“Barış Pınarı” hərəkatı. Suriya Milli Ordusu necə və niyə yaranıb?

Suriye Milli Ordusu Suriya Milli Ordusu Fotonun müəllifi Getty Images

Türkiyənin şimal-şərqi Suriyada - Fəratın şərqindəki Ceylanpınarla üzbəüz Raselayn qəsəbəsindən başladığı "Barış Pınarı" adlı hərbi əməliyyatda Türk Silahlı Qüvvələriylə (TSQ) birlikdə suriyalı müxalifətçilərin yeni yaratdığı Milli Ordu da iştirak edir. Bu ordunun təxminən 3 min döyüşçüsü çərşənbə gecəsi başlayan quru əməliyyatına cümə axşamı günorta saatlarında qoşulub.

Milli Ordu Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən etibarən Azad Suriya Ordusunda birləşən müxtəlif fərqli silahlı dəstələrin birləşməsi nəticəsində oktyabrın 4-də Ağcaqalada qurulub.

Milli Ordunun tərkibi

Milli Qurtuluş Cəbhəsi və Suriya Milli Ordusunun birləşərək Suriya Müvəqqəti Hökumətiylə əlaqələndirilməsi nəticəsində yaranmış Milli Ordu TSQ-nin "Barış Pınarı" əməliyyatında iştirak etmək üçün İdlib, Afrin və Fərat Qalxanı bölgələrindən gəlmiş, Suriya müharibəsi boyunca Türkiyə tərəfindən pul və silah yardımı almış, təlim keçilən silahlı müxalif birliklərdən ibarətdir.

Azad Suriya Ordusuna daxil olan dağınıq silahlı dəstələr Cerablus-Çobanbəy-Əl Bab üçbucağını əhatə edən Fərat Qalxanı və Afrin əməliyyatlarından əvvəl də TSQ ilə birlikdə hərəkət edə biləcək, vahid mərkəzdən idarə olunacaq nizami bir ordu halına gətirilmiş, yeni adlarla birləşdiklərini açıqlamışdılar.

Məqsəd fərqli qruplar arasındakı qarşıdurmaya mane olmaq və daha professional ordunun qurulmasını təmin etmək idi. Beləliklə, onların TSQ-nin əmrində fəailiyyət göstərməsi asanlaşacaqdı.

2017-ci ilin dekabr ayında yaradılan və Afrin əməliyyatında önəmli rol oynayan Suriya Milli Ordusunun və İdlibdəki dəstələrin rəhbərləri oktyabrın 4-də Şanlıurfanın Akcakale qəsəbəsində görüşüblər.

Buradakı silahlı dəstələr "Ceyşül-Vatani" (Milli Ordu) adı altında birləşiblər.

Milli Orduya Suriya müharibəsinin ilk illərindən daha stabil quruluşu olan Azad Suriya Ordusunun komandiri, Ankarayla yaxın əlaqələri olan Səlim İdris rəhbərlik edir.

Fotonun müəllifi AFP

Milli Ordunun nə qədər döyüşçüsü var?

Afrin və Fərat Qalxanı bölgəsindəki əməliyyatlardan sonra "polis qüvvələri" olaraq fəaliyyət göstərən 3 korpus yaranıb. Bu korpuslarda toplam 40 min döyüşçü var.

İdlib bölgəsindəki 4 korpusda isə təxminən 70 min nəfərin olduğu bilinir.

Birləşərək Milli Ordu yaradan dəstələrə Afrin və Fərat Qalxanı bölgəsindəki korpusların hamısı, İdlibdəkilərinsə bəziləri daxildir. Bu, ümumilikdə 110 min döyüşçü deməkdir.

Amma sayla bağlı rəsmi məlumat və ya açıqlama yoxdur. İctimai yayım qurumu TRT Milli Orduda 60 min döyüşçünün olduğunu bildirir.

Ancaq Milli Ordunun komandirlərindən biri BBC Türkcə-yə deyib ki, əməliyyatların miqyası genişlənəndə 4 oktyabrdakı toplantıda iştirak etməyən İdlib dəstələri də döyüşlərə qatılacaqlar.

Fotonun müəllifi AFP

Milli Orduda hansı dəstələr birləşib?

Milli Ordu əsasən suriyalı türkmənlərdən ibarət olan Sultan Murad və Fateh Sultan Mehmet briqadalarından; 2017-ci ilin yazına qədər CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) tərəfindən dəstəklənən, Fərat Qalxanı əməliyyatı zamanı cəbhə xəttində vuruşan Həmzə briqadalarından və Muntasır Billah qrupundan təşkil olunub.

Türkiyə və ABŞ-ın birgə həyata keçirdiyi qısamüddətli təlim-təchizat layihəsi çərçivəsində təlim və silah almış Həmzə briqadalarıyla Muntasır Billah döyüşçüləri həm Fərat Qalxanı və Afrində, həm də Fəratın şərqində ön cərgədə yer alıblar.

Ancaq hər iki qrup artıq nə texniki, nə də rəhbərlik baxımından ABŞ-a bağlı deyil.

Afrin və Fərat Qalxanı bölgəsindən gələn 1-ci korpusun əsas dəstələri arasında Əhrar Şərqiyə, Ceysül Şərqiyə, 1-ci Fırka, Fateh Sultan Mehmet briqadası və Muntasır Billah briqadaları var.

Yenə həmin bölgədən gələn 2-ci korpusda isə Sultan Murad və Həmzə briqadaları var.

Fotonun müəllifi BULENT KILIC
Image caption 14 min müxalif Suriyalı döyüşçü sərhəddən Türkiyəyə girərək Akçakaleyə göndərilib.

Üçüncü korpus birdən çox dəstəylə birlikdə Cəbhətül Samiyyə, Ceysül Nasır və 9-cu diviziyadan ibarətdir.

Suriya hökumətiylə müxaliflər arasındakı razılaşmaya əsasən, Şərqi Qutadan çəkilən və Afrin əməliyyatında iştirak edən radikal ideologiyalı Ceysül İslam dəstəsi Milli Orduya birləşməyib, ancaq əməliyyatın sonrakı mərhələlərinə dəstək verəcəyi gözlənir.

Daha əvvəl qurulmuş Suriya Milli Ordusundakı kürd döyüşçülər də Milli Orduya qoşulublar. Bundan başqa, Fəratın şərqində YPG-nin mövcudluğuna etiraz edərək ordan qaçmış kürdlərin yaratdığı silahlı dəstə - Kürd Şahinləri də artıq bu ordudadır.

Bu dəstədə təxminən 350 döyüşçü var.

"Sülh çeşməsi" əməliyyatında iştirak

Fərat Qalxanı və Afrin bölgəsindəki birinci, ikinci və üçüncü korpusların, demək olar ki, hamısının "Barış Pınarı" əməliyyatında iştirak edəcəyi planlaşdırılır.

Milli Orduya İdlib bölgəsindən qatılmış döyüşçülərin heç biri əməliyyata cəlb edilməyib. Ancaq sonrakı mərhələlərdə onların da prosesə qoşulması üçün hazırlıq işləri görülüb.

Birinci və ikinci korpuslar sərhədi Tel Abdayın qarşısındakı Ağcaqaladan, üçüncü korpus isə Raselaynın qarşısındakı Ceylanpınardan keçmək əmrini gözləyir.

Bu 40 min döyüşçünün ancaq 14 mini sərhəd bölgəsinə göndərilib.

Fotonun müəllifi Getty Images

Çərşənbə gecəsi başlayan quru əməliyyatına cümə günü qoşulan təxminən üç min döyüşçü 14 min nəfərlik üç korpusun bir hissəsidir.

Bəzi komandirlər bölgəni yaxşı tanıdıqları üçün quru əməliyyatının ilk mərhələsində Türkiyə ordusuna qoşulublar.

Əməliyyatın əhatə dairəsinin genişlənəcəyi və müddət uzanacağı təqdirdə Milli Ordu dəstələri döyüşlərdə növbəylə iştirak edəcəklər. Ona görə də sonrakı mərhələlərdə döyüşçü sayının 14 mini keçəcəyi gözlənilir.

Sonrakı əməliyyat planına Dırbəsiyə və Qamışlı da daxil edilib. Qırx min döyüşçünün sahələr üzrə bölüşdürülməsi zamanla yenidən planlaşdırıla bilər.

Ceysül İslam döyüşçüləri bu bölgədə mümkün görünən əməliyyat üçün Afrin və qismən də İdlibdən Mənbiçin qərb sərhədinə çəkiliblər.

Əvvəlki əməliyyatlarda və sonrakı proseslərdə iştirak

Birinci, ikinci və üçüncü korpuslar 2016-cı ilin avqustunda və 2018-ci ilin yanvar ayında Fərat Qalxanı və Afrin əməliyyatlarında ön cərgələrdə vuruşublar.

O dövrdə Qaziantep və Hatayda yerləşən döyüşçülər əməliyyatlardan sonra Cerablusdan başlayan, Azəz, Əl-Bab və Afrindən sərhədə qədər uzanan bölgəyə yerləşiblər və Türkiyə rəsmilərinin "daxili təhlükəsizlik dəstələri" adlandırdığı "polis qüvvələri"nə qoşulublar.

Əməliyyatdan sonrakı dövrdə TSQ ilə birlikdə asayişi bərpa edən dəstələr arasında zaman-zaman kiçik miqyaslı qarşıdurmalar da yaranıb.

İŞİD-ə qarşı Fərat Qalxanı əməliyyatından sonra bölgəyə sızan İŞİD-çilərin yaxalanıb Cerablusdakı həbsxanada saxlanması onların öhdəsində olub.

YPG-yə qarşı Afrin əməliyyatından sonrasa onların evləri qarət etməsi və mülki şəxslərə zərər verməsi barədə iddialar irəli sürülüb, bununla bağlı görüntülər paylaşılıb, Ankara istintaq başladıldığını açıqlayıb.

Prezidentin sözçüsü İbrahim Kalın bəzi döyüşçülərin komandirlərin əmrinə tabe olmadığını və "lazımi tədbirlərin görüləcəyini" deyib.

Suriya Milli Ordusu baş qərargah rəisinin Afrindəki müavini Abdulcabbar Akidi əməliyyatlar nəticəsində ələ keçirilən bölgələrdə arbitraj qüvvəsi yaradaraq təhlükəsizliyi təmin etdiklərini və siyasi razılaşmalar prosesində müxaliflərin etibar edəcəyi nizami bir ordunun bu bölgələrdə daimi olaraq qalmasını istədiklərini deyib.

Bu barədə daha geniş