Paşinyan Konstitusiya Məhkəməsini yeniləşdirir

concourt_armenia

Şəklin mənbəyi, concourt.am

Şəklin alt yazısı,

Qərara görə, Konstitusiya Məhkəməsinin 3 üzvü istefaya göndərilir, Hrayr Tovmasyan sədrlik səlahiyyətindən məhrum edilir

Ermənistan parlamentinin qərarı ilə iyunun 26-dan Ermənistan Konstitusiya Məhkəməsinin sədri və keçmiş hakimiyyət dövründə təyin olunmuş üzv və hakimlərinin səlahiyyətləri ləğv olunur.

İyunun 22-də Ermənistan parlamentinin qəbul etdiyi Konstitusiya dəyişikliyinə görə, 12 ildən artıq Konstitusiya Məhkəməsinin (KM) üzvləri və sədri Hrayr Tovmasyanın səlahiyyətləri ləğv olunur.

Hrayr Tovmasyan da sıravi üzv kimi daxil olmaqla, 6 üzvdən ibarət olan KM iki ay müddətində tələb olunan 9 nəfərədək tamamlanmalıdır. Budan sonra KM üzvləri öz aralarından sədr seçməlidirlər.

Dəyişiklik layihəsinin Konstitusiya Məhkəməsinə aid olduğuna görə, deputatlar sənədi KM-in nəzərdən keçirilməsinə göndərməmək qərarı qəbul ediblər.

Hər iki müxalif fraksiya - Firavan Ermənistan və Zəkalı Ermənistan - səsvermələrdə iştirak etməyib. Əksəriyyət təşkil edən Mənim Addımım iqtidar fraksiyası istədiyi nəticəni təmin edə bilər.

Onlara bir nəfər yeganə müstəqil millət vəkili Arman Babacanyan da birləşib və 89 səs lehinə, heç bir - bitərəf və əleyhinə səslə qərar qəbul olunub.

Öz növbəsində, Ermənistan prezidenti Armen Sarkisyan "öz təşəbbüsü ilə" referendum, Milli Məclisin reqlamenti və Konstitusiya Məhkəməsi haqqında qanunlar toplusunda imzaladığı dəyişikliklərə əsasən, qərarların qüvvəyə minməsi üçün onları prezidentin imzalamasına təqdim etmək də lazım deyil.

KM üzvləri "haqlarının pozulduğunu" deyirlər

Konstitusiya Məhkəməsinin istefaya göndərilən üzvləri qərarı qanuna zidd hesab edir və öz haqlarını müvafiq beynəlxalq strukturlarda müdafiə edəcəklərini deyirlər.

KM artıq keçmiş sədri bu gündən özünü məzuniyyətə göndərib, və bu gün jurnalistlər onu KM binası önündə əbəs yerə bir neçə saat gözləyiblər.

Şəklin mənbəyi, News.am

Şəklin alt yazısı,

Alvina Gülümyan öz haqlarını yerli və beynəlxalq strukturlarda müdafiə edəcəyini bildirib

KM sədrini əvəz edən Alvina Gülümyan jurnalistlərə deyib ki, bu məsələ [KM üzvünün vəzifədən azad edilməsi] qanunla tənzimlənən qaydada nizamlanır: "Heç kəs hələ mənim səlahiyyətlərimin ləğv olunduğunu ərz etməyib. KM fəaliyyətini təşkil edən və tənzimləyən Konstitusiya Məhkəməsi haqqında qanun mövcuddur. Bu qanuna əsasən, biz fəaliyyətimizi davam edirik".

Onun sözlərinə görə, KM üzvünün səlahiyyətlərinə xitam verilən halda "məhkəmə iclasının protokol qərarı" qəbul olunur və, beləliklə, sözügedən şəxsin səlahiyyətləri dayandırılır.

"Odur ki, bəyanatlar işdən azad etmək üçün əsas ola bilməz", - o deyib.

"Zor gücü qalib gəldi"

Ermənistan Helsinki Komitəsi qeyri-hökumət təşkilatının rəhbəri Avetik İşxanyan deyir ki, Ermənistanda "kobud güc hüquqi şüura" qalib gəldi. "Biz dövlətimizi məhv edəcək, dövlət strukturlarını məhv etmək yolu ilə gedirik", - İşxanyan jurnalistlərə deyib.

"Çox təəssüf ki, bu qaba gücə qarşı Ermənistan siyasi qüvvələri yox, hüquqşünaslar, bəzi hakimlər, Konstitusiya Məhkəməsi üzvləri və vəkillər durur".

"Keçmiş rejimdən qalma kadrlar"

Paşinyan hökuməti Konstitusiya Məhkəməsində dəyişiklik və 2015-ci il konstitusiya islahatından əvvəl təyin olunmuş sədri və bəzi üzvlərinin səlahiyyətlərinin ləğv edilməsi üçün aprel ayında referendum keçirməyə hazırlaşırdı. Hətta təbliğat kampaniyası başlanmışdı, və Paşinyan tərəfdarları ilə bir neçə yaşayış məntəqəsində əhali ilə görüşlər keçirdi. Lakin koronavirus pandemiyası səbəbindən kütləvi tədbirlər qadağan olundu, referendum məsələsi aradan çıxdı.

Paşinyan məhkəmə sistemində ciddi islahatlara ehtiyac olduğunu tez-tez dilə gətirir. O, hazırkı məhkəmə strukturları, "xüsusilə, ali məhkəmə orqanlarında əksəriyyəti keçmış rejimlə bağlı kadrlar" təşkil etdiyini qeyd edib.

Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan isə Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyasının son yüksək vəzifəli üzvüdür.

Hrayr Tovmasyan və Konstitusiya Məhkəməsinin 7 üzvünə könüllü olaraq istefa versələr, maaşları ölçüsündə ömürlük təqaüd vəd edilib, lakin onlar vəzifələrini "vaxtından tez" tərk etmək niyyətində olmadıqlarını bildiriblər.

Şəklin mənbəyi, News.am

Şəklin alt yazısı,

Ermənistan Helsinki Komitəsi təşkilatının rəhbəri Avetik İşxanyan deyir ki, "hüquqi dövlət qurucvuluğu yolunda demokratiya, liberalizm və qanun aliliyi ideyalarını rəhbər tutduqlarını bəyan edən Ermənistan siyasi qüvvələri bir neçə vəkil və hakimləri müdafiəsiz qoydular"

Parlamentdə təmsil olunmayan keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyası gözlənilən referendumu "konstitusiyaya zidd, qanunsuz və qeyri-demokratik" adlandırıb.

Hrayr Tovmasyan Serj Sarkisyanın prezident vəzifəsində səlahiyyətləri bitdikdən sonra baş nazir vəzifəsində hakimiyyətdə qalmasını təmin edən 2015-ci il Konstitusiyasının müəlliflərindəndir.

Ötən il oktyabrda parlament səs çoxluğu ilə Tovmasyanın səlahiyyətlərinin ləğv olunması lehinə səs versə də, Konstitusiya Məhkəməsi parlamentin qərarını rədd etmişdi. Parlament isə qanuna görə, KM üzvünü vəzifədən azad etmək səlahiyyətinə malik deyil.

Bundan sonra Paşinyan hökuməti 2020-ci il 20 yanvara kimi könüllü istefa verən KM üzvlərinə hazırda aldıqları maaş ölçüsündə ömürlük təqaüd təyin etmək qərarını qəbul etdi. Lakin KM sədri və hakimləri buna da razı olmadılar.

Hətta Hrayr Tovmasyana qarşı, onun daha əvvəl ədliyyə naziri işləyərkən "yol verdiyi günahları" ilə bağlı cinayət işləri açılmışdı, lakin o, KM sədri vəzifəsini tərk etmək niyyətində olmadığını bəyan edib.

Nikol Paşinyan hesab edir ki, ölkənin məhkəmə sistemində yaranmış böhranın səbəbi hakimlərin, o cümlədən KM hakimlərinin əksəriyyətinin keçmiş hakimiyyət dövründə təyin edilməsi ilə bağlıdır.

"Bu Konstitusiya Məhkəməsi xalqı deyil, Serj Sarkisyanın korrupsiyaya batmış rejimini təmsil edir və ləğv olunmalıdır," - o deyib.

Paşinyanın sözlərinə görə, Tovmasyan Serj Sarkisyan üçün "ömürlük hakimiyyət başında qalmaq üçün konstitusiya yazıb," əvəzində 65 yaşına qədər KM sədri vəzifəsində qalmaq hüququ qazanıb. Paşinyanın tərəfdarları hesab edirlər ki, bu Konstitusiya Məhkəməsi ədalətli qərar qəbul etmək iqtidarında deyil və "devrilmiş keçmiş rejimin sifarişlərinə" xidmət edəcək.

Şəklin mənbəyi, prezident.am

Şəklin alt yazısı,

Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan Serj Sarkisyanın rəhbərlik etdiyi sabiq iqtidar Ermənistan Respublikaçı Partiyasının yüksək vəzifəli üzvlərindən biri olub

Paşinyan bildirib ki, Hrayr Tovmasyanla Serj Sarkisyan arasında sövdələşmə nəticəsində Tovmasyan yeni Konstitusiya qüvvəyə minməmiş seçilib ki, əvvəlki Konstitusiyanın tələbinə əsasən, pensiya yaşına kimi KM sədri vəzifəsində qalsın.

Cəmisi 20 gündən sonra qüvvəyə minən yeni Konstitusiya üzrə KM sədri hər 6 ildən bir seçilməlidir.

"Belə ki, erməni xalqı [məhkəmə sistemində dəyişiklik istəsə] 2035-ci ilədək gözləməlidir. Çünki Tovmasyan öz partiyasının köməyi ilə məhkəməni zəbt edib," - Paşinyan deyib.

İstənilən dəyişiklik üçün Konstitusiya Məhkəməsinə müraciət etmək lazımdır və onun qərarını nə mübahisələndirmək, nə də bu qərardan şikayət etmək mümkündür.

İndi əgər referenduma çıxarılan düzəlişlər bəyənilərsə, Hrayr Tovmasyan və daha 7 Konstitusiya Məhkəməsinin üzvünün səlahiyyətləri ləğv olunacaq. Onlar 2015-ci il konstitusiya islahatından əvvəlki qayda üzrə seçiliblər. Yalnız 2 hakim 2015-ci il Konstitusiyası qüvvəyə mindikdən sonra (9 apreldən sonra) təyin olunub və gözlənilən referendumun nəticələri onlara həvalə olunmur.

Müxalif fraksiyaların münasibəti

Parlamentdə təmsil olunan hər iki müxalif fraksiyalardan heç biri iqtidar fraksiyanın təşəbbüsünü dəstəkləməyib. Nə parlamentdə sayca ikinci olan Firavan Ermənistan Partiyası liderinin adını daşıyan "Qaqik Tsarukyan", nə də "Zəkalı Ermənistan" fraksiyaları referendumda iştirak edəcək və onun "əleyhinə" təbliğatını da aparmayacaq.

Firavan Ermənistan Partiyası Siyasi Şurasının iclasından sonra "Qaqik Tsarukyan" fraksiyasının katibi Naira Zohrabyan bəyan edib ki, "Firavan Ermənistan demokratiyanın önəmli vasitəsi olan referendum kimi tədbirləri həmişə dəstəkləyib, lakin hər necə olsa da, bu kimi siyasi baxımdan zəif bir prosesdə iştirak edə bilmərik".

Şəklin mənbəyi, gov.am

Eyni zamanda partiya öz tərəfdarlarının seçiminə müdaxilə etməyəcək. "Kim istəyirsə, seçki məntəqəsinə gedib əqidəsinə görə öz rəyini israr edə bilər," - xanım Zohrabyan deyib.

Bununla belə, Firavan Ermənistan hesab edir ki, iqtidar bu məsələni [KM sədri və bir neçə üzvlərinin istefası referendumu ilə bağlı] "hüquqi müstəvidən siyasi müstəviyə köçürərək, məsələni "qara ilə ağ" arasında dağıdıcı münaqişəyə çevirib".

"Firavan Ermənistan üçün isə cəmiyyətin müxtəlif seqmentləri arasında ayrıseçkilik salmaq cəhdləri yolverilməzdir," - Naira Zohrabyan vurğulayıb.

Zəkalı Ermənistan Partiyasının parlament fraksiyası referendumu boykot etməyə çağırıb. Partiyanın lideri Edmon Marukyan bəyan edib ki, onun partiyası iqtidarın təşəbbüsü ilə keçirilən referendumu qeyri-qanuni hesab edir.

"Zəkalı Ermənistan Partiyası referendum əleyhinə təbliğat aparmaq niyyətində deyil, çünki bütün bu konstitusiya dəyişikliyi prosesini qeyri-qanuni hesab edir," - Edmon Marukyan deyib.

Marukyanın sözlərinə görə, "iqtidar əks-cəbhənin formalaşmasını arzulayır: onda bütün günahları müxalifətin üstünə tökmək olar... Seçkiqabağı təbliğat hakim qüvvəyə əl verir, biz buna imkan yaratmayacağıq," - Marukyan deyib.

O, siyasi qüvvələri prosesə etinasızlıq göstərməyə və "qapazaltı olmamağa və ölkədə nifrət ab-havasının yaranmasına yardımçı olmamağa" çağırıb.

"Konstitusiyanın dəyişməsinə ehtiyac var, bizə demokratik konstitusiya lazımdır. Lakin hər şey qanun çərçivəsində edilməlidir. İndi isə demokratiya adı altında bizə hüquqi özbaşınalıq sırımaq istəyirlər. Unudurlar ki, demokratiya qanunun aliliyini tələb edir," - Edmon Marukyan bəyan edib.

"Ölkə üçün təhlükəli avantüra"

Sarkisyanın istefasından sonra Milli Məclisdə və dövlət strukturlarında hakim mövqelərindən məhrum olmuş Daşnaksutyun və Ermənistan Respublikaçı Partiyaları Paşinyan hakimiyyətinin referendum təşəbbüsünü "ölkə üçün təhlükəli avantüra" sayır.

"Daşnaksutyun Erməni İnqilabi Federasiyası ölkə vətəndaşlarını iqtidarın növbəti qanunsuzluğuna qatılmamaq, aprelin 5-nə təyin olunmuş referenduma etinasızlıq göstərməyə çağırır," - partiyanın bəyanatında deyilir.

Daşnaksutyun, həmçinin siyasi partiya və vətəndaş cəmiyyətləri "konstitusiya düzəlişlərinin qəbul olunmasına qarşı qüvvələrini səfərbər etməyə" çağırır və bu məqsədinə nail olmaq üçün "zəruri tədbirlərə əl atmaq niyyətində" olduğunu bəyan edir.

Şəklin mənbəyi, lragr.am

Şəklin alt yazısı,

Daşnaksutyun Partiyası siyasi, ictimai qüvvələri və vətəndaş cəmiyyətləri "Paşinyan hökumətinin ali məhkəmə orqanı özünə tabe etmək məqsədi güdən avantürada" iştirak etməməyə çağırır

Serj Sarkisyanın rəhbərlik etdiyi keçmiş hakim Ermənistan Respublikaçı Partiyası da referendumda iştirak etmir, əks-təbliğat üçün qərargah açmır, lakin referendum əleyhinə əks-təbliğat aparır.

Partiya gözlənilən referendumu "konstitusiyaya zidd, qanunsuz və qeyri-demokratik" adlandırıb.

Qurumun bəyanatında deyilir ki, "bu [referendum təşəbbüsü] avantüranın məqsədi Konstitusiya Məhkəməsini hakimiyyətə tabe etmək cəhdindən başqa bir şey deyil, dövlət quruculuğu və demokratiyanın möhkəmləndirilməsinə aidiyyəti yoxdur, nəinki Ermənistan vətəndaşlarının çoxsaylı problemlərini həll etməyəcək, hətta ölkənin dağıdılması istiqamətində növbəti addım olacaq".

Ermənistan Respublikaçı Partiyası əmindir ki, bu proses Ermənistanın beynəlxalq imicinə zərər vurur və rəsmi Yerevanın "milli gündəliyinin irəli sürülməsinə mənfi təsir edər, Qarabağ üzrə danışıqlarda erməni tərəfin mövqeyini zəiflədər".

Partiyanın bəyanatında deyilir ki, onlar Nikol Paşinyan və onun siyasi komandası tərəfindən başlanan "dağıdıcı cəmiyyətin parçalanma prosesinin" iştirakçısı olmaq istəmir və təbliğat kampaniyasına qatılmayacaqlar.

Beynəlxalq təşkilatlardan irad

Konstitusiya Məhkəməsi ilə Ermənistan hökuməti arasında yaranmış gərginlik Avropa Şurası Parlament Assambleyasının da diqqətini cəlb edib.

AŞPA Ermənistanı Avropa Şurasının konstitusiya hüququ üzrə ekspert orqanı olan Venesiya Komissiyasına məsləhət üçün müraciət etməyi tövsiyə edir.

"Biz hesab edirik ki, təcili prosedur vasitəsilə qısa müddətdə alına bilən bu [komissiyanın] rəy, referendum keçirilən təqdirdə, Ermənistan elektoratı da daxil olaraq, bütün maraqlı tərəflər üçün dəyərli olar," - AŞPA müşahidəçilərinin müraciətində deyilir.

Venesiya Komissiyası da hökumətin Konstitusiya Məhkəməsinin sədri və Məhkəməyə qarşı hərəkətlərinə "şək-şübhə ilə yanaşıb". Ötən ilin oktyabrında Venesiya Komissiyasının rəhbəri Gianni Buquicchio hökumətin hakimlərin erkən istefası fonunda maaşları ölçüdə pensiya almaq təklifindən narahat olduğunu bildirmişdi.

"Güman ki, bir neçə hakimin və hətta doqquzdan yeddisinin bir vaxtda istefa verməsi məhkəmənin səmərəli fəaliyyətinə mənfi təsir edə bilər," - Venesiya Komissiyasının bəyanatında deyilir.