İlham Əliyevin bəyanatı Yerevanda mətbuat klubuna hücuma səbəb olub

Hayeli Fotonun müəllifi hayeli.am
Image caption Redaksiyaya hücuma hayeli.am saytında dərc olunan bu məqalənin başlığı, "Əliyevin Putinin yanında Paşinyana gecikmiş, lakin güclü zərbəsi" səbəb olub

Yerevanda bir qrup gənc "Hayeli" (Güzgü) mətbuat klubu redaksiyasına hücum edib.

Buna, mətbuat klubunun saytında Azərbaycan prezidenti İlham Əliyevin Rusiyada "Valday" klubunun toplantısında çıxışından bəhs edən məqalənin başlığı səbəb olub.

Hayeli.am saytı öz 5 oktyabr tarixli məqaləsini "Əliyevin Paşinyana gecikmiş, lakin güclü cavabı" adlandırmışdı.

Azərbaycan prezidenti Ermənistan Baş naziri Nikol Paşinyanın avqust ayının əvvəlində Dağlıq Qarabağda Ümumerməni İdman Oyunlarının açılış mərasimi zamanı nitqində: "Qarabağ Ermənistandır, vəssalam" (rusca tərcümədə "Karabax - Armeniya i toçka"), - bəyanatına işarə edərək, deyib: "Ermənistan özü bu qeyri-qanuni qurumu tanımır. Qarabağ, tarixi Azərbaycan torpağıdır. Belə ki, Qarabağ Azərbaycandır. Və - nida işarəsi".

Bir qrup gənc şənbə günü Hayeli.am redaksiyasının qapı və divarlarına yumurtalar atıb, divara mətbuat klubunun təsisçisi və rəhbəri Anjela Tovmasyanın ünvanına təhqiredici lövhələr asıblar.

Mətbuat klubunun qapısı bağlı olub, klubun rəhbəri isə həmin vaxt xaricdə səfərdə olub.

Gənclərin hərəkətlərini həmin mərtəbədə yerləşən "Hraparak" (Meydan) qəzetinin müxbirləri videoya alıb. Gənclərin özləri də aksiyanı videoya çəkiblər.

Fotonun müəllifi hraparak.am
Image caption Redaksiyanın qapılarına "təhqiri məzmunlu" plakatlar vurulub

Aksiyaçılar nə istəyir?

Videoda görünür ki, aksiyada 4 nəfər iştirak edir. Özünü aksiyanın təşkilatçısı adlandıran David Hovhannisyanla kameranın obyektivinə Sarkis Manukyan, Artak Markaryan və Hayk Stepanyan da düşürlər.

"Gəlmişik Anjela Tovmasyana güclü zərbə endirməyə. Qapı açıq olsaydı, içərini də bu hala salardıq", - gənclərdən biri deyir.

"Anjela Tovmasyan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın bacısıdır. İkisi də şələ-şüləsini yığışdırıb Azərbaycana getsinlər", - David adlı gənc deyir.

Fotonun müəllifi hraparak.am
Image caption Redaksiyaya hücum edənlər öz hərəkətlərini videoya çəkib yayıblar

Reaksiyalar

Jurnalist və ictimai təşkilatlar dərhal hadisə ilə bağlı münasibət bildiriblər, hadisəni söz azadlığına qarşı yolverilməz hərəkət kimi qiymətləndiriblər, hüququ mühafizə orqanları hadisə ilə bağlı araşdırma başlanıldığını bildiriblər, Yerevan müxbirimiz xəbər verir.

Artıq "KİV nümayəndəsinə öz vəzifə borcunu yerinə yetirməkdə maneə törətmək" maddəsilə cinayət işi başlanıb.

Yerevan Mətbuat Klubu bir sıra təşkilatlarla birgə bəyanatla çıxış edib.

Bəyanat müəllifləri iqtidar və müxalifət nümayəndələrindən tələb edirlər ki, həmfikir və tərəfdarlarını təmkinli olmağa və fərqli mövqe və fikir ifadə edənlərə qarşı dözümlülük nümayiş etdirməyə çağırsınlar.

Fotonun müəllifi hraparak.am

"Ədliyyə orqanlarını Hayeli.am redaksiyası ərazisində qanun pozuntusu baş veribsə, məsuliyyət tədbirlərinin tətbiq edilməsini tələb edirik", - bəyanatda deyilir.

Bundan başqa, bəyanat müəllifləri "müxtəlif düşərgələrə xidmət edən KİV-ləri peşakarlıq müstəvisinə qayıtmağa: manipulyasiya və dezinformasiya yaymaqdan çəkinməyə, jurnalist etikası qaydalarına əməl etməyə, cəmiyyətdə mövcud olan fikir müxtəlifliyinə hörmətlə yanaşmağa və təqdim etməyə" çağırırlar.

Əlaqəli mövzular

Bu barədə daha geniş