Anna Hakobyan Mehriban Əliyevanı Qarabağa muğam dinləməyə dəvət edib

Anna Hakobyan Fotonun müəllifi Facebook/Anna Hakobyan

Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Hakobyan Azərbaycan Prezidentinin xanımı, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı Dağlıq Qarabağda muğam dinləməyə dəvət edib.

Anna Hakobyanın sözlərinə görə, buna səbəb bir neçə gün bundan əvvəl Mehriban Əliyevanın Telegram şəbəkəsində "Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir!" məzmunlu status "yazması olub".

Fotonun müəllifi Telegram/Mehriban Əliyeva
Image caption Yerli mediada Mehriban Əliyevanın bu sözləri bu ilin avqustun ayının sonunda məcburi köçkünlərlə görüşdə dediyini göstərən videolar mövcuddur.

"Mən bilirəm, o [Mehriban xanım], bunu təxminən hansı mənada yazıb. Və mən indi Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm və o bizim qonağımız ola bilər. Erməni xalqı və artsaxlılar [qarabağlılar] qonağı necə qarşılamaq və hörmət göstərməyi yaxşı bilirlər", - Anna Hakobyan deyib.

"Bu, həqiqətən dəvətdir", - deyə Anna Hakobyan əlavə edib ki, "ermənilərə xas olan qonaqpərvərlik ənənələri üzrə" Mehriban xanımın "Qarabağda sevimli muğamını dinləmək arzusu" yerinə yetər.

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, hakim partiyadan deputat Aydın Mirzəzadə bu dəvəti "diplomatik biabırçılıq" adlandırır.

"Bu dəvətlə Ermənistan işğalçı olduğunu etiraf etmiş olur. Qonşu ölkənin rəhbərinin xanımı Azərbaycanın vitse-prezidentini Azərbaycandan-Azərbaycana dəvət edir", cənab Mirzəzadə qeyd edir.

"Və o, mənim dəvətimi qəbul etsə, mən də dəvət alsam, Bakıya gedə bilərəm. Və bu, BMT Təhlükəsizlik Şurasının 1325 saylı "Qadınlar, sülh və təhlükəsizlik" qətnaməsinin çox real və yüksək səviyyədə həyata keçirilməsinin forması olardı", - Ermənistan Baş nazirinin yoldaşı deyib.

"Lakin əgər Mehriban Əliyeva gəlib Qarabağda muğam dinləmək arzularını müharibə yolu ilə gerçəkləşdirilməsini nəzərdə tutur, inandırıram ki, bu arzu yerinə yetirilməz qalar", - Anna Hakobyan əlavə edib.

O, bu dəvəti dekabrın 4-də Yerevanda "Qadınların sülh təsbit etməkdə rolu: imkanlar və çağırışlar" mövzusunda konfransda səsləndirib və özünün də Bakıya gəlmək istədiyini qeyd edib.

Anna Hakobyan deyib ki, Mehriban Əliyeva öz xalqı adından Qarabağda muğam dinləmək arzusunda olduqlarını izhar edirsə, "bu arzuya çatmağın yeganə yolu var".

"Bu yol, sülh, Qarabağla xoş münasibətlər və qonaq kimi qarşılıqlı səfərlərdir", - o deyib.

Anna Hakobyan deyib ki, azərbaycanlıların Qarabağda çay içib, muğam dinləmək, təbiətdən zövq almaq istədikləri kimi, "Qarabağ xalqı da" Bakıda olmaq və Azərbaycanın başqa yerlərinə baş çəkmək istəyərdi.

Oxford Universitetinin tədqiqatçısı Leyla Əliyeva BBC News Azərbaycancaya deyir ki, Ermənistan bu dəvəti etməklə Dağlıq Qarabağ münaqişəsinə "artıq həll olmuş məsələ kimi baxdığını göstərir".

"Ermənilər heç nədən qorxmadıqlarını göstərirlər. Yəni bu kimin ərazisidir, işğal altındadır, ya yox. Necə ki, əri Qarabağ Ermənistandır demişdi, siyasət ritorikası da buna uyğun aparılır".

Leyla Əliyeva bir neçə səbəbdən - dəvətin yerli cəmiyyətin fikrinə hesablanması və Azərbaycanın özünü beynəlxalq vəziyyətə uyğun aparmasına görə belə bir dəvətin reallaşacağını gözləmədiyini qeyd edir.

Anna Hakobyan deyib ki, onun bu sözləri bu gün bəlkə də inandırıcı səslənmir.

O deyib ki, dünyanın müxtəlif ölkələri və müxtəlif xalqları bundan daha ağır və uzunmüddətli, daha böyük itkilərlə nəticələnən müharibələrin öhdəsindən gəlib və bu gün yanaşı, sərhədsiz, eyni iqtisadi və maliyyə sistemində ən yaxşı dostlar kimi yaşayırlar.

"...Avropa xalqları buna müvəffəq ola biliblərsə, nə üçün biz ola bilməyək? Bunun üçün sadəcə, yox - xüsusilə, Azərbaycan tərəfi siyasi iradə göstərməli və bu müharibə mübtəlasından azad olmalıdır", - Anna Hakobyan deyib.

Anna Hakobyan həmçinin öz Facebook statusunda Mehriban Əliyevanı Qarabağa dəvət etdiyi haqda yazı qoyub, və dəvətinin tam ciddi olduğunu yazıb.

Telegram hesabında nə yazılıb?

Telegram çat proqramında haqqında danışılan hesabın Mehriban Əliyeva barədə "pərəstişkar" hesabı olduğu görünür.

Noyabrın 27-də bu hesabdan Mehriban Əliyevanın fotosu ilə "Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir!" cümləsi post paylaşılıb.

Hərçənd ki, belə posta onun Twitter və İnstagram hesablarında rast gəlinmir.

Yerli mediada Mehriban Əliyevanın bu sözləri bu ilin avqust ayının sonunda məcburi köçkünlərlə görüşdə dediyini göstərən videolar mövcuddur.

Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı hələlik şərh verməyib.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki, Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.

1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərlərini verir.

ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk qrupu həmin vaxtdan etibarən münaqişəni həll etməyə çalışır.

Bu barədə daha geniş