Türkiyə İdlibdə kimləri və nəyə görə müdafiə edir?

Erdoğan

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Çoxları hesab edir ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan üçün ən vacib məsələ nüfuzlu ölkənin güclü lideri kimi görünməkdir

Dəməşq və Moskva İdlibdəki "de-eskalasiya zonasına" hücumu orda terrorist qruplaşmaların olmasıyla izah edirlər. Türkiyənin onlarla əlbir olduğu deyilir.

Ekspertlərin fikrincə, bu əraziyə həqiqətən də radikal islamçılar nəzarət edirlər, ancaq onların taleyi Türkiyəni və bu ölkənin prezidenti Recep Tayyip Erdoğanı narahat edən heç də ən əsas məsələ deyil.

İdlibdə Əsəd ordusu və onun müttəfiqləriylə vuruşanlar kimlərdir və nə üçün Türkiyə ordusu bu qruplaşmaların yanındadır?

2018-ci ilin sentyabr ayında Rusiya, Türkiyə və İran İdlibdə atəşkəsin elan olunması və təhlükəsizlik zonasının yaradılması haqqında razılığa gələndə, nəzərdə tutulurdu ki, Türkiyənin himayəsi altında olan mötədil qüvvələr tədricən cihadçıları məğlub edəcək.

Ancaq hadisələr başqa cür inkişaf etdi.

Həyat Təhrir əş-Şam

Həyat Təhrir əş-Şam (HTŞ) təşkilatı radikal islamçı qrupların koalisiyasıdır, bir çox ölkələrdə terrorçu qurum kimi tanınır. BMT koalisiyanın adını terrorçu təşkilatlar siyahısına daxil edib, o əl-Qaidənin Suriya qanadı hesab olunan Cəbhət ən-Nüsrənin yeni variantı sayılır. (Bu qurumlar da terrorçu hesab edilir və bir çox ölkələrdə qadağan olunub).

HTŞ 2017-ci ildə yaradılıb - bir il əvvəl Əl-Qaidəylə əlaqələrini kəsdiyini bəyan etmiş Cəbhət ən-Nüsrəylə bir neçə kiçik qruplaşmanın ittifaqı olaraq.

HTŞ-nin üzvləri tam müstəqil olduqlarını bildirirlər, ancaq onların rəqiblərinə əsasən, təşkilatın mahiyyəti və ideologiyası dəyişməyib. "Onlar Əl-Qaidənin bayrağı altında vuruşurlar, onun üsullarını tətbiq edirlər", - Bəşər Əsəd tərəfdarı, Suriya parlamentinin deputatı Fariz Şəhabi BBC-yə açıqlamasında belə deyib.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

İdlibdəki qaçqın düşərgələrində yüzminlərlə insan var

Suriyadakı vəziyyətlə bağlı BMT-nin yanvar hesabatında HTŞ-nin 12-15 min arası döyüşçüsü olduğu göstərilir.

Bu, İdlibdə Əsəd ordusuna və ruslara qarşı vuruşan ən güclü qruplaşmadır.

Hələ Soçi razılaşması imzalanmamışdan əvvəl də İdlibdə ən böyük nüfuz sahibi HTŞ idi. Sonrakı dövrdə rəqibləriylə toqquşmalar sayəsində daha da möhkəmlənib və mütəxəssislərin rəyinə görə, hazırda Əsəd qoşunlarının olmadığı bütün İdlib ərazisinə məhz bu qurum nəzarət edir.

"HTŞ həmin ərazidə artıq min nəfərin çalışdığı vətəndaş administrasiyası - "qurtuluş hökumətini də yaradıb", bunu BBC-yə müstəqil analitik Ayman Cavad Əl-Tamimi deyib.

Milli Azadlıq Cəbhəsi

Milli Azadlıq Cəbhəsi (MAC) Türkiyənin dəstəklədiyi, maliyyələşdirdiyi və silahlandırdığı qrupların koalisiyasıdır.

Ötən ilin payızında MAC formal olaraq Suriya Milli Ordusunun (daha əvvəl Azad Suriya Ordusu adlanırdı) - Türkiyə ordusuyla birlikdə Suriya ərazisindəki kürd birləşmələrinə qarşı vuruşan ən böyük hərbi birləşmənin tərkibinə qatılıb.

ABŞ Müdafiə Nazirliyinin hesablamalarına görə, MAC-ın və digər Türkiyə yönümlü qruplaşmaların İdlibdəki döyüşçü sayı 22 mindən 50 minə qədərdir.

Ancaq The Century Foundation təşkilatının analitiki Aron Lund və bir çox başqa ekspertlər MAC-ı Həyat Təhrir əş-Şamdan xeyli zəif hesab edirlər.

Lund BBC-yə açıqlamasında deyib ki, "onlarda birlik, logistika və təşkilatlanma problemi var; üstəlik, çox da yaxşı silahlanmayıblar. Buna baxmayaraq əlavə canlı qüvvə rolunda çıxış edirlər və Türkiyəylə yaxın münasibətləri var. İdlibdə bundan sonra nələr baş verəcəyini isə Türkiyənin mövqeyi müəyyənləşdirəcək".

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Türkiyə Milli Azadlıq Cəbhəsini maliyyələşdirir və silahlandırır. Şəkildə - MAC-ın artilleriyaçısı Əsəd ordusunun İdlibdəki mövqelərinə atəş açır. 2019-cu ilin yazı

Digər qruplaşmalar və əcnəbilər

Bu iki koalisiyadan başqa, İdlibdə müxtəlif kiçik qruplaşmalar da var.

Ekspertlər Hürrəs əd-Din ("Dinin müdafiəçiləri") qruplaşmasının daha fəal olduğunu bildirirlər. İslam təməlçilərinin Həyat Təhrir əş-Şamdan qopmuş bu təşkilatını çoxları Əl-Qaidənin Suriyadakı davamçısı (və ya filialı) hesab edir.

Bir çox ölkələr bu qurumu da terrorçu birləşmə kimi tanıyır.

Analitiklərin müşahidələrinə görə, Hürrəs əd-Din zaman-zaman HTŞ ilə birlikdə hərəkət edirlər. BMT-nin yanvar hesabatında onların sayı 3500-5000 nəfər arası göstərilib.

Bundan başqa, İdlibdə Çinin Sincan bölgəsindən olan, HTŞ-yə müttəfiqlik edən uyğurlar (Türküstan İslam Partiyası bir çox ölkədə terrorçu təşkilat kimi tanıyır), özbək islamçı qruplar və ekspertlərin dediyinə görə, müxtəlif vaxtlarda Suriyaya gəlmiş taciklər, çeçenlər və digər cihadçı əcnəbilər vuruşur.

Əsəd hökuməti İdlibdə 30-40 min əcnəbi döyüşçü olduğunu bildirir. Ancaq Britaniyanın Kraliyyət Müdafiə Araşdırmaları İnstitutunun (RUSİ) əməkdaşı Raffaello Pantucci bu rəqəmi xeyli şişirdilmiş hesab edir:

"Ailələriylə birlikdə bir neçə mindən çox olmazlar".

Türkiyə İdlibdə nəyə görə vuruşur?

İdlibdə silahlı cihadçıların və Əsəd rejimi düşmənlərinin ümumi sayı bir neçə on minə yaxındır. Onların nəzarət etdiyi ərazilərdə yaşayanların sayı isə bundan iki dəfə çoxdur.

Müharibəyə qədər İdlibin 6 min kvadrat kilometrlik inzibati sərhədləri daxilində təxminən 1,5 milyon əhali yaşayıb. Hazırda bura ikinci Qəzza zolağına çevrilib: BMT-nin məlumatına görə, əvvəlkindən təxminən iki dəfə kiçik ərazidə (digər yarısını Əsəd qoşunları geri alıb) 3 milyona yaxın adam, o cümlədən 1 milyon uşaq var.

Əsəd qoşunları və onun müttəfiqlərinin dekabr ayındakı hücumu nəticəsində 1 milyon idlibli Türkiyə sərhədlərinə doğru qaçıb. Təxmini hesablamalara görə, bu ölkə indiyə qədər Suriyadan təxminən 3,7 milyon qaçqın qəbul edib (bütün digər ölkələrə sığınanların cəmindən daha çox). "Türkiyə cəmiyyətində artan narazılıqlar Erdoğanı məcbur etdi ki, daha qaçqınları qəbul edə bilməyəcəklərini desin", - Financial Times qəzetinin analitik məqaləsində belə yazılıb.

Xarici müşahidəçilər hesab edirlər ki, Erdoğan başda olmaqla, Türkiyənin İdlibi müdafiə etməsinin daha bir vacib səbəbi onun güclü və cəsarətli lider kimi görünmək cəhdi; üstəgəl Suriyadakı sünniləri şiə Əsəd rejimindən və onun müttəfiqi İrandan qoruyan sünni Türkiyə obrazı yaratmaq istəyidir.

"Millətçi partiyalar Erdoğana təzyiq edirlər ki, Suriya rejiminə silahla cavab versin", - Glasgo-dakı Kaledoniya Universitetinin politoloqları Umut Korkut və Tarık Başbuğolğlu belə deyirlər.

Bu versiyanı Financial Times qəzeti də təsdiqləyir: "Ultra-millətçilərin lideri, Erdoğanın de-fakto koalisiya ortağı Devlet Bahçeli Moskva və Dəməşqə qarşı sərt mövqe tutması üçün ona təzyiq edir".

Şərhçilərin böyük əksəriyyəti hesab edir ki, İdlibdən və ümumən Suriyadan qaynaqlanan qaçqınlar problemi də, güclü lider imicini qoruyub saxlamaq məcburiyyəti də avtoritarizmə və populizmə meylli Erdoğan üçün əslində daxili siyasət məsələsi, onun şəxsi populyarlıq problemidir.

Ona görə də İdlibdəki situativ müttəfiqlərinin hansı ideologiyaya malik olmaları və adlarının hansı beynəlxalq siyahılarda hallanması Türkiyə prezidenti üçün ikinci dərəcəli məsələdir.