Qaregini bir neçə dəfə avtoritarizmdə günahlandırıblar

Həmin gün Tonoyan özü keşişlərlə söhbət zamanı tutulub. O əmindir ki, xüsusi təyinatlıları kilsəyə arxiyepiskop Yezras çağırıb. İnsidentlə bağlı erməni mətbuatında yazılanlara cavab olaraq yeparxiyanın mətbuat xidməti bildirib ki, iddia doğru deyil, bunu qonşu binalarda yaşayanlar etmiş ola bilərlər.

Problemli mərkəzləşdirmə

İcmaların irad və iddiaları əsasən EAK rəhbərliyindəki iki nəfərə yönəlib - EAK-ın Rusiya və Yeni Naxçıvan yeparxiyasının arxiyepiskopu Yezrasa (Nersisyan) və onu bu vəzifəyə təyin etmiş böyük qardaşı, bütün ermənilərin katalikosu və patriarxı II Qareginə.

II Qaregin EAK-a 1999-cu ildən etibarən rəhbərlik edir. 20 il ərzində dünyəvilər, keşişlər və hətta iki erməni patriarxı (Yerusəlim və Konstantinopol) onu kilsə həyatının maddi tərəfinə hədsiz bağlılıqda və avtoritar idarəçilikdə tənqid edib.

II Qareginin rəhbərliyi dövründə kilsənin idarəçiliyini mərkəzləşdirmək cəhdləri EAK və diaspora arasında əsas problemə çevrilib - bunu Oksford Universitetinin Şərq İnstitunun professoru Qraç Çilingiryan BBC-yə müsahibəsində deyib.

Храм в Ижевске
Image caption Rusiyada rəsmi EAK-la əlaqələrini kəsən camiələr kilsə müxalifətiylə münasibət yaradırlar

"Dünyadakı bütün erməni kilsələrinə tətbiq edilən vahid nizamnamə mərkəzləşdirmənin əsas aləti oldu" - Çilingiryan belə deyir. O hesab edir ki, bu nizamnamə mübahisələr və fikir ayrılıqları yaradıb, bir çox görkəmli din xadiminin karyerasını bitirən konfliktlərə səbəb olub və "kilsə ierarxiyasına inamsızlıq yaradıb".

Ermənilərin bəzi mətbuat orqanlarının yazdığına görə, II Qareginin titullarından məhrum etdiyi keşiş və rahiblərin sayı ondan əvvəlki rəhbərlərin 300 il ərzində cəzalandırdığı şəxslərin toplam sayından çoxdur. Çilingiryan deyir ki, belələrinin neçə nəfər olduğunu heç kim dəqiq bilməsə də, tarixi ölçülərə görə bu say olduqca çoxdur.

Rusiya diasporundakı indiki konflikt öz miqyasına görə unikaldır, ancaq katolikosun xarici kilsələri nəzarətə götürmək cəhdləri artıq bir neçə dəfə böyük qalmaqalla nəticələnib.

2011-ci ildə Nitsa və Cenevrədəki icmalar EAK ierarxlarının tabeçiliyindən çıxıblar. Onlar Ermənistandan "sırınan" nizamnamə və keşişləri qəbul etmək təklifini rədd ediblər.

Dünyəvi siyasət və kilsə müxalifəti

2018-ci ildə - Nikol Paşinyan baş nazir seçiləndən dərhal sonra Ermənistanda da katolikosa qarşı açıq müxalifətə keçənlər olub.

Həmin ildəki kütləvi aksiyalar zamanı ölkə boyu minlərlə insan hakimiyyətin dinc yolla dəyişməsinə çalışarkən bir qrup din adamı və dindar kilsə daxilində də islahatlara başlamaq qərarına gəlib.

"Yeni Ermənistan - yeni patriarx" hərəkatında briləşən bu şəxslər katolikosun və bəzi yepiskopların istefasını, kilsəyə yeni rəhbərin seçilməsini tələb edirdilər.

Hərəkatın mənəvi lideri erməni xristianlığının Eçmiədzindəki qədim kilsələrindən Müqəddəs Qayane Monastırının rəhbəri, xarizmatik və mühafizəkar rahib Koryun ata (Arakelyan) olub.

Misirdə və Suriyada EAK-la qohum qədim Şərq kilsələrindəki rahib həyatını öyrənən Koryun ata ənənlərin qoruyucusu və postsovet Ermənistanında ilk kişi monastrının və qardaşlığının yaradıcısı kimi böyük avtoritetə sahibdir.

Монах
Image caption Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra rahib Koryun ata katolikosun istefasını tələb edib

"Sadə dindarlarda olan Allaha inam bizim katolikosda yoxdur. Kilsəmizin azad olması və təmizlənməsi; ona qüsursuz və nümunəvi davranışlı, dua oxuyan və öz xalqını sevən patriarxın rəhbərlik etməsi vaxtı gəlib çatıb" - 2018-ci ilin iyun ayında jurnalistlərə verdiyi müsahibədə Koryun ata belə deyib.

Ardınca katolikos onu "kilsə xidmətçisinə yaraşmayan hərəkətinə və antikanonik fəaliyyətinə görə" titulundan məhrum edərək monastır rəhbərliyindən uzaqlaşdırıb.

Yepiskopların bir çoxu bu qərarı publik şəkildə dəstəkləyib, yepiskop Şirakski Mikael (Acapayan) isə özünün "Facebook" səhifəsində rahibin "mənəvi ölümü"ndən yazıb.

BBC əməkdaşıyla söhbətində isə Koryun ata bu cür ittihamlar səsləndirməyib. Onun sözlərinə görə, kilsənin həqiqi başçısı "küfürə batmış" II Qaregin yox, İsa Məsihdir.

Rahib əmindir ki, yeni katolikos təyin olunan kimi II Qaregin tətəfindən ləğv edilmiş titullar yenidən sahiblərinə qaytarılacaq.

Ortodoks - islahatçı

Titulundan məhrum edilməsi rahibin gözünü qorxutmayıb. Formal olaraq o, artıq rahib mantiyası da geyinə bilməz, amma aprel ayında icma rəhbərinin dəvətilə Koryun ata bir neçə tərəfdarıyla birlikdə İjevskı gedib, orda bir neçə ayin, o cümlədən, vəftiz ayini icra edib.

Митинг Fotonun müəllifi Stanislav Krasilnikov/TASS
Image caption 2018-ci ildə Moskva ermənilərinin öz həmyerlilərinə dəstək üçün keçirdikləri etiraz aksiyası xüsusi təyinatlılar tərəfindən dağıdılıb

"Koryun ata bizi təəccübləndirdi. Gəldi, uşaqlarımızı xaç suyuna salmaq üçün pul almadı. Sonra kilsəni təqdis etdi, dua oxudu. Özünü çox təvazökar apardı, az yedi. Möhtəşəm insandır" - rəsmi kilsənin onların şəhərinə keşiş göndərməsini 5 il gözləmiş Arsen Moloyan belə deyir.

O, Koryun atayla tanış olandan sonra "Yezrasın Moskvadakı mənəviyyatsız keşişləriylə" ünsiyyətdə olmaq istəmir.

BBC-yə müsahibəsində Koryun ata ilk dəfə bildirib ki, EAK-la əlaqəsini kəsmiş keşişlərin Rusiyadakı kilsələr üçün hazırlanmasında iştirak edəcək.

Onu Rusiyada yaşayan arxiyepiskop Tiran (Küreqyan) da dəstəkləyir. Tiran arxiyepiskop Yezrasla 2000-ci illərdə bütün erməni icmasını silkələmiş konfliktə görə katolikos tərəfindən titulundan məhrum edilib.

Arxiyepiskop Tiran Rusiya baş kilsəsində Yezrasın xələfi olub. Belə görünür ki, katolikosa və onun qardaşına tabe olmayan kilsələri birləşdirəcək yeni qurumun rəhbəri məhz o ola bilər.

Kilsə rəhbərinin xeyir-duası olmadan yeni keşişlərin təyin edilməsi alternativ strukturun yaradılması deməkdir. Koryun ata deyir ki, yeni kilsələrin yaradılmasını parçalanma hesab etmir. Əgər katolikos küfürə batıbsa və kilsə qanunlarını pozursa, rahiblik edənlərin ona tabe olmaq məcburiyyəti yoxdur - Koryun ata belə deyir.

Корюн
Image caption Koryun ata hesab edir ki, katolikos küfürlə məşğuldur və vəzivəsindən kənarlaşdırılmalıdır

"Mənimçün kilsə Qaregin deyil, bizim müqəddəs atalarımızdır. Mən onlarla cəhənnəmə getməyə hazıram, nəinki katolikosla cənnətə" deyən Koryun ata əlavə edir: "Bu zarafatdır".

***

Bu barədə daha geniş