Tom de Wall: “Avropalılar Azərbaycanın əsas şikayəti ilə bağlı ucadan dəstək verməlidirlər: o faktı ki…”

Piyadaların döyüş maşını

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Azərbaycan ordusunun döyüş maşını hərbi təlimlər zamanı

"Karnegi Avropa"nın Qafqaz üzrə mütəxəssisi Thomas de Waal yeni məqaləsində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağa görə başlamış müharibəni "humanitar katastrof" adlandırır. O, "Karnegi Avropa"nın saytında dərc olunmuş yazısında tərəfləri sülhə çağırmağın yollarından danışır.

Avropalılar münaqişənin özü və hər iki tərəfin əsas şikayətləri barədə daha uca səsli mesajlar verməkdən başlaya bilərlər.

Onlar bəyan edə bilərlər ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olmaqla onun beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü prinsipcə tanısalar da, separatçı ərazidə yaşayan insanlara qarşı güc tətbiq edilməsi Yuqoslaviya prezidenti Slobodan Miloseviçin Kosovoda etməyə çalışdığı və ya Rusiyanın keçmiş və hazırkı prezidentləri, müvafiq olaraq, Boris Yeltsin və Vladimir Putinin Çeçenistanda etməyə çalışdıqlarından daha məqbuledici deyil.

Sovet İttifaqının dağılmasından əvvəl meydana gələn bu münaqişə, Qarabağ ermənilərinin öz gələcəklərini özləri müəyyən etmək üçün öz müqəddəratlarını təyin etməsi ərazi bütövlüyünə zidd olan həyati bir prinsip olmasının klassik bir nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ ermənilərinə qarşı raket və mərmi göndərməklə bu insanlara Azərbaycan vətəndaşları kimi yanaşdığı barədə öz iddiasını kinayəli şəkildə pozur.

Avropalılar həm də Azərbaycanın əsas şikayəti ilə bağlı ona daha ucadan dəstək verdiklərini səsləndirməlidirlər: o faktı ki, iyirmi ildən çoxdur, erməni qüvvələri Qarabağın yalnız mübahisəli ərazilərini deyil, eləcə də Azərbaycanın yeddi rayonunu tamamilə və ya qismən nəzarətləri altında saxlayırlar. Həmin rayonlar Azərbaycanın normal inzibati əraziləri olsa da, bədbəxtlikdən, ermənilər tərəfindən bir növ strateji bufer zonasına çevrilib.

Son bir neçə gündə bəzi kiçik hissələri geri alınan bu rayonlarda yarım milyondan çox insan yaşayıb və onlar Azərbaycanın de-yure ərazisinin 8 faizindən çoxunu təşkil edir.

1992-1993-cü illərdə bu bölgələri ələ keçirəndə barışıq sazişi çərçivəsində geri qaytarmaq niyyətini bildirən erməni tərəfi o vaxtdan bəri onları əbədi saxlamaq niyyətində olduğu barədə daha güclü siqnallar verib. Həmin ərazilərə "azad edilmiş" torpaqlar deyilir, onlara erməni adları verilir və 17 minə yaxın erməni köçkün orada məskunlaşıb.

Bu vəziyyət qəbuledilməzdir və Ermənistanı faktiki olaraq yeni zorakılığın müştərək sponsoruna çevirir. Bu torpaqlar əvvəllər orada yaşayan yüz minlərlə azərbaycanlıya qaytarılmadan münaqişənin sülh yolu ilə həlli mümkün deyil.

Bu qanuni şikayətləri necə barışdırmalı?

Vəzifəsi münaqişənin sülh yolu ilə həllini danışıqlar vasitəsi ilə tapmaq olan ATƏT-in Minsk Qrupunun böyük bir uğursuzluğu mahiyyət etibarilə sülh ssenarisini açıqlamağa heç zaman qadir olmayıb qapalı vasitəçilik çərçivəsi kimi fəaliyyət göstərməsidir.

On doqquzuncu əsrin rus diplomatiyasına bənzər bir ruhda fəaliyyət göstərir - siqarət tüstüsü dolmuş otaqlarda bir neçə ağsaqqal kişi (qadınlar heç vaxt olmayıb) arasında gizli danışıqlar... Ekspertlər və ya vətəndaş cəmiyyəti qrupları isə nadir haıllarda bu işə cəlb olunur.

ATƏT və Aİ üzvləri olan Avropa dövlətlərinin qarşısında duran əsas vəzifə - döyüşçülər yorulduqdan sonra və ya qış döyüş əməliyyatlarını çətinləşdirəndə - insanların ehtiyaclarına cavab verən fərqli bir sülh prosesinə start verməyə çalışmaqdır.

1992-ci ildə yeni yaradılmış Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün Minsk konfransına təsbit etdi. Bu konfrans heç vaxt baş tutmayıb, lakin indi buna ehtiyac hər zamankindən daha böyükdür. Bu, hər bir tərəfin öz şikayətlərini söyləyə biləcəyi və aidiyyatı olan bütün oyunçuların bir masa arxasına toplaşdığı ümümavropa forumu olmalıdır.

Bunun acı alternativi Rusiya və Türkiyə tərəfindən Ermənistana və Azərbaycana yuxarıdan tətbiq etdirilən, humanitar prinsiplər və ehtiyacları nəzərə almayan, köhnə ruhlu, 19-cu əsr üslubunda hazırlanmış böyük dövlətlərin sülh planı kimi görünür.