Rusiya: Federal Təhlükəsizlik Xidməti qarşısında atışma olub

"Lubyanka"da atışma Fotonun müəllifi ARTYOM PROTSYUK/TASS

Cümə axşamı günü Rusiya Prezidenti Vladimir Putin Kreml Sarayında təhlükəsizlik orqanlarının peşə bayramına həsr olunmuş konsertə tamaşa edərkən Federal Təhlükəsizlik Xidmətinin "Lubyanka" küçəsindəki binasına hücum olub.

Atışmada xüsusi xidmətin bir əməkdaşı həlak olub, biri mülki şəxs olmaqla, beş nəfər yaralanıb. Əvvəl hücum edənlərin 3 nəfər olduğu açıqlanıb, sonra say birə endirilib. Həmin şəxs xüsusi təyinatlılar tərəfindən öldürülüb. Onun haqqında hələ də rəsmi məlumat yoxdur, ancaq KİV-in yazdığına görə, bu şəxs Moskva yaxınlığındakı Podolsk şəhərinin 39 yaşlı sakini, ixtisasca hüquqşünas olan Yevgeni Manyurovdur. Mətbuat onun əvvəllər bizneslə məşğul olduğunu, sonradan atıcılığa meyl etdiyini bildirir.

Baş tutmamış biznes və atıcılıq həvəsi

"MBX Media"-nın xəbərinə görə, Manyurov Rusiya Ədliyyə Akademiyasını bitirib, bu il o, Ali İqtisad Məktəbində "Reklam kommunikasiyasının sosial analizi" kursunu bitirib.

SPARK-ın informasiya bazasındakı qeydlərindən belə məlum olur ki, 2014-cü ilin dekabr ayında Manyurov məsləhət və məhkəmədə təmsilçilik profilli şirkət açıb, ancaq 2015-ci ilin aprelində şirkət bağlanıb.

Bundan başqa, "MBX Media" aşkar edib ki, Manyurov bu ilin noyabrında DOSAAF-ın Moskva şəhər atıcılıq və idman klubunun təşkil etdiyi yarışda iştirak edib və karabin tapançasından atış üzrə üçüncü yerə çıxıb.

"Böyük atışma": şahidlər "Lubyanka"da baş verənlər haqqında

"Komsomolskaya pravda" qəzetinin əməkdaşları DOSAAF-ın atıcılıq klubunun məşqçilərindən biriylə əlaqə saxlaya biliblər. Klubun atış məşqləri üzrə dizayneri Oleq Soloviç deyib ki, Manyurov cəmi üç ay məşq edib və "atışları pis olub".

Soloviç həmçinin qeyd edib ki, onun insanlarla ünsiyyəti normal olub, amma "məşqlərə uzun, qara və kopüşonlu plaşla" gəlib. Klubdakılar Manyurova üst geyimini çıxarmasını təklif etsələr də, imtina edərək ona belə rahat olduğunu deyib.

"Komsomolskaya pravda"nın yazdığına görə, Manyurovun evində axtarış aparılıb və 7 silah aşkarlanıb. İstintaq qrupunun üzvü qəzetə bildirib ki, bütün silahlar (qaz tapançası, travmatik, hamar lüləli, yivli) yaşayış yeri üzrə rəsmi qeydiyyatda olub.

Manyurovun anası "Baza" teleqram-kanalına deyib ki, oğlu "atıcılıqla üç-dörd il məşğul olub və bu məşğuliyyəti çox sevib".

"Hansısa ərəblərlə danışırdı"

Qadın həmçinin bildirib ki, bir neçə ay əvvəl Manyurov işdən çıxıb, amma hər səhər "müşaiyət üçün" getməyə davam edib. Anasının dediyinə görə, son illər, o, bir neçə mühafizə şirkətində çalışıb, yaxın dostları olmayıb, heç vaxt evə qonaq gətirməyib. Anasının sözlərinə görə, Manyurov ailə də qurmayıb və heç bir qadınla münasibəti olmayıb.

Fotonun müəllifi Reuters
Image caption Atışma "Böyük Lubyanka"dakı 12 nömrəli evin yaxınlığında baş verib.

O, Manyurovun zərərli vərdişlərinin də olmadığını - araq içmədiyini və siqaret çəkmədiyini, amma son vaxtlar "nəsə həyəcanlı" göründüyünü bildirib.

"Komsomolskaya pravda"ya qadın həm də bunları deyib: "Son vaxtlar işləmirdi, telefonda hansısa ərəblərlə danışırdı. Mən heç nə başa düşmürdüm, çünki ingiliscə danışırdı".

Terror versiyası

FTX-nin binası qarşısındakı atışmadan sonra "hüquq-mühahizə orqanı əməkdaşının həyatına qəsd" maddəsiylə cinayət işi açılıb.

İstintaq Komitəsinin rəhbəri Aleksandr Batrıkinin göstərişiylə işin istintaqı qurumun mərkəzi aparatına həvalə edilib.

İstintaq cinayətin motiviylə bağlı hələ ki, heç bir açıqlama verməyib. Ancaq "Kommersant" qəzetinin yazdığına görə, istintaqın əsas versiyası hadisənin terror mahiyyəti daşıması, bilərəkdən prezidentin mətbuat konfrası keçirdiyi gün və təhlükəsizlik işçilərinin peşə bayramı ərəfəsində törədilməsidir.

Qəzet yazıb ki, istintaqa ifadə verən şahidlər Manyurovun İŞİD üzvlərinə xas şüarlar qışqırdığını deyiblər.

Bu barədə daha geniş