İranda koronavirus: qaydalara riayət səviyyəsi "20 faizə düşüb"

Ruhani

Şəklin mənbəyi, Getty Images

Koronavirusa qarşı mübarizə komitəsinin iclasında çıxış edən İran prezidenti sağlamlıq qaydalarına riayət səviyyəsinin 20 faizədək azaldığını deyib.

"İclasda təqdim olunan hesabata görə, keçən ay sağlamlıq protokollarına riayət etməkdə daha çox əməkdaşlıq və əlverişli şərait gördük, amma iyun ayından bəri qaydalara əməl etmə səviyyəsi 80 faizdən 20 faizə endirildi, bu narahatlıq doğura bilər", - Həsən Ruhaninin sözləri İran prezidentin rəsmi portalında iqtibas olunur.

İran lideri deyib ki, koronavirusla bağlı vəziyyət yenidən pisləşərsə, yoluxmanın qarşısını alacaq məhdudiyyətlər yenidən tətbiq oluna bilər.

Bu gündən etibarən İranda tutumunun yalnız yarısının dolması şərti ilə kitabxana, qəbul salonları və kafelər yenidən açıla bilər.

Bundan əvvəl uşaq bağçalarının fəaliyyətinə də icazə verilib, lakin onların açılması icbari deyil.

Şəklin mənbəyi, EPA

İyunun 13-də İranda 2410 yeni koronavirus hadisəsi qeydə alınıb və bununla da yoluxanların ümumi sayı 184955-ə çatıb.

Son 24 saat ərzində 71 nəfər ölüb. Ölənlərin ümumi sayı 8730 nəfərdir, Səhiyyə Nazirliyinin sözçüsü deyib. Sima Səadət Lariyə əsasən, koronavirusdan sağalanların sayı 146748-ə çatıb.

İran aprel ayının ortalarından koronavirus infeksiyasının yayılmasına qarşı tətbiq edilən məhdudiyyətləri tədricən yumşaltmağa başlayıb. Lakin son həftələr ərzində yeni hadisələrdə artımın yarandığı bildirilir. Rəsmi məlumata əsasən, ən kritik vəziyyət Xorasan, Buşəhr və Xuzistan əyalətlərində müşahidə olunur.