Türkiyə ilə Rusiyanın Suriyada toqquşmasını gözləməlimi?

Antareb şəhəri Fotonun müəllifi AFP
Image caption Atareb şəhəri müxaliflərin nəzarətindədir və şiddətli zərbələrə məruz qalır

Rusiya və Türkiyə diplomatları arasında danışıqlara baxmayaraq, Suriyanın şimalında gərginliyin artması müşahidə olunur. Hazırkı vəziyyət nəzarət altından çıxaraq genişmiqyaslı qarşıdurmaya çevrilə bilərmi? BBC müxbiri Olqa İvşina bu suala cavab tapmağa çalışıb.

Türkiyənin yüksək səviyyəli rəsmisinin Bloomberg agentliyinə verdiyi məlumata görə, Ankara ölkənin cənubunda yerləşdiriləcək iki Patriot raket sistemini almaq üçün ABŞ-a müraciət edib. ABŞ-ın Türkiyədəki səfirliyi bu məlumatı hələ şərh etmir.

Suriyanın İdlib əyalətində geniş miqyaslı hücum əməliyyatı üçün Türkiyənin həqiqətən də Patriot komplekslərinə ehtiyacı ola bilər. Bu ərazilərdə aparılan döyüş təcrübəsi göstərir ki, aviasiyanın dəstəyi olmadan hər hansı əməliyyat uğursuzluğa düçar ola bilər.

Türkiyə Bəşər Əsəd əleyhdarlarına dəstək olmaq istəyirsə, İdlibdə aparılacaq quru əməliyyatı vaxtı F-16 qırıcılarını havaya qaldırmalıdır. F-16-lar Suriyanın üzərindəki səmaya qalxarsa, yalnız Əsəd qüvvələri deyil, həm də Rusiya döyüş təyyarələri ilə üz-üzə gələcək.

Demək ki, müharibə olacaq?

Fotonun müəllifi AFP
Image caption Türkiyə İdlib əyalətindəki hərbi qrupunu gücləndirmək üçün oraya əlavə qüvvə göndərib

Bloomberg-in məlumatları təsdiqlənsə belə, Patriotları əldə etmək asan olmayacaq. 2019-cu ildə Ankara Rusiyanın S-400 havadan müdafiə sistemlərini sifariş edib.

Bundan sonra ABŞ Türkiyə ilə hərbi sahədə öz əməkdaşlığını ixtisara salmağa başlayıb.Türkiyə ərazisində bir neçə Patriot kompleksi var, lakin onlar Amerika bazalarında yerləşir.

Erdoğanın ABŞ-dan maksimum istəyə biləcəyi bu ola bilər ki, Patriot sistemləri Suriya ilə həmsərhəd Türkiyənin Hatay bölgəsində yerləşdirilsin. Belə bir halda raket radarları Rusiya təyyarələrini görə bilər, BBC News Türkcenin əməkdaşı belə hesab edir.

Yanvar ayının sonundan bəri Suriya ordusu Rusiya aviasiyasının və İran təmayüllü qrupların dəstəyi ilə İdlib əyalətində həmlələr həyata keçirir. Bu, Türkiyə komandanlığı ilə siyasətçilərini ciddi şəkildə narahat etməkdədir.

İdlib niyə mühümdür?

İdlib əyaləti Əsədə qarşı vuruşan üsyançı və cihadçıların son istehkamı sayılır. Bu bölgədə hərbi uğurların Suriya hakimiyyəti üçün nəhəng siyasi və iqtisadi dividentləri ola bilər.

Qələbə qazanacağı təqdirdə Əsəd ordusu ölkənin bütün nəqliyyat sisteminin əsasını təşkil edən M4 və M5 yollarını tamamilə nəzarət altına alacaq.

Ankara İdlibi bu bölgədə özünün təsir zonası hesab edir. 2016-cı ildən bəri Türkiyə ordusu ilə müttəfiq suriyalı üsyançılardan ibarət qüvvələr Suriyanın şimalında üç əməliyyat keçirib. Lakin onlardan heç biri Əsəd qüvvələrinə qarşı yönəlməmişdir.

Türkiyə tərəfindən dəstəklənən, təlim və təchiz olunan qüvvələr də məhz İdlibdə yerləşir. Erdoğan kürd silahlıları ilə mübarizədə ona kömək edən müttəfiqlərini tərk etsə, bu, onun Türkiyə daxilində reytinqinə xələl gətirə bilər.

Daxili çəkişmə

Fotonun müəllifi AFP
Image caption Hərbi əməliyyat Erdoğanın populyarlığını artıra bilər

Erdoğan İdlibdə geniş miqyaslı əməliyyata daxili siyasi səbəblərə görə başlaya bilər, bir çox ekspert bu fikirlə razılaşır.

Türkiyə iqtisadiyyatı böhran vəziyyətindədir, istehsal azalır və bir sıra sahələrdə göstəricilər aşağı düşməkdədir. 2018-ci illə müqayisədə inflyasiya aşağı olsa da, kifayət qədər yüksək qalır.

Eyni zamanda, Erdoğan ordunun yenidən təchiz edilməsinə və yeni silahların alınmasına çox vəsait yatırıb. Bu xərcləri əsaslandırmaq yaxşı olardı. Bütün bunlar ölkədə narazılığın artmasına zəmin yaradır.

Erdoğanın partiyası İstanbul və Ankaradakı bələdiyyə seçkilərində məğlub oldu. Belə bir vəziyyətdə hərbi əməliyyat xalqı birləşdirmək və hakim partiyanın reytinqini artırmaq üçün əlverişli fürsət ola bilərdi.

Türkiyə prezidentinin sözlərinə görə, İdlib böhranının diplomatik həlli üçün "cəmi bir neçə gün qalıb".

Bununla yanaşı, Ankaranın Moskva ilə bağlı ritorikasında təmkinlik hiss olunur. Cümə axşamı günü Türkiyənin Müdafiə Nazirliyi İdlibdəki vəziyyətlə əlaqədar Rusiyaya qarşı heç bir şikayəti olmadığını bildirib.

"Böyük itkilər olacaq"

İdlibdə təkcə islamçı və müxalif qruplar cəmləşməyib. Orada çox sayda - 3,5 milyonadək - qaçqın da var.

Fotonun müəllifi AFP
Image caption Müharibəyə görə yarım milyona qədər suriyalı uşaq qaçqın həyatını yaşayır

"Bu müharibə zamanı Suriyanın bir tərəfindən digərinə qaçmaq məcburiyyətində qalan ailələr bombardmanların həyatın tərkibinə çevrildiyini başa düşürlər", - BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı Michelle Bachelet deyib.

Müxalifətin əlində olan Atareb kimi şəhərlər intensiv şəkildə bombalanır. Son zamanlarda aviazərbələrə 10 xəstəxana, 19 məktəb və bəzi qaçqın düşərgələri məruz qalıb.

"Xəstəxanalara, tibb müəssisələrinə və məktəblərə edilən hücumların çox olması, bu cür zərbələrin təsadüfi olmadığına dəlalət edə bilər", - Michelle Bachelet deyib.

Erdoğan Rusiya və Əsəd ordusunu mülki hədəflərə zərbə endirməkdə günahlandırır. Rusiya Müdafiə Nazirliyi bu iddiaları rədd edib.

Bundan sonra nə baş verə bilər?

Hadisələrin gedişatını proqnozlaşdırmaq çətindir. Vəziyyətin həll olunmasına dair Moskva ilə Ankaranın diplomatik cəhdləri hələ ki, nəticə verməyib.

"Bu, demək deyil ki, tərəflər münaqişəni güc yolu ilə həll etmək niyyətindədirlər", - Moskvadakı Carnegie Mərkəzinin eksperti Aleksey Xlebnikov deyir. Onun sözlərinə görə, keçmişdə belə məsələlərin həlli Putinlə Erdoğanın bilavasitə danışıqlarında mümkün olub və çox güman ki, bu dəfə də yekun sözü prezidentlər deyəcək.

Türkiyə Xarici İşlər Nazirliyində də eyni vəziyyətə işarə ediblər. Moskva və Ankara İdlibdə atəşkəs barədə razılığa gələ bilər. "Bu, tərəflərə məqbul şərtləri razılaşdırmaq və manevr üçün vaxt və məkan verə bilər", - BBC News Turkcedən İrem Köker bildirib.

Belə atəşkəsin əldə edilməsi üçün ilkin şərtlər mövcuddur. Moskva və Dəməşq üçün İdlibin özü o qədər də vacib deyil, tərəfləri ilk növbədə M4 və M5 yollarına nəzarət maraqlandırır.

Ankara, İdlib şəhəri yaxınlığında və Suriya ilə Türkiyə arasındakı sərhəddə mövqelərini möhkəmləndirmək müqabilində öz nəzarətində olan torpaqların bir hissəsini qarşı tərəfə verə bilər.

Bütün bunlar Suriyada mümkün eskalasiyanı və hərbi toqquşmanı istisna etmir. Hərçənd ki, hazırda belə bir alovlanma ehtimalı yüksək deyil, İrem Köker deyir.

Bu barədə daha geniş