Suriya kürdlərinin Türkiyəyə nə maneçiliyi var?

Suriya kürdləri artıq bəyan ediblər ki, nəzarət etdikləri əraziləri müdafiə edəcəklər Fotonun müəllifi AFP
Image caption Suriya kürdləri artıq bəyan ediblər ki, nəzarət etdikləri əraziləri müdafiə edəcəklər

Türkiyə öz sərhədləri boyu "təhlükəsiz zona" yaratmaq üçün Suriyanın şimal-şərqində əməliyyatlara başlayacağını bəyan edib. Washington türkiyəli hərbçilərə mane olmayacağını açıqlayaraq öz qoşunlarını ərazidən çıxarmağa başlayıb. Bu situasiya Türkiyə və Suriyanın şimal-şərqinə nəzarət edən kürdlər arasında konfliktin eskalasiyası təhlükəsini yaradıb.

BBC Türkiyə hakimiyyətinin nə üçün Suriya sərhəddində "təhlükəsiz zona" yaratmaq istəməsinə və o ərazidə yaşayan kürdləri nəyə görə "terrorçu" hesab etməsinə aydınlıq gətirir.

Hərbi əməliyyat Türkiyənin nəyinə lazımdır?

Türkiyənin əsas məqsədi kürdlərin Xalq Qoruma Birliyini (YPG) öz sərhədlərindən uzaqlaşdırmaqdır. Ankara onları "terrorçu" hesab edir.

Türkiyə hakimiyyəti Suriyanın şimal-şərqində sərhəd boyu kürd silahlılarının olmayacağı 32 kilometrlik "təhlükəsiz zona" yaratmaq istəyir.

Fotonun müəllifi EPA
Image caption Sentyabr ayında, BMT-nin Baş Assambleyasında Erdoğan nəzərdə tutulan təhlükəsizlik zonasının xəritəsini nümayiş etdirib

Ankara "təhlükəsiz zonada" hazırda Türkiyədə yaşayan 2 milyon suriyalı qaçqını yerləşdirmək istəyir. Suriyada 2011-ci ildə başlamış vətəndaş müharibəsinə görə ölkəni tərk etmiş suriyalıların 3,6 milyon nəfəri Türkiyədədir.

Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) tərkibindəki YPG bazar ertəsi günü bəyan edib ki, müdaxilə olarsa, öz ərazilərini müdafiə edəcək. SDQ həmçinin bildirib ki, ABŞ ordan çəkilməklə bölgəni hərbi əməliyyatlar zonasına çevirmək istəyir və bu, özünü "İslam dövləti" (İŞİD) adlandıran təşkilatın yenidən bərpası təhlükəsini yaradır.

Fotonun müəllifi Reuters

Türkiyə Suriya kürdlərini nə üçün öz sərhədlərindən uzaqlaşdırmaq istəyir?

Türkiyənin "təhlükəsiz zonaya" çevirmək istədiyi ərazi kürdlərlə suriyalıların birgə yaratdığı SDQ-ə daxil olan və alyansın ən böyük hissəsini təşkil edən Xalq Müdafiə Birliyinin (YPG) nəzarəti altındadır.

ABŞ həm SDQ-i, həm də YPG-ni dəstəkləyir. Amerikalıların köməyilə alyans İŞİD-i məhv edib və hazırda ölkənin bu hissəsinə nəzarət edir.

Ankara YPG-ni Türkiyədə qadağan olunmuş Kürdüstan İşçi Partiyasının (PKK) bir qolu hesab edir. 1984-cü ildən etibarən PKK Türkiyənin çənub-şərqində kürd muxtariyyəti yaratmaq uğrunda mübarizə aparır. Türkiyə, ABŞ və Aİ-nin bəzi ölkələri PKK-nı terrorçu təşkilat kimi tanıyıb. YPG bu qurumla əlaqəsini inkar edir.

Türkiyə hakimiyyəti ehtiyat edir ki, Suriya ərazisində özünüidarə bölgəsi (İraqda geniş muxtariyyət statusu verilmiş İraq Kürdüstanı kimi) yaratmağa çalışan kürdlər türkiyəli soydaşlarını Türkiyə ərazisində də buna nail olmağa həvəsləndirə bilərlər.

Fotonun müəllifi Reuters
Image caption SDQ Suriyanın şimal-şərqində yaradılmış İŞİD-in ləğv edilməsində olduqca böyük rol oynayıb

Türkiyə ABŞ-ın İŞİD-ə qarşı yaratdığı koalisiyanın tərkibində olsa da, SDQ-ə dəstəyinə görə dəfələrlə Amerikanı tənqid edib, Suriyanın şimal sərhədinin alyans tərəfindən nəzarətə götürülməsinə mane olmağa çalışıb.

Bundan başqa, 2018-ci ilin əvvəlində Türkiyə əsasən kürdlərin yaşadığı Afrin bölgəsindən kürd silahlı dəstələrini çıxarmaq üçün "Zeytun budağı" adlı hərbi əməliyyat keçirib.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidəsi qurumunun məlumatına görə, iki ay davam edən əməliyyat nəticəsində 300 dinc sakin, 1500 kürd silahlısı, 400 türk silahlısı və 45 hərbçi həlak olub. Təxminən 137 min dinc sakin öz evini tərk etmək məcburiyyətində qalıb.

ABŞ-ın mövqeyi

2018-ci ilin dekabr ayında ABŞ prezidenti Donald Trump İŞİD-in məhv edildiyini və Suriyada SDQ-ə yardım edən 2000 amerikalı hərbçinin bölgədən dərhal çıxarılması haqda əmr verdiyini elan edib.

ABŞ-ın beynəlxalq müttəfiqləri və Respublika Partiyasının bəzi yüksək ranqlı üzvləri İŞİD-in məhvi barədə danışmağın hələ tez olduğunu bildirərək Amerikanın müdafiəsindən məhrum olacaq kürd birliklərinin taleyindən narahatlıqlarını ifadə ediblər.

Bir neçə gün sonra Trump öz "Twitter" profilində yazıb ki, Türkiyə hərbçiləri kürdlərə zərbə endirsələr, "Türkiyə iqtisadiyyatını məhv edəcək". "20 millik (32 kim-lik) təhlükəsizlik zonası yaradın" - Amerika prezidenti Ankaraya bunu məsləhət görüb.

ABŞ hərbçilərinin bölgədən çıxarılması təxirə salınsa da, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Trump-ın bu təklifindən yapışaraq türkiyəli hərbçilərin "təhlükəsiz zona" yaratmağa hazır olduğunu bildirib.

Fotonun müəllifi Reuters
Image caption Erdoğan və Trump Suriyanın şimalında təhlükəsiz zonanın yaradılmasında həmfikirdirlər

Bu ilin avqust ayında amerikalı hərbçilər bəyan ediblər ki, Türkiyənin təhlükəsizliyi məsələlərini, o cümlədən, Suriya-Türkiyə sərhədi boyunca "təhlükəsizliyin təmin edilməsi mexanizmini" Türkiyə tərəfiylə razılaşdırıblar. Açıqlamada "təhlükəsiz zona" termininindən istifadə olunmayıb.

Oktyabrın 6-sında Ağ Ev bəyan edib ki, Türkiyə hərbi əməliyyatlara başlamazdan əvvəl ABŞ öz hərbçilərini Suriyanın şimalından çıxaracaq.

"Tezliklə Türkiyə hərbçiləri Suriyanın şimalında çoxdan planlaşdırılmış əməliyyata başlayacaqlar. ABŞ silahlı qüvvələri bu əməliyyata dəstək verməyəcək və onda iştirak etməyəcək. İŞİD-i məhv etmiş Amerika hərbçiləri bundan sonra həmin bölgədə olmayacaqlar" - Ağ Evin açıqlamasında belə deyilib.

Açıqlamada həmçinin qeyd edilib ki, son iki il ərzində ələ keçirilmiş bütün İŞİD döyüşçülərinin məsuliyyəti artıq Türkiyənin üzərində olacaq. Hazırda SDQ-nin nəzarətində İŞİD üzvü olduğu güman edilən 12 min əsir var.

Bu barədə daha geniş