İstanbul hava limanında nə baş verir? - Azərbaycanlı tələbələr danışır

İstanbul Hava limanı Fotonun müəllifi NurPhoto/Getty Images

Türkiyədə yataqxanalardan çıxmaq məcburiyyətində qalmış azərbaycanlı tələbələr və ölkəyə geri dönmək istəyənlər vətəndaşlar iki gündür ki, İstanbul Hava Limanında Bakıya uçuşu gözlədiklərini deyirlər.

Onlardan bəziləri hava limanına hər gün gedib-gəldiklərini, saatlarla gözlədiklərini, Azərbaycanın İstanbuldakı Konsulluğu və Azərbaycan Hava Yollarından (AZAL) çarter reysləri barədə dəqiq məlumat ala bilmədiklərindən şikayətlənirlər.

AZAL bildirib ki, çarter reysləri hökumətin sifarişi ilə həyata keçirilir. BBC News Azərbaycanca Azərbaycanın İstanbuldakı Konsulluğu, Xarici İşlər Nazirliyi ilə əlaqə saxlaya bilməyib.

Nazirlər Kabineti bu məsələ ilə bağlı məlumat veriləcəyini bildirib.

Aviaşirkət indiyədək Türkiyədən 1442 nəfər Azərbaycan vətəndaşını ölkəyə gətirdiyini açıqlayıb.

Koronavirusla əlaqədar Azərbaycan və Türkiyə arasında gediş-gəliş martın 15-də saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb.

Yerdə, baqajları üzərində oturan və yatan adamlar - BBC News Azərbaycancaya danışanlar özlərinin və digər vətəndaşların hava limanında üzləşdiyi vəziyyəti belə təsvir edirlər.

Uçuşlar barədə məlumat ala bilməyən tələbələr cümə axşamı günü polisin sakitləşdirdiyi etiraz yürüşünə də əl atıblar.

"Etiraz aksiyası etdik ki, bəlkə diqqət çəlb edək. "Biz yük deyilik, vətəndaşıq" deyirdik", tələbələrdən biri Səda Abbaslı danışır.

Tələbənin sözlərinə görə, oxuduqları şəhərlərə qayıda da bilmirlər, çünki qalacaq yerləri yoxdur. "Həm də yemək rejimləri pozulub, çox pis vəziyyətdədirlər".

O, Manisa, İzmir, Antalya, Ankara, Bursa və İstanbuldan gələn onlarla tələbə və Azərbaycan vətəndaşına Bakıya çarter reysləri barədə məlumat verilmədiyini qeyd edir:

"Uçuşların olacağı deyilsə də, iki gündür ki, heç bir uçuş həyata keçirilmir və məlumat verilmir".

Çarter reyslərinə görə pul iddiası

O əlavə edir ki, çarter reysləri hökumətin yardımı xarakterli olsa da, onlara uçuşların pullu ola biləcəyi də bildirilib.

"AZAL işçiləri ilə əlaqə saxlaya bilmədik, Azərbaycana bilet satışı məntəqəsində olan işçi yox idi".

BBC News Azərbaycanca AZAL-dan biletlərin pullu olması iddiaları ilə bağlı hələlik şərh ala bilməyib. AZAL-ın sözçüsü Paşa Kəsəmənski məsələnin araşdırılacağını bildirib.

Səda Abbaslı İstanbuldakı konsulluq nümayəndəsini son dəfə iki gün əvvəl, otelə yerləşdirilən zaman gördüyünü qeyd edir.

"Bursada azərbaycanlı və digərlərinin qaldığı yataqxana virus səbəbilə boşaldıldı, mən də dostlarımla İstanbula gəldim. Burada da gedəcək yerimiz yox idi deyə, bizi otelə yerləşdirdilər. Amma daha sonra başqa məlumat almadıq".

Onun sözlərinə görə, otelə yerləşdirilmək üçün müvafiq olaraq, əvvəldən bileti olanlar, sağlamlıq vəziyyəti yaxşı olmayanlar, qadınlar və kişilər arasından 65 nəfər seçilib. Səhər yeməyini təmin olduğu otelin ödənişini Azərbaycanın İstanbuldakı Konsulluğu təmin edir, Səda Abbaslı bildirir.

Səda daha bir gün, 21 mart saat 12-dək oteldə qala biləcəyini qeyd edir.

"Dəqiq məlumat versələr, işimizi bilərik"

Səda kimi geri qayıtmaq istəyən digər tələbə, Ümid Mikayılov da iki gündür ki, İstanbul hava limanı yollarında qaldığını deyir.

"Reys olacağını dedilər, amma ertələdilər, sonra yenə ertələdilər. İndi də 22 martadək ertələyiblər".

Ümid Mikayılov hava limanında 4-5 gün gözləyən adamların olduğunu da qeyd edir.

Fotonun müəllifi Səda Abbaslı
Image caption Cümə axşamı İstanbul Hava limanında gözləyən tələbələr

Yataqxanadan çıxmış tələbə hazırda tanışının evində yaşayır. O, otelə yerləşdirilənlərin sayının hava limanında qalanların sayından az olduğunu iddia edir.

"Dəqiq demirlər ki, [çarter reysinə biletlər-red.] pulludur və ya pulsuzdur. Şikayət edən kimi deyirlər ki, gözləyin. Hava limanına taksi ilə gedib- gəlirik, bu da maliyədir. Dəqiq məlumat versələr ki, dəqiq saatda filan reys var, biz də işimizi bilərik.

Ailəsindən maliyyə yardımı alan Ümid Mikayılov onlara hava limanında bəzən yemək və su verildiyini qeyd edir.

Qurumlar nə deyirlər?

Azərbaycan Hava Yolları şirkəti çarter reyslərinin hökumətin sifarişi ilə həyata keçirildiyini açıqlayıb. Lakin biletlərə görə ödəniş istənilməsi ilə bağlı AZAL-dan şərh almaq mümkün olmayıb.

AZAL-ın bu həftə yaydığı məlumatda deyilib ki, vətəndaşların ölkəyə geri qaytarılma tarixi Nazirlər Kabineti yanındakı Operativ Qərargahın hazırlıq işləri ilə uyğunlaşdırılaraq həyata keçirilir.

Qurum çarter reyslərinin qrafikinin xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin hazırlığı, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğunlaşdırılmalı olduğunu bildirib.

Türkiyəyə çarter reyslərinin təşkili ilə bağlı Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov bildirib ki, məsələ ilə bağlı məlumat veriləcək.

Xarici İşlər Nazirliyi, eləcə də Azərbaycanın İstanbuldakı Konsulluğundan bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

XİN, bundan əvvəl BBC News Azərbaycancaya Azərbaycan hökumətinin ölkəyə qayıtmaq üçün müraciət edən vətəndaşların çarter reysləri vasitəsilə pulsuz təxliyə ediləcəyini bildirib.

Nazirlər Kabineti operativ qərargahdan bundan əvvəl açıqlayıb ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən vətəndaşlar arasında Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olanlara, Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edənlərə, Azərbaycan Hava Yolları ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olanlara, yaşlılara, azyaşlı uşağı olan və ya xəstəlik durumu olanlara üstünlük veriləcək.

Azərbaycana qayıtmaq istəyən vətəndaşlar Azərbaycanın Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçməlidirlər.

Bu barədə daha geniş