Türk Hava Yolları Naxçıvana uçuşları dayandırdı

Türk Hava Yolları Naxçıvana səfərləri dayandırıb Fotonun müəllifi AZERTAG

Türk Hava Yolları (THY) cümə axşamı günü Azərbaycanın Naxçıvan Muxtar Respublikasına aviareysləri müvəqqəti dayandırıb.

Anadolu xəbər agentliyinin yaydığı məlumata görə, Türk Hava Yolları Azərbaycanın iki böyük şəhərləri - Bakı və Gəncəyə uçuşlarını davam etdirir.

Türk Hava Yolları COVID-19 olaraq bilinən koronavirusla mübarizə tədbirləri çərçivəsində 250-dən çox təyyarəni dezinfeksiya etdiyini bəyan edib.

THY İranda koronavirus nəticəsində çox sayda ölüm hadisəsinin baş verməsindən sonra Çinə uçuşlarla yanaşı, İrana uçuşları da martın 10-dək təxirə salıb, qurum bildirib.

Türkiyə bazar günü Naxçıvanla bu ölkə arasındakı Dilucu gömrük-keçid məntəqəsini bağlamışdı, buna səbəb kimi isə "Naxçıvanda koronavirus olma ehtimalı" göstərilmişdi.

Lakin Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın çərşənbə axşamı günü baş tutmuş birgünlük Bakı səfərindən sonra Dilucu gömrük-keçid məntəqəsi "Türkiyə Gömrük və Ticarət Nazirliyinin tapşırığı ilə" gediş-gəlişə açılıb. Bunu BBC News Azərbaycancaya Dilucu gömrük-keçid məntəqəsindən deyiblər.

Çərşənbə axşamı günü Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Bakıya səfəri zamanı Azərbaycanla Türkiyə arasında ticarətə və digər sahələrə dair bəzi güzəştli sazişlər imzalanıb.

Sərhəd-keçid məntəqəsinin bağlanmasından dərhal sonra mütəxəssislər bunun "Naxçıvan əhalisinin, xüsusilə gündəlik ərzaq və gigiyena məhsullarını İran və Türkiyədən alan şəxslərin vəziyyətinə "əsaslı təsir edə biləcəyini" bildirmişdilər.

"Sərhədin bağlanması artıq qiymətlərə təsir edib. Dünən kələmin kilosu 1 manat idi, bu gün 1,50 qəpikdir. Kartof 80 qəpik idi, bugün 1-1,10 AZN-dir. Soğanın da qiyməti qalxıb", Naxçıvan sakini Faiq Əliyev BBC News Azərbaycancaya demişdi.

Naxçıvanın İqtisadiyyat Nazirliyindən "qurumda bu məsələ ilə bağlı rəsmi məlumat olmadığı üçün şərh verə bilməyəcəklərini" bildirmişdilər.

Naxçıvan sakini, Ümid partiyasının sədr müavini Faiq Əliyev BBC News Azərbaycancaya dünəndən [bazar günündən-red.] bəzi ərzaq qiymətlərində artım olduğunu demişdi.

"Sərhəd bağlanan gündən artıq təsirini göstərməyə başlayıb. Böyük marketlərin hamısında alış-veriş edənlərin sayı durmadan artır. Əhali daha çox ərzaq almağa çalışır. Un, vermişel, makaron, şəkər tozu və alırlar. Camaat qiymətlərin qalxacağından qorxub bu məhsulları evinə daşıyır. Artıq qiymətlərin qalxması da müşahidə olundu", cənab Əliyev söyləmişdi.

O vurğulamışdı ki, Naxçıvan əhalisinin əsas ticarət yeri əsasən İran və Türkiyədir: "Bunlar da bağlanıbsa, Naxçıvanın vəziyyəti pisləşəcək".

Faiq Əliyev bildirmişdi ki, "artan qiymətlər hələlik yalnız ərzaq məhsullarında özünü göstərir: Təmizlik məhsullarının qiymətlərində dəyişiklik yoxdur".

Şəxsi istehlak, ticarət və turizm

İqtisadi təhlilçi Toğrul Vəliyev bildirmişdi ki, "sərhəd-keçid məntəqəsinin bağlanması əsasən İrana və Türkiyəyə ticarət məqsədilə səfər edən və şəxsi istehlak üçün ölkəyə müəyyən məhsullar alıb gətirən insanlara təsir edəcək".

"Sərhəd-keçid məntəqəsinin bağlanması əsasən gediş-gəlişin dayandırılmasıdır. Məhsulların gətirilməsi davam edəcək. Sərhəd-keçid məntəqələrinin bağlanması əsasən ölkəyə şəxsi istehlak üçün məhsul gətirən şəxslərə zərər vuracaq və əsasən bəlli ərazilərdəki sərhədyanı əhaliyə təsir göstərəcək", cənab Vəliyev BBC News Azərbaycancaya demişdi.

Təhlilçi həmçinin "sərhəd-keçid məntəqələrinin bağlanmasının dini və səhiyyə turizminə təsir edəcəyini" ehtimalını söyləmişdi.

Naxçıvanın İqtisadiyyat Nazirliyindən "qurumda bu məsələ ilə bağlı rəsmi məlumat olmadığı üçün şərh verə bilməyəcəklərini" bildirmişdilər.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlamaq mümkün olmamışdı.

Dilucu-Sədərək sərhəd-keçid məntəqəsin bağlanması koronavirusla bağlıdır

Bazar ertəsi günü Türkiyə Dilucu sərhəd-keçid məntəqəsindən BBC News Azərbaycancaya bildirilib ki, "Dilucu gömrük-keçid məntəqəsinin bağlanması koronavirusla bağlıdır və məntəqənin gediş-gəlişə nə vaxt açılacağı da bəlli deyil".

"İrandan gələn yolçular var. TIR sürücüləri var. Bu şəxslərin koronavirusa yoluxmadığını kim deyə bilər? Azərbaycanda koronavirusun olmadığına heç kim zəmanət verə bilməz. Məntəqəni dünən (bazar günü-red.) gəliş-gedişə bağlamışıq. Nə vaxt açılacağı da bəlli deyil", - Dilucu sərhəd-keçid məntəqəsindən bildiriblər.

Azərbaycanın Sədərək sərhəd-keçid məntəqəsindən demişdilər ki, Türkiyə gediş-gəlişi birtərəfli qaydada bağlayıb. Azərbaycan tərəfi də gediş-gəlişin nə vaxt bərpa ediləcəyini bilmir.

İranda ölüm və yoluxma halları

İranın Qum şəhərini təmsil edən millət vəkili Əhməd Əmirabadi-Farahani fevralın 24-də ölkə parlamentində deyib ki, şəhərdə Covid-19 infeksiyasına yoluxmuş 50-dən çox adam ölüb.

İranın səhiyyə nazirinin müavini İrac Harirçi bu iddiaları dərhal təkzib edib.

Harirçi İranda virusdan ölənlərin sayının 12 olaraq qaldığını vurğulamışdı.

İranın Səhiyyə və Tibbi Təhsil naziri Saeed Namaki bazar ertəsi günü İranda koronavirus səbəbilə ölənlərin sayının 12-yə yüksəldiyini deyib.

Ən son məlumatlara görə, İran hökuməti koronavirusdan ölənlərin 19, bu virusa yoluxanların isə 139 nəfər olduğunu bildirib. Ancaq əslində virusdan ölən və ona yoluxanların sayının söyləndiyindən daha çox olduğu ehtimal edilir.

Çərşənbə günü Ümumdünya Səhiyyə Təşkilatı Covid-19-a 80 mindən çox yoluxma (871 yeni yoluxma) və 2 mindən çox ölüm hadisəsi olduğunu bildirib.

Bu barədə daha geniş