Stalinin hamamı və ya Sovet kurortunun xarabalıqları üzərində tikilmiş spa

Tsxaltubo Fotonun müəllifi Taylor Weidman

Bir zamanlar çox məşhur olmuş, ancaq 1990-cı illərdə köhnəlib sıradan çıxmış Tsxaltubo sovet kurortu yenidən turistlərin və istirahət edənlərin diqqətini cəlb etməyə başlayıb. Çünki orda sovet rəhbərlərinin kurortda dincəldiyi dövrdən qalan şeylər var.

Gürcüstanın qərbində, Kutaisinin 8 kilometrliyində yerləşən bu kurort şəhərciyi SSRİ dağılana qədər sovet elitasının müalicə alıb istirahət etdiyi ən populyar yerlərdən biri sayılırdı (O vaxtlar "ittifaq əhəmiyyətli kurort" deyirdilər). Bura hətta birbaşa Moskva - Tsxaltubo qatar reysi vardı.

Bu balneoloji kurort bütün SSRİ-də zəif rodonlu mineral suyuyla məşhurudu.

1950-ci illərdə Stalinin əmriylə təmtəraqlı sovet üslubunda tikilmiş sanatoriyalar həmişə adamla dolu olurdu.

Fotonun müəllifi Taylor Weidman

Ancaq postsovet dövrünün ilk illərində bu sanatoriyalara gələnlərin sayı sürətlə azaldı, az sonra onları bağladılar, bir zamanlar möhtəşəm görünüşlü binalar köhnəlib dağıldı. Nadir hallarda bura sovet xarabalıqlaranı baxmağa bir-iki turist gəlirdi.

2010-cu ildən etibarən Tsxaltubo kurort kimi yenidən dirçəlməyə başladı. Gürcüstan turizmi inkişaf etdirmək kursunu seçdi, sərmayəçilər dağılmış sanatoriyaları alıb onları bərpa etdilər, yeni spa binaları tikdilər. İndi turistlər burda keçmiş sovet elitasından pis dincəlmirlər.

"İstirahət hüququ"

SSRİ konstitusiyası zəhmətkeşlərə istirahət hüququ verirdi. Müəssilərdə çalışan qabaqcıl işçiləri və rejimə loyal şəxsləri böyük sovet imperiyası boyu səpələnmiş sanatoriya və istirahət evlərinə göndərirdilər.

Fotonun müəllifi Taylor Weidman

Gözəl təbiətinə, yumşaq subtropik iqliminə və çox effektli hesab olunan rodon vannalarına görə sovet elitası Tsxaltubonu xüsusilə çox sevirdi. Deyilənə görə, burda hətta gürçü çariçası Tamara da (1166-1213) müalicə alıb. Sonra rus çarları, daha sonra Stalin və onun yaxın ətrafı Tsxaltuboya gəliblər.

Stalin üçün hamam

Bu kurort Stalin dövründə şöhrət qazanmağa başlayıb. Tsxaltuboda indi də məşhur olan "6№-li mənbə" adlı bina 1951-ci ildə "xalqlar atası"nın gəlişi üçün rekord sürətlə inşa edilib - tikintidə 4 min fəhlə çalışıb.

Fotonun müəllifi Taylor Weidman

Yerli hakimiyyət nümayəndələri danışırlar ki, Tsxaltuboda səhhəti yaxşılaşan Stalin Moskvaya qayıdandan sonra bütün nazirliklərə əmr edib ki, hamısı orda öz sanatoriyalarını tiksinlər. Beləliklə, 1950-ci illərdə şəhərcikdə 19 sanatoriya tikilib, 1980-ci illərin sonlarına qədər bura Moskvadan "ağzınacan" dolu qatarlar gəlib.

"6№-li mənbə" müştərilərinə bu gün də bərpa-müalicə prosedurları təklif edir - məsələn, palçıq vannaları kimi (şəkildə). Bina tamamilə özəlləşdirilib və bərpa olunub.

Atılmış qorxunc binalar

Fotonun müəllifi Taylor Weidman

SSRİ dağılandan sonra kurort uzun müddət baxımsız vəziyyətdə qalıb. Əvvəllər dövlət tərəfindən maliyyələşdirilən əzəmətli sanatoriyalar bağalanıb, yerli sakinlərin çoxu başqa yerdə iş tapmaq üçün şəhəri tərk edib.

Tsxaltubodakı 19 sanatoriyanın hamısı bu günə qədər gəlib çatıb. Amma bir çoxu atılmış vəziyyətdədir (şəkildəki "İveriya" sanatoriyası kimi). Bəzilərinin yerində yalnız divarları olan qorxunc binalar qalıb. Turistlər bura keçmiş cah-cəlalın qalıqlarına baxmaq və xarabalıqları araşdırmaq üçün gəlirlər.

Abxaziya qaçqınları

Fotonun müəllifi Taylor Weidman

Rusiyanın dəstəklədiyi Abxaziya 1992-ci ilin avqustunda Gürcüstandan ayrıldığını elan edəndən sonra bölgədə hərbi konflikt əmələ gəldi. 13 aylıq vətəndaş müharibəsi 200 000-dən çox etnik gürcünün Abxaziyadakı evlərini tərk etməsiylə nəticələndi. Gürcüstan iqtisadiyyatı onda yarıdağılmış vəziyyətdəydi. Daxildə köçən şəxslərə (DKŞ), daha dəqiq desək, məcburi köçkünlərə sığınacaqlar axtarıldı.

Onların bəziləri özlərinə Tsxaltubo snatoriyalarının qorxunc dərəcədə gözəl otaqlarında yer tapdılar. Şəhərdə bu gün də 920 abxaziyalı ailə yaşamaqdadır (Beynəlxalq birlik Abxaziyanın müstəqilliyini tanımayıb, bu bölgə əvvəlki kimi Gütcüstan ərazisi hesab olunur. - Tərcüməçinin qeydi).

Yeni həyat

Fotonun müəllifi Taylor Weidman

Əsrin dördə birindən də çox vaxt keçəndən sonra vəziyyət yavaş-yavaş düzəldi, Gürcüstan iqtisadiyyatı dirçəlməyə başladı, ölkədə turizmin vacibliyini və potensialını anladılar. 2012-ci ildə Gürcüstan hökuməti Tsxaltubonun müasir kurort şəhərinə çevrilməsi planını açıqladı. Abxaziyalı məcburi köşkünlərin çoxuna yeni binalarda mənzillər verdilər. Hazırda sərmayəçilər atılmış binaları bərpa etməyi planlaşdırırlar.

Tsxaltubo yenidən insanlar üçün cəlbedici hala gəlir. 2015-2018-ci illər ərzində bura turist axını əvvəlki dövrlə müqayisədə iki dəfə artıb.

Bir vaxtlar SSRİ Müdafiə Nazirliyinin nəzdində olmuş məşhur sanatoriya 2010-cu ildə özəlləşdirilib, hazırda o binalarda dördulduzlu "Tsxaltubo Spa Rezort" balneoloji kompleksi yerləşir (şəkildə - restavrasiya edilmiş binalardan biri).

"İnstaqram" şəkilləri üçün ideal yer

Fotonun müəllifi Taylor Weidman

Son illərdə Gürcüstanın digər şəhərlərində yaşayanlar da Tsxaltubodakı imperiya arxitekturasının bütün üstünlüklərini başa düşüblər. Yeni evlənmiş cütlüklər yay fəslində hələ də abxaziyalı köçkünlərin yaşadığı "Medeya" sanatoriyasının mərmər sütunları fonunda şəkil çəkdirməyə gəlirlər. Bəziləri "Tsxaltubo Plaza" kimi müasir sanatoriyalara yerləşib müalicəvi prosedurlar qəbul edir.

"Sovet istirahəti" qoruğu?

Fotonun müəllifi Taylor Weidman

Keçmiş sovet elitasının necə istirahtə etdiyini öyrənmək istəyən turistlər üçün tarixə boylanmaq maraqlıdır. Yerli diyarşünaslıq muzeyləri, hələ bərpa olunmamış sanatoriyaların uçuqları və müasir spalar onların xidmətindədir.

Məsələn, Stalin dövründən qalmış məşhur "6№-li mənbə" ən müxtəlif prosedurlar təklif edir - palçığa bükülməkdən tutmuş Şarko duşuna qədər (yüksək təzyiqli hidromasaj - şəkildə).

"Tsxaltubo Spa Rezort" komleksinin indiki sahibləri turistlərin marağını nəzərə alaraq hökumət və partiya rəhbərlərinin qaldığı otağı keçmişdə olduğu kimi saxlayıblar. Oteldə SSRİ Müdafiə Nazirliyinin sanatoriyasından toplanmış əşyaların nümayiş etdirildiyi lkiçik bir muzey də fəaliyyət göstərir.

---

Fotoların müəllifi - Taylor Weidman

Bu barədə daha geniş