Pentaqon: "Heyf ki, Türkiyə təkbaşına hərəkət etməyi seçdi"

Suriya sərhəddində hazırlıq Suriye sınırında hazırlık Fotonun müəllifi Getty Images

ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidmətinin rəhbəri Jonathan Hoffman Türkiyənin Suriyanın şimalında, Fərat çayının şərqində planlaşdırdığı hərbi əməliyyatların mümkün trayektoriyası üzərində yerləşmiş ABŞ əsgərlərinin təhlükəsizliyini təmin etmək üçün yerlərini dəyişdirdiklərini bildirib.

Hoffman açıqlamasında "Heyf ki, Türkiyə təkbaşına hərəkət etməyi seçdi. Bunun nəticəsində də Suriyanın şimalındakı ABŞ qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin mümkün əməliyyat trayektoriyasından kənarlaşdırdıq. Bu mərhələdə Suriyada olan qüvvələrimizin sayında hansısa dəyişiklik etmədik" deyib.

Hazırda Suriyada təxminən 1000-ə yaxın ABŞ əsgəri var.

Özünü İraq Şam İslam Dövləti (İŞİD) adlandıran silahlı qrupla mübarizə çərçivəsində Suriyada olan bu əsgərlərin önəmli hissəsi Fərat çayının şərqində yerləşdirilib. Həmin bölgə əsasən kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətindədir.

ABŞ prezidenti Donald Trump və Türkiyə prezidenti Recep Tayyip Erdoğanın bazar günü axşam telefon müzakirələrindən sonra Ağ Ev Suriyadakı əsgərlərini ərazidən çıxaracağını bildirmişdi. Amma bu açıqlama ABŞ-da etirazla qarşılanmışdı; hesab olunurdu ki, belə bir addım İŞİD-lə mübarizəyə pis təsir edəcək.

Hoffman açıqlamasında həm də Trump-ın Türkiyənin Suriyaya qarşı mümkün əməliyyatlarıyla bağlı müdafiə naziri Mark Esper və ABŞ Baş Qərargahının rəisi Mark Milleylə "son bir neçə gün ərzində" görüşdüklərini bildirib.

ABŞ mediası Trump-ın ani bir qərarla əsgərlərin ərazidən çəkiləcəyini açıqladığını və Pentaqonun bu qərarla bağlı "tamamilə hazırlıqsız olması" xəbərlərini tirajlayıb.

Vəzifəsindən uzaqlaşdırma ilə bağlı istintaq başladığı bir vaxtda Trump-ın bu qərarın seçicilərin dəstəyini qazanmaq üçün verdiyi vurğulanarkən, ABŞ prezidenti "sonsuz mənasız müharibələrdən geri çəkilmək vaxtının gəldiyini" söyləyib.

"Qısa müddətdə sərhədi keçəcəyik"

Prezident Aparatının sözçüsü Fəxrəddin Altun gecə yarısı paylaşdığı tvitdə "Türkiyə Hərbi Qüvvələrinin qısa müddət ərzində Müstəqil Suriya Ordusu ilə birlikdə Türkiyə-Suriya sərhədini keçəcəyini yazıb.

Altun Washington Post qəzeti üçün yazdığı məqaləsini paylaşdığı tvitində həm də bildirib ki, "YPG döyüşçülərinin iki seçimi var: ya qaçacaqlar, ya da İŞİD-ə qarşı mübarizəmizə mane olmalarının qarşısını almaq məcburiyyətində qalarıq".

Bu barədə daha geniş