Əliyev-Paşinyan debatına Ermənistanda reaksiyalar nədir?

Pashinyan, Əliyev, Münhen Fotonun müəllifi Gov.am

Paşinyan-Əliyev Münhen debatlarına dair Ermənistan mediası və sosial şəbəkələrin ermənidilli seqmentində bu kimi şərhə daha çox rast gəlmək olar: "Paşinyanın dəlilləri inandırıcı deyildi".

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ məsələsini müzakirə ediblər və münaqişənin tarixində ilk dəfə Azərbaycan və Ermənistan liderləri ictimaiyyətin gözü qarşısında debata çıxıblar və bu debat Facebook-da canlı yayılıb.

Ermənistanlı politoloq Aleksandr Manasyan hesab edir ki, Baş nazir Nikol Paşinyan Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə açıq müzakirə üçün ciddi hazırlaşmamışdı.

"Bu, Yerevan mitinqi deyil, belə tədbirlərə ciddi hazırlaşmaq lazımdır", - Yerevanda mətbuat konftansı zamanı politoloq, professor Aleksandr Manasyan deyib.

Onun sözlərinə görə, Ermənistan Baş nazirinin bəyanatları, xüsusilə Böyük Tiqran haqqında tarixi dəlillər və Ermənistanda inqilab haqqında dedikləri çox da inandırıcı deyildi.

Eyni zamanda, Aleksandr Manasyan qeyd edir ki, bu qəbildən dəlillər ABŞ, Rusiya və Avropa İttifaqı kimi "böyük oyunçuların xoşuma gəlmir", çünki bu ölkələrin bir çoxu tarixin o dövründə mövcud olmayıb və belə bəyanatlar onların heysiyyətinə, şərəfinə toxuna bilər.

Və əgər hökumət başçısı olaraq bu istiqaməti seçmisənsə, mənfi reaksiya doğurmamaq üçün dəlilləri "daha səliqəli və ağıllı" təqdim etmək lazımdır.

Fotonun müəllifi A1plus,
Image caption Politoloq Aleksandr Manasyan hesab edir ki, Münhendə Azərbaycan Prezidenti ilə debat zamanı Paşinyanın gətirdiyi dəlillər inandırıcı deyildi

"Ümumiyyətlə, bu qədər tarixi dərinliklərə varmağın mənası yox idi. Bir halda ki, hüquqi aspektlər heç də tarixi aspektlərdən az əhəmiyyət kəsb etmir", - politoloq Manasyan deyib.

Xocalı faciəsi mövzusuna dair, cənab Manasyan qeyd edib ki, bu məsələ ilə bağlı erməni tərəfin öz mövqeyi var və bildirib ki, "məsuliyyət bütövlüklə dinc əhalinin qırğınını törədən Azərbaycan Xalq Cəbhəsinin boynuna düşür".

Paşinyan İlham Əliyevlə müzakirə zamanı 1992-ci ilin fevralında Xocalıda arasında qadınlar və uşaqlar da olan dinc sakinlərə qarşı baş vermiş qırğını Ermənistan silahlı qüvvələrinin yox, azərbaycanlıların törətdiyini iddia edib.

Manasyana görə, hüquqi baxımdan XX əsrdə Qarabağın Azərbaycandan müstəqilliyi üç dəfə - 1918, 1920 və 1991-ci ildə təsdiqini tapıb.

"Qarabağ danışıqlar prosesində iştirak edir, onu oradan sıxışdırıb çıxaran bizik. ATƏT-in Minsk qrupu nümayəndələrinin Qarabağa baş çəkməsi faktiki onların Qarabağı münaqişə tərəfi kimi tanıması deməkdir," - Manasyan deyib.

Ermənistan Prezidentinin müşaviri, "Beynəlxalq insan inkişafı mərkəzi" ictimai təşkilatın rəhbəri Tevan Poğosyan Ermənistan Baş naziri ilə Azərbaycan Prezidenti arasında Münhen debatlarından sonra öz Facebook səhifəsində şərhini "Münhendən nə eşitmək istərdim?" sərlövhəsi altında yazıb.

Fotonun müəllifi facebook
Image caption "Problemin həlli - Ermənistan Respublikası və Qarabağ Respublikasını müdafiə edən erməni əsgəri və onun arxasında dayanan vahid xalqdır", - Ermənistan prezidentinin müşaviri Tevan Poğosyan sosial şəbəkədə şərhində yazıb

"Beynəlxalq birlikdən nə gözləyirsiniz?" - sualın cavabında "Münhendən mən nə eşitmək istəyərdim?" - Poğosyanın qeydində deyilir.

"Biz beynəlxalq birliyi martın 31-də mümkün qədər geniş formatda Artsax Respublikasında (tanınmamış Dağlıq Qarabağ Respublikası- red.) ümumdövlət seçkilərini müşahidə etməyə çağırırıq, 30 illik müstəqillik nəticəsində əldə edilən demokratik nailiyyətləri öz gözləri ilə görsünlər," - deyə Tevan Poğosyan qeyd edib. O əlavə edib ki, Qarabağda seçkilər demokratik keçir, Azərbaycanda isə yox.

"Münhen, İsсhinger, Minsk Qrupu, Cenevrə, Madrid, Kazan, Key West... bizə aid məsələlərin həlli yadelli adlarla şərtləşmir; onlar nə qədər də xoşavaz səslənsə belə...

Məsələlərin həlli - Ermənistan Respublikası və Artsax Respublikasını müdafiə edən əsgərimiz və onun arxasında dayanan vahid xalqdır," - Prezident müşaviri Tevan Poğosyan qeyd edib.

Fotonun müəllifi facebook.com2rd.am
Image caption Robert Koçaryan Qarabağ məsələsi artıq həll olunub və danışıqların məqsədi bunu qanuniləşdirməkdir

"Qarabağ məsələsini xalqımız artıq həll edib," bu başlıq altında Ermənistanın ikinci Prezidenti Robert Koçaryan təcridxanadan Qarabağ münaqişəsi ilə bağlı öz fikrini özünün "2rd.am" saytının Facebook səhifəsində yayılan video görüntü vasitəsilə açıqlayıb.

"Xalqımız Qarabağ məsələsini artıq həll edib və bu gün danışıqlar bir məqsəd güdür: bu gün bu torpaq üzərində malik olduğumuzu qanuniləşdirməliyik", - Koçaryan deyir.

Həmin video görüntüdə Robert Koçaryanın bu fikirlərinə yer verilib: "Bəli, dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, biz də Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin Dağlıq Qarabağ Respublikasının Azərbaycanın ərazi bütövlüyünə aidiyyəti yoxdur, ona görə ki, siz heç vaxt müstəqil Azərbaycanın tərkibində Qarabağa malik olmamısınız və qarabağlılarla bir vaxtda müstəqillik əldə etmisiniz," - deyə o, əlavə edir: "Mən döyüşlərdə iştirak etmişəm və bu gün malik olduğumuz nəticə ilə fəxr edirəm".

Paşinyan Əlievin cavabını "layiqincə verə bilmədi"

"Ermənistan Baş naziri beynəlxalq səviyyədə müzakirə zamanı pərt olmamalıdır," - Münhendə Paşinyan-Əliyev debatlarından məyus olduğunu bildirən Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan Facebook səhifəsində yazıb.

Fotonun müəllifi facebook
Image caption Keçmiş müdafiə nazirinin müavini, keçmiş hakim partiyanın nümayəndəsi Artak Zeynalyan Ermənistan Baş nazirinin Münhen debatında çıxışından məyus olduğuunu bildirir

"Mən heç vaxt Nikol Paşinyandan Artsax məsələsində müsbət irəliləyiş, yaxud həll gözləməmişəm. Münhendə baş verən - o qeyri-mütəşəkkil, yarımistehzalı söhbət, yumşaq desək, bütün mümkün ümidləri darmadağın etdi," - Artak Zakaryan yazıb.

"Əliyev bir daha danışıqlar prosesinin mərhələli həll üzrə baş verdiyini dedi. Yəni, bəzi ərazilərin qaytarılması, deportasiya olmuş qaçqınların məskunlaşdırılması, münasibətlərin normallaşması, sonra isə - Azərbaycan tərkibində şən, qayğısız həyat..." - deyə Zakaryan Paşinyanın Azərbaycan Prezidentinə "layiqincə" cavab verə bilmədiyini qeyd edir.

"Nədir hamıda istehzalı təbəssüm doğuran mikroinqilablar haqqında uzun-uzadı söhbətin, özünü tərifləməyin mənası?"

Keçmiş müdafiə nazirinin müavini Paşinyanın aparıcının "Ermənistan beynəlxalq birlikdən nə gözləyir?" sualına cavabını da mənasız hesab edir.

Paşinyan Münhendə demişdi ki, beynəlxalq birlik gərək münaqişənin hərbi həlli olmadığını ərz etsin.

Zakaryan yazır ki, bu barədə min dəfə deyilib,"biz gözləsək də, gözləməsək də".

"Niyə o [Paşinyan] demir ki, Ermənistan beynəlxalq birlikdən Artsax [Dağlıq Qarabağ] xalqının öz müqəddəratını həll etmək hüququ və bu hüququn həyata keçirilməsi üçün imkan yaradılmasını gözləyir? Bunun müqabilində Əliyev deyir ki, beynəlxalq birlik qoşunlarını çıxarmaq məsələsində Ermənistana təzyiq etməlidir".

"Əliyev bizə [ermənilərə] müqəddərat təyin etmək üçün başqa yer axtarmağı tövsiyə edərək, açıq-aşkar bizim danışıqlarda bütün maraqlarımızı rədd edəndə, Paşinyan yenidən Böyük Tiqran dövrünə qayıdır və hamını güldürür".

Artak Zakaryan hesab edir ki, Paşinyan özünü müharibədə qalib gəlmiş və güclü mövqeyə malik ölkə nümayəndəsi kimi aparmalıdır, onun "açıq beynəlxalq müzakirədə qorxmuş, müdafiə edilən, pərt olmuş pozasını tutmağa ixtiyarı yoxdur".

"Məgər, qapalı görüşlərdə də belə olur?" - deyə Zakaryan Ermənistan baş nazirini ürəkli olmağı tövsiyə edir.

"Bilmirəm, Münhen debatları təhlükəsizlik baxımından dünyaya nə verdi, lakin biz ölkəmizin hərbi-siyasi təhlükəsizliyi nöqteyi-nəzərindən ciddi qənaətlər çıxarmalıyıq", - Ermənistanın sabiq müdafiə nazirinin müavini qeyd edir.

Qeydinin sonunda isə, Artak Zakaryan əlavə edib ki, Azərbaycan uzun müddət hətta ictimai təşkilatların sənədlərində "işğal edilmiş ərazilər" terminini daxil edə bilməyib, "indi isə ən yüksək səviyyədə istifadə edir [termindən], bizim tərəfdən isə cavab yoxdur".

Politoloq Andranik Tevanyan öz Facebook şərhində yazıb ki, "Nikol Paşinyan üçün dövlət başçısı kostyumu çox böyükdür".

Fotonun müəllifi facebook
Image caption Politoloq Andranik Tevanyan hesab edir ki, "beynəlxalq auditoriya qarşısında" Münhen debatları kimi tədbirdə iştirak etmək üçün Paşinyanın bilik və təcrübəsi çatışmır

Onun sözlərinə görə, bunu Münhendə Əliyevlə "Xalqların sülhə hazırlaşdırılması proqramı çərçivəsində şou zamanı Paşinyan öz davranışı ilə sübut etdi". Bu barədə Tevanyan öz Facebook səhifəsində şərhində qeyd edib.

"Bu şounun nə nəticə verəcəyi hələ məlum deyil, lakin müzakirələr "küçədə haqq-hesab çürütmək" mübahisəsinə bənzəyirdi", - Tevanyan yazıb.

Tevanyan Nikol Paşinyanın "öz mikro-inqilabları haqqında velosiped ixtiraçısı coşqunluğu ilə danışarkən", İlham Əliyevin vaxtaşırı istehza ilə gülümsədiyini qeyd edir, "sanki müharibədə məğlub olan tərəf biz olmuşuq", - politoloq deyir.

"Hətta Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Paşinyanın çıxışına gülməyi özünə eyib bilməyib, hansı ki, dövlətimizin başçısısınz və eynən dövlətimizə hörmətsizlik münasibətinin nümayişidir. Günah özü ilə belə davranmağa imkan verən Paşinyanın özündədir", - deyə Tevanyan əlavə edib: "Təsəvvür edirsiniz, qapalı görüşlər zamanı yaranan mənzərəni? Münhendə kimin səhnə arxasında özünü necə apardığı, kimin diktə etdiyi, kimin "batdığı" aydın oldu".

Debatın məzmununu təhlil edən Tevanyan Azərbaycan tərəfinin onillərlə təkrarladığı formullardan istifadə etdiyini bildirir.

"Paşinyan isə, görünür, hazır deyilmiş və "Tənzimlənmə hər üç - Ermənistan, Artsax və Azərbaycan - xalqlarını qane etməlidir" kimi boş formuldan başqa deyəcəyi yox idi", - Andranik Tevanyanın Facebook şərhində deyilir.

Tevanyanın sözlərinə görə, çıxış edənlərin "bayağı tarixi-təbliği ifadələrini bir yana qoysaq", demək olar ki, növbəti dəfə Əliyevin danışıqlar tələbləri səsləndirildi və növbəti dəfə Paşinyanın tələbləri səslənmədi.

Erməni politoloq Baş nazir Paşinyanı "Əliyevin şahin fonunda sülh göyərçini roluna" girərək, Qərbə xoş təsir bağışlamaq cəhdinə görə günahlandırır və Münhen debatlarından nəticə çıxarır ki, Paşinyan beynəlxalq auditoriya qarşısında özünü bilikli və özünə arxayın bir ölkə rəhbəri kimi təqdim edə bilmədi, əks təqdirdə "istər siyasi sözlə, istərsə istehza ilə Əliyevi Yerevan və Stepanakert haqqında qeyri-ciddi bəyanatlarına görə yerinə oturdardı".

"Lakin Paşinyan müvafiq biliyə, çevik reaksiya qabiliyyətinə və həqiqi ruha malik olmadığına görə, biz Böyük Tiqran söhbətinin şahidi olduq", - deyə Tevanyan nəticə çıxarır ki, "beynəlxalq auditoriya qarşısında öz çıxışı ilə Paşinyan bir daha sübut etdi ki, dövlət başçısı kostyumu onun əyninə hələ çox böyükdür".

Bəyənənlər də var

Fotonun müəllifi a1plus.am
Image caption Levon Şirinyan Ermənistan Baş nazirini Münhen debatlarında çıxışını uğurlu sayır

Politologiya elmləri doktoru, professor Levon Şirinyan hesab edir ki, Baş nazir Paşinyan "Münhen beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində təqdim edilən əlverişli imkandan ustalıqla istifadə edib".

"Paşinyan çox sürətlə böyüyür [bilik və təcrübəsini artırmaq baxımından] və beynəlxalq forumlarda son dərəcə mürəkkəb danışıqlar aparmaq üzrə texnikaya yiyələnir", - A1plus.am TV-yə müsahibədə Şirinyan deyib.

Onun sözlərinə görə, Münhen beynəlxalq forumu mövqeyini dünyaya çatdırmaq və eləcə də devrilmək üçün çox yaxşı platformadır.

"Fikrimcə, Əliyev devrildi, birmənalı... İlham Əliyev torpaqların kimə məxsus olduğuna dair tarixdən danışdı... Paşinyan ustalıqla tarixi faktların təhrif edilməsinə xitam verdi: "Roma və Ermənistan olanda siz harada olmusunuz?"

Münhen debatlarında Paşinyanın daha bir uğurlu gedişi kimi Levon Şirinyan Paşinyanın "söhbəti böyük ustalıqla təhlükəsizlik müstəvisinə" köçüməsini qeyd edir: "Təhlükəsizlik və insan haqları... Heç bir ölkə öz təhlükəsizliyi məsələsində güzəşt etməz, o cümlədən, Artsax Respublikası".

Bu barədə daha geniş