Mixail Saakaşvili Gürcüstanın Baş naziri olmaq istəyir. Buna nə mane ola bilər?

  • Qriqor Atanesyan
  • BBC
Saakashvili

Şəklin mənbəyi, Getty Images

Gürcüstanın "Güc birlikdədir" müxalif koalisiyası bəyan edib ki, 31 oktyabr parlament seçkilərində qalib gəlsə, baş nazir vəzifəsini sabiq ölkə prezidenti Mixail Saakaşvili tutacaq. Lakin müxalifət daxilində belə onun namizədliyinin irəli sürülməsinə qarşı olanlar var, qiyabi həbsə məhkum edilmiş eks-prezident isə ölkəyə qayıda bilmir.

Saakaşvili Kiyevdə yaşayır, Ukrayna Milli İslahatlar Şurasına başçılıq edir və onun Gürcüstan vətəndaşlığı yoxdur (Gürcüstan hakimiyyəti 2015-ci ilin sonunda, Ukrayna vətəndaşlığı olmasına görə, onun Gürcüstan pasportunu əlindən alıb). Lakin o əmindir ki, bunda heç bir ziddiyyət yoxdur və Ukrayna ilə Gürcüstan arasında seçim etmək istəmir.

Ekspertlər şübhələnirlər ki, Saakaşvilinin namizədliyinin irəli sürülməsi müxalifətə kömək edər - o, gürcü cəmiyyətini parçalayan bir şəxs olaraq qalır, hakim "Gürcü arzusu"nun reytinqi isə ölkədə koronovirus pandemiyası ilə uğurlu mübarizə sayəsində daha da artıb.

Avqustda keçirilən sosioloji sorğu göstərir ki, gürcülərin 33 faizi iqtidar partiyasını dəstəkləməyə hazırdır, ("Güc birlikdədir" koalisiyasını yaradan) Saakaşvilinin "Vahid milli hərəkatı" isə - 16 faizin dəstəyini ala bilər.

Ukrayna və/ya Gürcüstan

Sabiq prezident Mixail Saakaşvili Gürcüstanı 2013-cü ildə tərk edib. Lakin faktiki olaraq o, hakim "Gürcü arzusu"na qarşı duran ən əsas müxalif qüvvə olmuş, öz "Vahid milli hərəkat" partiyası üzərində nəzarəti saxlayıb.

Saakaşvili Kiyevdə yeni vəzifə aldıqdan sonra da sosial şəbəkələrdə yeni Gürcüstan hakimiyyətini tənqid etməyə davam edib. May ayında Ukrayna prezidenti Volodimir Zelenski onu Milli İslahatlar Şurası İcraiyyə Komitəsinin rəhbəri təyin etmişdir.

"İş orasındadır ki, indi parlament seçkiləri Ukraynada keçirilmir, Gürcüstanda keçirilir. Təbii ki, mən öz gürcü xalqımın böhrandan çıxmasına kömək etmək istəyirəm," - Saakaşvili Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsini belə izah edib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Vətəndə Saakaşvilini həbs təhlükəsi gözləyir

Saakaşvilinin partiyası əmindir ki, liderlərinin beynəlxalq əlaqələri onun xeyrinə işləyən amil ola bilər. Vahid Milli Birliyin rəhbəri Qriqol Vaşadze deyir ki, sabiq Gürcüstan prezidentinin xaricdəki nüfuzu və təcrübəsi Gürcüstan dövlətinə fayda verər.

"Mən iki ölkə arasında seçmirəm, mənim mübarizəm orada da, orada da davam edir," - Saakaşvili əmin edib.

Lakin xarici ölkə vətəndaşı olaraq, o seçkiqabağı təbliğatda belə iştirak edə bilmir. Daha bir maneə odur ki, Gürcüstan ərazisində o, xidməti vəzifəsindən sui-istifadə etmək haqqında iki cinayət işi üzrə məhkum olunub və bir neçə başqa işlər üzrə də adı hallandırılır. Gürcüstan hökuməti deyir ki, qayıdan kimi onu həbsxana gözləyir.

Saakaşvili və onun tərəfdarları bu cinayət işlərinin siyasi motivli olduğunu deyirlər.

Gürcüstan konstitusiyası parlament seçkilərində qalib gələn qüvvəyə baş nazir vəzifəsinə namizəd irəli sürmək və təsdiqləmək imkanı verir.

Şəxsiyyətlər haqqında mübahisə

Ekspertlər qeyd edir ki, Saakaşvilinin namizədliyinin irəli sürülməsi istər-istəməz seçki kampaniyasını keçmiş prezidentlə "Gürcü arzusu"nun sədri, milyardçı Bidzina İvanişvili arasında seçimə döndərir. Hakimiyyət Saakaşvilini və tərəfdarlarını onun hakimiyyətdə olduğu zaman qəddarlıq, işgəncə və korrupsiyada günahlandırırsa, müxalifət İvanişvilini Rusiyanın marioneti adlandırır və seçici səslərini rüşvətlə almaqda ittiham edir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Saakaşvilinin 2012-ci il seçkilərində məğlubiyyətindən sonra Gürcüstanda İvanişvilinin "Gürcü arzusu" hakim mövqe tutur

"Kim ki (o cümlədən, mən də) ümid edib ki, Gürcüstanda seçkilər 2020-ci ildə, 2012 və 2016-ci illərdə olduğu kimi, Mişa ilə Bidzina arasında şəxsiyyətlər toqquşmasına çevrilməyəcək, məyus olacaqlar," - Carnegie Fondunun elmi işçisi Tom de Waal Twitter-də yazıb.

O əlavə edib ki, əslində hakim "Gürcü arzusu" son seçkilərdə ona görə qalib gəlib ki, bu seçkilər Saakaşvilinin hakimiyyətə qayıtması haqqında referenduma çevrilmişdi.

Lakin müxalifətdə eks-prezidentin qayıdışını hamı dəstəkləmir. Onun keçmiş silahdaşları öz "Avropa Gürcüstanı" partiyasını təsis edib və onun namizədliyini dəstəkləməyə hazır deyillər. Bu partiyanın liderləri bəyan ediblər ki, Saakaşvili ilə İvanişvili arasında seçimi saxta hesab edirlər.

"Əlbəttə, Gürcüstanda siyasi təqibə məruz qalan adam olmamalıdır və siyasi proseslərdə hamı iştirak etməlidir. Lakin bir çevrədə hərəkət etmək - hansı o deməkdir ki, Gürcüstanı bir adam idarə edəcək (ya Saakaşvili, ya İvanişvili), - lazım deyil," - "Exo Kavkaza" nəşri partiyanın nümayəndəsi Sergi Kapanadzeni iqtibas edir.

Müxalif siyasətçi və "Xalq üçün hərəkat"ın lideri Anna Dolidze isə hətta baş nazir vəzifəsinə alternativ namizəd kimi Batumidən Kupata adlı həyət itini təklif edib.

Təhlil

Nina Ahmeteli, Tbilisidə BBC Rus xidmətinin müxbiri

"Mən qayıdıram!", - avqustun 27-də Gürcüstan bayrağı qarşısında duraraq öz video müraciətində, 2013-cü ildə ikinci prezidentlik müddəti başa çatdıqdan sonra, Gürcüstanı tərk etmiş eks-prezident Mixail Saakaşvili bəyan edib. O vaxtdan onun qayıdışı mövzusu Gürcüstan KİV-lərində baş mövzulardan biri kimi qalmaqdadır.

Sabiq prezidentin Gürcüstanda yaşamadığına baxmayaraq, onun, xüsusilə seçki ərəfəsində, bəyanatları daxili siyasi səhnədə gərgin mübahisələr doğurur.

Onun bu gün də Gürcüstanda tərəfdarı az deyil. Onlar Kiyevdən qayıdış planları haqqında söyləməyi vəd etdiyini, növbəti bəyanatını səbirsizliklə gözləyirlər. Lakin Saakaşvili iğtişaşlar və qarşıdurma doğurmayaraq qayıtmağı vəd edib, qayıdışının konkret tarixini deməmişdi.

Hakim partiyada Saakaşvilinin anonslu qayıdışı, eləcə də baş nazir vəzifəsinə namizədliyi haqqında bəyanat şəkk-şübhə ilə qarşılanıb. Müxalifətlə ekspertlərin bir hissəsi də Saakaşvilinin bəyanatını qeyri-ciddi hesab edir.

Bəziləri bu kimi vədlərin hakimiyyətin xeyrinə işlədiyini düşünür, çünki istər indiki, istərsə də keçmiş hakimiyyət xoşlarına gəlməyən seçicilərə müxalif qüvvənin lehinə seçim etməyə mane olur.

Saakaşvilinin perspektivləri çox tutqundur. Onun, baş nazir olmaq üçün qanunla tələb edilən Gürcüstan vətəndaşlığı yoxdur, ona qarşı cinayət işləri açılıb və o, Gürcüstanda qiyabi məhkum olunur.

Parlament seçkilərinin müxalifətin qələbəsi ilə nəticələnəcəyi halda vəziyyət kəskin şəkildə dəyişə bilər. Lakin hətta belə olan halda Saakaşvili üçün yetərli dəstəyə nail olmaq asan olmayacaq, çünki hətta müxalifət sıralarında çoxlarının ona münasibəti - və onun gələcək baş nazirliyinin perspektivlərinə - təqdiredici deyil.