Oğlanabənzər qızlar və yubka geyinmiş nərmənazik kişilər - bu kimə lazımdır?

  • Alina İsaçenko
  • BBC
Ninona

Şəklin mənbəyi, Enric Galceran

Şəklin alt yazısı,

Ninona çox zaman kişi geyimlərini reklam edir. Küçədə onu oğlan hesab edənlər çox olur

Qısa saçlı, enlikürək, ayağında dikdaban ayaqqabı, əynində çəhrayı rəngli plaş, boğazında güllü şərf olan maneken. Onu həm qadına, həm də kişiyə bənzədən yöndəmsiz bədən quruluşu var.

Müasir dəbə yön verən brendlərin vitrinlərində qadın, yoxsa kişi olduğu dərhal anlaşılmayan manekenlər və hansı cins üçün hazırlandığı bilinməyən paltarlar getdikcə daha çox peyda olur.

Dünyanın məşhur podiumlarında da eyni mənzərəni görmək mümkündür: transgender və ya qeyri-binar kimlikləriylə tanınan 36 model Nyu-Yorkda keçirilmiş sonuncu moda həftəsindəki klassik qadın kolleksiyalarının nümayişinə qarışıq obrazlarla qatılıblar.

Qarderobun cinsi mənsubiyyətə görə bölünməsini rədd edib agender dəbini dəstəkləyənlər bu sahə üçün işıqlı gələcək proqnozlaşdırırlar - kişilər yubka və dikdaban ayaqqabı, qadınlarsa tipik kişi paltarları geyinəcəklər. Ancaq tənqidçilər əksini iddia edərək deyirlər ki, agender geyim və onun satıla biləcəyi bazar ümumiyyətlə mövcud deyil.

Zahiri görünüşlə bağlı bu ajiotajın səbəbi nədir, bundan sonra qadın və kişi kolleksiyalarının yerini aseksual geyimlər tutacaqmı?

BBC Rus xidməti ekspertlərin və modellərin məsələyə münasibətini öyrənib.

18 yaşlı Ninona Fortovanın Instagram səhifəsindəki şəkillərə baxanda onun qız, yoxsa oğlan olduğunu anlamaq olmur.

"Biz anamla Praqadan Moskvaya uçurduq. Yanımızda oturmuş qadın dediki, oğlunuzun üzüyü çox gözəldir" - Ninona belə deyir.

Onun üz cizgiləri bəlirsizdir, formasız qalın köynəklər, enli şalvarlar geyinir, ona görə də onu oğlana bənzədənlər çox olur.

Şəklin mənbəyi, MSGM

Şəklin alt yazısı,

Bəzi moda mütəxəssisləri hesab edirlər ki, agender dəbi emansipasiya prosesinin tərkib hissəsidir

"Daha çox Rusiyada belə olur. İnsanlar təəccüblənirlər. Qısa saçlı qız? Şalvar? Düzünü deyim ki, bu məni əyləndirir" - deyə Ninona gülür.

Model karyerasının başlanğıcında aseksual görünüşü ona böyük imkanlar yaradıb: sonuncu bir ildə Ninona jurnallar üçün məhz kişi paltarlarında şəkillər çəkdirib, moda həftələrində həm kişi, həm də agender kolleksiyalarını nümayiş etdirib.

O, aseksual geyimlər hazırlayan dizaynerlər üçün əsl tapıntıdır.

Şəklin mənbəyi, Anna Sechinskaya

Şəklin alt yazısı,

Məşhur brendlərin vitrinlərində manekenlərin hansı cinsə aid olduğunu dərhal anlamaq olmur

Son vaxtlar Qərb podiumlarında kişi kostyumu geymiş qısa saçlı qızları; qabarıq don, dar dəri şalvar və yubka geymiş kişiləri çox tez-tez görmək olur.

"Gucci" və "Prada" kimi lüks brendlər, o cümlədən, "Zara" və "H&M" kimi nisbətən əlçatan markalar aseksual kolleksiyalar yaradır, vitrinlərini aseksual manekenlərlə bəzəyirlər.

Bu trend daha çox uşaq paltarlarında hiss olunur.

2017-ci ildə Britaniyanın ən böyük pərakəndəçilərindən olan "John Lewis" markası "K" və "Q" hərfləri yazılmış etiketlərdən imtina edərək öz ticarət mərkəzlərində kolleksiyaları qarışıq hala gətirib.

İndi bu mağazalarda şöbələrin qızlar və ya oğlanlar üçün olduğunu bildirən lövhələr yoxdur. Bəzi uşaq brendləri "cinsi mənsubiyyət seçiminə məcbur etməyən" agender paltarlar istehsal edir.

Bir neçə Britaniya məktəbi də bu ideyaya uyaraq oğlan və qızların formalarını universal-neytral variantla əvəz edib, amma bu, valideynlərin ciddi narazılığına səbəb olub. Onlar həmin məktəbləri "gender disforiyasını" (bioloji cinsindən narazılıq) yaymaqda ittiham edib.

Şəklin mənbəyi, MSGM

Şəklin alt yazısı,

. Agender paltarlar xüsusilə gənclər arasında populyardır

Bir sorğunun nəticələrinə görə, ABŞ-da "Z nəsli"nin (1995-2012-ci illər aralığında doğulanlar) 60%-i öz genderinə aid olmayan paltarlar alır.

Aseksual geyim ideyasını şou-biznes nümayəndələri də populyarlaşdırırlar. Məsələn, Billi Ayliş və Rianna "çarpaz seks" stilinə üstünlük verirlər.

Ninona deyir ki, artıq istehlak bazarına onun mənsub olduğu nəsil çıxır: "Biz rahat və qeyri-adi paltarlar istəyirik. Brendlər də buna əməl edir".

Şəklin mənbəyi, Kristina Antanyan

Şəklin alt yazısı,

Model Alina Frans hesab edir ki, "Agender dəbi oğlan və ya qız obrazının köləsi olmamağa imkan verən simbiozdur"

Tələbə və model Alina Fransın sözlərinə görə, qarderobunu kişi paltarlarıyla zənginləşdirmək və bu stildə geyinmək onu uşaqlıq komplekslərindən qurtarıb və özünü tapmasına kömək edib: "Mən başa düşdüm ki, tək deyiləm. Böyüyəndən sonra mənim kimi bir xeyli adamla tanış ola bilmişəm".

Alina deyir ki, "Agender dəbi oğlan və ya qız obrazının köləsi olmamağa imkan verən simbiozdur". O, gələcəkdə mağazalarda "kişi" və "qadın" geyimləri çöbələrinin olmayacağına ümid edir.

Rusiyada da bu dəbi dsərəkləyənlər var - yalnız "kreativlər sinfinin" mənsubları və qabaqcıl şəhər gəncləri arasında.

"Yubkada gəzirəm. Hələ ki, döyən olmayıb"

2019-cu ildə Roma Uvarov "Moskva moda həftəsi" podiumuna yarışəffaf, güllü yubkalar və qadın koftaları geyinmiş kişiləri çıxarandan sonra Qərbin və Rusiyanın məşhur moda nəşrləri onun haqqında yazmağa başlayıblar.

ABŞ-ın "Teen Vogue" jurnalı gənc dizayneri belə tərif edib: özünü dəyişikliklərin carçısı kimi görən; cinsi mənsubiyyət çərçivəsindən imtina nəticəsində nələr ola biləcəyini göstərdiyinə inanan yeni ulduz.

Şəklin mənbəyi, Roma Uvarov Design

Şəklin alt yazısı,

Roma Uvarov: "Mən paltar bazarlarını gəzib qadın koftaları və aksessuarlarıaxtarırdım"

Agender brendi yaratmaq arzusu dizaynerin şəxsi təcrübəsindən qaynaqlanıb: "Mən kişilər bölümündə olmayan geyimlər alırdım. Paltar bazarlarını və köhnə mağazaları gəzib rəngarəng qadın koftaları və aksessuarlar axtarırdım. Mənə qəribə nəzərlərlə baxırdılar, ciddi qəbul etmirdilər. Şəhərimiz çox balacadır, axı... Ona görə öz brendimi yaratmaq qərarına gəldim" - Roma Uvarov belə deyir.

23 yaşlı dizayner qeyd edir ki, "qadın" və "kişi" geyimləri arasında fərqi aradan qaldırmaq çox vacibdir. O, gördüyü işi eksperiment hesab edir və hər kəsi olduğu kimi görünməkdən qorxmamağa çağırır.

Özünün Instagram səhifəsində Roma qadın yubkaları və yarışəffaf koftalarla çəkdirdiyi şəkillərini paylaşır.

Rusiya şəhərlərində belə paltarlarda küçəyə çıxan kişi özünü nə qədər rahat hiss edə bilər? "Mən Moskvada yubkayla gəzmişəm, yubkayla leksiya oxumuşam, üzümə yumruq vuran olmayıb" - Roma Uvarov belə deyir.

Şəklin mənbəyi, Photo Courtesy of No Sesso

Şəklin alt yazısı,

Dünya podiumlarında yubka və dar qadın donları geyinən kişilərin sayı artır

Romanın müştəriləri incəsənət adamlarıdır: dizaynerlər, fotoqraflar, rəssamlar. Onun eybəcər paltarlarını Rusiyanın əyalətlərindən də alanlar olur.

Ancaq hətta kreativ dairələrdə də belə cəsur eksperimentlərə hazır olanlar çox deyil. "Mənə söyürdülər, deyirdilər bu nə kolleksiyadır, kişilər üçün yubka nə deməkdir??? Nümayişlərin birində model mənim hazırladığım geyimdən şikayətləndi; səhnənin arxasında gülənlər, pışıldaşanlar oldu" - dizayner Yekaterina Voronova belə deyir.

Öz agender markasını o, bir il əvvəl yaradıb. Aseksual moda Yekaterina üçün ilk növbədə həyat stilidir, mesajdır: "Agender daha çox cəmiyyət haqqındadır - geyim azadlığı ideyasını onun qəbul etməsi haqqında".

Şəklin mənbəyi, Ekaterina Voronina

Şəklin alt yazısı,

Aseksual dəbin zəngin tarixi var, ancaq indi bu istiqamətin populyarlaşması cəmiyyətdəki dəyişikliklərlə bağlıdır

Onun kolleksiyalarının çəkilişlərində oğlanlar qabarıq yubka və donları cəsarətlə və hətta məmnuniyyətlə geyinirlər, ancaq kreativ məkandan kənarda hələ ki, dəyişiklik hiss olunmur.

"Mənim hazırladığım paltarlar həm qadın, həm də kişi qarderobuna aid etmək olar; yəni kim istəsə, geyinə bilər. Kolleksiyalarımda gender fərqi yoxdur, ancaq qızlar əvvəlki kimi don, kişilərsə şalvar və pencək geyinməyə üstünlük verirlər".

Dəb, yoxsa siyasət?

1970-ci illəri - həmin illərdəki dar, uniseks kostyumları, Devid Bouinin və qlem-rokun digər məşhur nümayəndələrinin "qışqıran" aseksual stilini xatırlayanlar və 1990-cı illərdəki tumarlı metroseksual oğlan obrazını unutmayanlar üçün agender dəbi yaxşı unudulmuş köhnə kimi görünə bilər.

Şəklin mənbəyi, Ik Aldama

Şəklin alt yazısı,

Roman Uvarov: "Geyimdə agender vahidi yoxdur. Əlbəttə, əgər söhbət kartof torbasından getmirsə"

Aseksual dəbin həqiqətən də zəngin tarixi kökləri var: XIV Lüdovik dövrünə aid hündürdaban kişi ayaqqabıları və dəbdəbəli pariklərdən tutmuş, şotland kiltlərinə və müharibədən sonrakı şalvarlı qadın kostyumlarına qədər.

Dəb dairəvi trayektoriyada inkişaf etsə də, agender istiqamətinin budəfəki yüksəlişini ekspertlər tarixi yox, siyasi səbəblərlə, cəmiyyətdə baş verən proseslərlə izah edirlər.

Şəklin mənbəyi, Chella Man

Şəklin alt yazısı,

İMG modeli və aktyor Çella Man hesab edir ki, dəbdə çərçivələr olmamalıdır və gələcəkdə "agender" təyinatı sadəcə dəbə çevrilməlidir

"Podium stereotiplərini qıran moda dünyası transgenderlərin və özlərini heç bir ənənəvi cinsə aid etməyənlərin (dəbdə olan trendə görə yox, kimliklərinin identifikasiyası olaraq) təcrübəsinə indiyə qədər heç olmadığı şəkildə həssas yanaşmağa başlayır" - "Vogue"-nin şərhçisi Ren Sanders belə yazır.

Rem özünü genderkvir (kişi və ya qadın cinsinə aid olmayan) adlandırır, hesab edir ki, moda sənayesi "öz identikliyi üzərində eksperiment aparmaq fürsəti yaradan ən faydalı alətdir".

Belə eksperimentçilərdən biri də Los-Ancelesdəki "No Sesso" (iatalyanca - aseksual) markasıdır. Bu markanın yaradıcıları geyimi daha inklüziv hala gətirməyə çalışırlar.

"LGBT icmaları üçün müxtəlif rəngli və ölçülü paltarlar tapmaq çox çətin olur. Ona görə də hər kəsə əlçatan olan brendlər və kolleksiyalar yaratmaq çox vacibdir - "No Sesso"-nun dizayneri Pyer Devis belə deyir.

"Qaradərili qadınlar, trans icmaların nümayəndələri - indiyə qədər onlara heç kimin önəm verməməsinə alışmış adamlar bizə təşəkkür edirlər" - bu isə "No Sesso"-nun direktoru Arenin sözləridir.

Moda sənayesinin bir çox insayderi dünya podiumlarında agender kolleksiyalarının peyda olmasını məşhur brendlərin bir əldə iki qarpız tutmaq cəhdi kimi qiymətləndirir: bir tərəfdən rasizmdə və diskriminasiyada ittiham olunmamaq üçün öz iştirakçılığını nümayiş etdirmək, digər tərəfdən də ənənəvi müştərilərini qoruyub saxlamaq.

Yaxın keçmişdə belə ittihamlardan birini "Victoria Secret" şirkətinin marketinq şöbəsinin rəhbəri səsləndirmişdi. O, məşhur alt paltarı brendinin prezentasiyasında transgender modellərə yer olmadığını demiş, amma buna görə ciddi şəkildə tənqidə məruz qalmışdı. İki ay sonrasa "Victoria Secret" reklam kampaniyasına ilk dəfə transgender model cəlb etmişdi.

Şəklin mənbəyi, Roma Uvarov Design

Şəklin alt yazısı,

Dizayner Roma Uvarov öz brendini eksperimental hesab edir

Transgender icmalar brendlərin əlində marketinq aləti olmaq istəmədiklərini bəyan edirlər. Ancaq "cinsi olmayan" paltarların gələcəyilə bağlı ortaq mövqe yoxdur.

"Agender dəbi dialoq meydanı yaradır, amma gələcəkdə sadəcə modaya çevrilməlidir. Konkretləşdirmək bizim nəyimizə lazımdır? Paltarlara vurulan "K" və ya "Q" etiketləri onları geyinmək haqqı qazanmaq üçündürmü?? Yox!! Bu dəbdir, sənə istədiyin kimi geyinmək imkanı verən eksperimentlər dünyasıdır" - İMG agentliyinin modeli, aktyor və "genderqueer" icmanın üzvü Çella Man belə deyir.

Şəklin mənbəyi, Photo Courtesy of No Sesso

Şəklin alt yazısı,

No Sesso: "Qaradərili qadınlar, trans icmaların nümayəndələri - indiyə qədər onlara heç kimin önəm verməməsinə alışmış adamlar bizə təşəkkür edirlər"

"No Sesso" təmsilçiləri də agender paltarlar üçün satış bazarının genişləndiyini və təxmin olunandan daha tez kütləviləşəcəyini deyirlər, ancaq vəziyyətin köklü surətdə dəyişəcəyinə inanmırlar.

Aseksual aktivist və Instagram ulduzu Alok Vay-Menon daha radikal mövqedədir.

"Biz gender geyimlər istehsalına son verməliyik. Agender kolleksiyalar modanın ölümü yox, renessansıdır" - Vay-Mennon Londonda keçirilmiş "Business of Fashion" sammitində belə deyib.

Üç agender kolleksiyası olan, gündəlik həyatda da çox ekstraqavant geyinən Alok dəb sənayesinin liderlərini, "cinsi seqreqasiyayla" məşğul olan geyim mağazalarını və qadın jurnallarını moda nümayişlərinə fəqrli münasibət bəsləməyə səsləyib.

"Cinsi olmayan" geyim?

Mübahisələr təkcə "Agender geyim nəyə lazımdır" çərçivəsiylə məhdudlaşmır. Belə geyimin hazırlanması prinsip olaraq mümkündürmü - müzakirə edilən suallardan biri də budur.

Şəklin mənbəyi, Ekaterina Voronina

Şəklin alt yazısı,

Bir çoxları hesab edir ki, agender və ya aseksual dəbin əsas vəzifəsi qadın və kişi paltarları arasındakı sərhədi götürməkdir

Hazırladığı geyimləri agender brendi adlandıran Roman Uvarov hesab edir ki, paltarların tamamilə qeyri-binar olması mümkün deyi:

"Buna fiziki parametrlər imkan verməz. Qızların döşləri var və lekallar buna uyğun hazırlanır. Oğlanlarınsa kürəkləri enlidir və deməli, kişi geyimləri qadınların bədəninə uyğun deyil. Ona görə də agender geyim vahidi yoxdur. Əlbəttə, əgər söhbət kartof kisəsinə bənzəyən paltardan getmirsə".

Şəklin mənbəyi, Roma Uvarov Design

Şəklin alt yazısı,

Roma Uvarov hazırladığı paltarları agender brendi adlandırsa da, hesab edir ki, universal geyim vahidi yaratmaq mümkün deyil

Roman həmçinin qeyd edir ki, "Rusiyada agender geyim bazarı yoxdur. Ancaq eksperimenti dəstəkləyən adamlar var. Mənim kolleksiyamdakı köynəyi hansısa qızın əynində görə oğlan onu almağa tərəddüd etmir. Bu məsələdə problem yoxdur".

Berlində yaşayan dizayner Yekaterina Voronina agender geyim dəbinin yaşamaq haqqı olduğunu düşünür, ancaq yeni kolleksiyasında o, tempi bir qədər aşağı salmaq və "radikallığı azaltmaq" qərarına gəlib:

"Mən kişilərə yubka geyindirməyəcəm, paltarların strukturuna fokuslanacam. Qadın və kişi qarderoblarını yeniləməyə, onları qarışdırmağa çalışacam. Məsələn, yubkaya xas elementləri olan şalvarlar hazırlayacam və belə şalvarları daha çox adam geyinə biləcək".

"Yubkalı kişilər kök salmaz"

"Metro Models" agentliyinin rəhbəri və moda eksperti Devid Ratmoko hesab edir ki, agender dəbi emansipasiya prosesinin tərkib hissəsidir və "cinsi olmayan" geyim stili qadınlar arasında getdikcə daha çox populyarlaşacaq.

Şəklin mənbəyi, Kristina Antanyan

Şəklin alt yazısı,

Ekspertlər hesab edirlər ki, agender dəbin populyarlaşmasına və geyimlər arasındakı sərhədin silinməsinə baxmayaraq kişilər həddindən artıq "qadınlaşmağı" qəbul etməyəcəklər

"Aseksual moda əsas etibarilə qadınlar üçün kişi paltarlarından (köynəklər, şalvarlar, böyük ölçülü gödəkçələr və s.), qısa saç kəsimindən və sıfır makiyajdan ibarətdir. Bu, çox cəsarətli obrazdır və hazırda çox populyardır. Oğlanabənzər qız modellərə moda dünyasında çox böyük tələbat var. Ancaq zərif üz cizgiləri və qadın tipli bədən forması olan oğlanlar moda müştərilərinə maraqlı gəlmir. Kişilər üçün hündürdaban ayaqqabı və makiyaj dəbini daha çox ayrıca götürülmüş qrup fenomeni hesab etmək olar. Kişilər kişisayağı geyinməyə daha çox üstünlük verirlər. Ona görə nəinki Rusiyada, hətta Qərbdə də küçələrdə yubka geyinmiş gənclər görmək uzaq perspektivdir" - Devid belə deyir.

Şəklin mənbəyi, Ekaterina Voronina

Şəklin alt yazısı,

Yekaterina Voronina: "Mənim kolleksiyalarımda gender bölgüsü yoxdur, ancaq qızlar yenə də dona, kişilərsə şalvar və pencəyə üstünlük verirlər"

Ancaq moda sənayesindəki insayderlərin çoxu agender dəbinin gələcək uğuruna inanırlar. Hərçənd bu gün aseksual geyim dəbiylə bağlı bir sıra çətin suallar mövcuddur.

Agender modası "kreativ əyləncələr" və LGBT cəmiyyətlər çərçivəsindən kənara çıxıb istehlak bazarındakı rəqabətə dözə biləcəkmi? "Cinsi olmayan" dəb fərqli fiziki parametrləri "vahid" inklüziv kolleksiyada hansı şəkildə nəzərə almağı pıanlaşdırır? Və ən başlıcası, 30 il bundan əvvəl olduğu kimi, bu trend moda tarixinin arxivinə getməyəcək ki?

Dəb bazarının şıltaqlığını və yelbeyinliyini nəzərə alsaq, yaxın gələcəkdə dünyanın moda paytaxtlarındakı məşhur markaların vitrinlərinə baxaraq artıq bununla bağlı proqnoz vermək mümkün olacaq.