Ermənistanda nazirlərin maaşlarını gizlicə artırıblar

Премьер-министр Армении Никол Пашинян Fotonun müəllifi Sergei Bobylev\TASS

Ermənistan Baş naziri Nikol Paşinyan iyun ayında öz məxfi sərəncamı ilə Kabinet üzvləri və onların müavinlərinin məvaciblərini xeyli artırıb, bu barədə Hetq.am saytı yazıb.

Hökumətdə bu məlumatı təsdiqləyiblər, müxalifət nümayəndələrini isə qərarın məxfi xarakter daşıması qəzəbləndirib və onun qanuniliyi şübhə doğurub.

Korrupsiya ilə mübarizə dalğasında hakimiyyətə gəlmiş Baş nazir Nikol Paşinyan çərşənbə günü parlament üzvləri ilə sual-cavab saatı zamanı deyib ki, maaşlar 2019-cu il dövlət büdcəsi üzrə dinləmələr əsnasında parlament tərəfindən bəyənilən mükafatlar fondu hesabına artırılıb.

Paşinyan qərarın məxfiliyinə dair ittihamları rədd edib və nazirlərin onsuz da ilin sonunda öz gəlirləri haqqında deklarasiya təqdim etdikləri və internetdə dərc olunduğunu bildirib.

Məxfilik inersiyası

Baş nazir Paşinyanın sözlərinə görə, onun sərəncamının "Məxfi" qrifi ilə verilməsinin səbəbi adi inersiya ola bilər - çünki keçmiş hökumət zamanı maaş və mükafatlarla bağlı bütün qərarlar bu cür qəbul edilirmiş və bu prosedur əvvəlki kimi qalıb.

Zəkalı Ermənistan fraksiyasının rəhbəri və parlamentdə Paşinyanın müxalif müttəfiqi olmuş Edmon Marukyan məmurların maaşlarının artırılmasını dəstəklədiyini, lakin qərarın məxfiliyinə qarşı olduğunu bildirib və onu (qərarı) "biabırçı" adlandırıb.

Millət vəkilinin sözlərinə görə, büdcə vəsaitləri, müdafiə və milli təhlükəsizlik sahələrindən başqa, gizli xərclənməməlidir.

Baş nazirin sərəncamını Firavan Ermənistan fraksiyasının üzvü Gevorq Petrosyan da tənqid edib. Qanuna görə, Baş nazir təkbaşına belə qərar qəbul edə bilməz, dövlət məmurlarının maaşı qanunla müəyyən edilir, və hər hansı dəyişiklik üçün qanun layihəsi parlamentə təqdim edilməlidir.

Paşinyanın qərarı ilə Ermənistanda nazirlərin aylıq maaşı 1,5 milyon dram olub (təxminən 3,1 min dollar), nazir müavinlərinin maaşı 1,06 milyon dram (təxminən 2,2 min dollar).

Korrupsiyaya qarşı mübarizəçi

Paşinyan 2018-ci ildə etirazlar dalğasında hakimiyyətə gəlib. O, ölkədə korrupsiyanı ləğv etmək və demokratik inkişaf yoluna qoymağı vəd edib.

Baş nazir vəzifəsinə seçildikdən cəmisi üç ay sonra Paşinyan Ermənistanda korrupsiya olmadığını bəyan edib və hökumətdə bir nəfər belə korrupsioner qalmadığına zamin olub.

Bununla belə 2019-cu ilin yazında Paşinyanın təyinatı ilə Dövlət Nəzarət Xidmətinin rəhbəri vəzifəsini tutmuş David Sanasaryana qarşı səlahiyyətlərindən sui-istifadə etmək ittihamı irəli sürülüb.

Korrupsiya ittihamı ilə həmçinin bir sıra keçmiş hökumət nümayəndələri, o cümlədən nazir və deputatlarla bağlı hazırda istintaq aparılır.

Sabiq Ermənistan prezidenti Robert Koçaryan da "konstitusiya quruluşunu devirmək" və "böyük məbləğdə rüşvət alma" ittihamları ilə həbs olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş