İranda "iki nəfərin koronavirusa görə öldüyü bildirilir"

Şəklin mənbəyi, Reuters
İranda ilkin müayinələri zamanı yeni koronavirus xəstəliyi Covid-19 üçün müsbət cavab alınan iki nəfər ölüb, ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qurumun sözçüsü Kianush Jahanpour Twitter-də bu iki nəfərin Qum şəhərindəki xəstəxanada müalicə alarkən "yaşlılıq və immunitet sisteminin çatışmazlığı" səbəbiylə öldüklərini yazıb.
Səhiyyə nazirinin müavini Qasem Janbabaei Gənc Jurnalistlər Klubuna (YJC) hər iki şəxsin İran vətəndaşı olduğunu söyləyib.
Ölən şəxslər İranda elan olunmuş yeganə Covid-19 virusuna yoluxmaqda şübhələnilənlərdir.
İRNA dövlət xəbər agentliyi bu şəxslərin ölümlərindən əvvəl xarici ölkələrə, hətta Qum əyalətinin digər ərazilərinə belə səyahət etmədiklərini bildirib.
Daha sonra agentlik xəstəliyin daha da yayılmasına qarşı tədbir olaraq əyalətdəki məktəb və universitetlərin cümə axşamı günü bağlanacağını söylədi.
BBC News Farsca xidməti ehtimal edir ki, Covid-19-a yoluxma şübhəsi olan 25 nəfər Qum şəhərindəki eyni xəstəxanada karantindədir.
Çərşənbə axşamı günü Ümumdünya Səhiyyə Təşkilatı Covid-19-a 75,197 yoluxma və 2009 ölüm hadisəsi olduğunu bildirdi.
Bunlardan yalnız 918 yoluxma və 3 ölüm hadisəsindən başqa hamısı Çində qeydə alınıb.