Rusiya Təhlükəsizlik Şurasında Qarabağ üzrə danışıqlar müzakirə edilib, Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada tarixi yerləri gəziblər

vladimir putin

Şəklin mənbəyi, kremlin.ru

Rusiya Təhlükəsizlik Şurasında Qarabağ üzrə danışıqlar müzakirə edilib, Prezident İlham Əliyev və Mehriban Əliyeva mədəniyyət paytaxtı Şuşada tarixi yerləri gəziblər, cənab Əliyev yanvarın 14-də Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Rusiya Qarabağdakı sülhməramlıları peyvəndləməyə başlayıb, Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb edilib, İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gediblər, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərlərinin qəbuledilməz olduğunu bildirib, ATƏT-in Minsk qrupundakı rusiyalı həmsədr İqor Popov Nikol Paşinyanın Moskvanın Qarabağın statusunu müəyyənləşdirmək istəməməsi haqqında mülahizələrini təkzib edib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə interaktiv müşavirə zamanı Dağlıq Qarabağ nizamlanmasına həsr olunmuş Rusiya Federasiyası - Azərbaycan - Ermənistan sammitinin yekunlarını müzakirə edib. Bu barədə cümə günü Kremlin rəsmi saytında məlumat dərc olunub.

"Vladimir Putin müşavirə iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ tənzimlənməsi məsələləri üzrə yanvarın 11-də keçirilən üçtərəfli danışıqların yekunlarını təqdim edib", - məlumatda deyilir.

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada tarixi yerləri gəziblər

Şəklin mənbəyi, President.az

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşada olublar, Prezidentin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, cənab Əliyev Şuşanın Mərkəzində Azərbaycan bayrağını asıb.

O, həmçinin Bülbülün, Xurşidbanu Natəvanın və Üzeyir Hacıbəyovun Birinci Qarabağ Müharibəsi dövründə güllələnmiş büstlərinin Şuşada açılışını edib. İndiyədək həmin büstlər Bakıda saxlanılıb.

Prezident Bülbülün dağıdılmış ev muzeyinə, Vaqifin məqbərəsinə baş çəkib, Cıdır düzündə olub. O, Şuşadakı erməni kilsəsini də ziyarət edib. İkinci Qarabağ Müharibəsi vaxtı həmin kilsə zərər görmüşdü.

Daha sonra Prezident ailə üzvləri ilə birlikdə Şuşada Gövhər Ağa məscidini ziyarət edib.

İlham Əliyev 39 il öncə keçmiş Prezident, atası Heydər Əliyevlə birgə çəkilmiş şəklini də nümayiş etdirib. Foto Heydər Əliyevin Sovet Azərbaycanı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci katibi olarkən Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışını edərkən çəkilib.

Şəklin mənbəyi, President.az

Şəklin alt yazısı,

İlham Əliyev 39 il öncə keçmiş Prezident, atası Heydər Əliyevlə birgə çəkilmiş şəklini də nümayiş etdirib. Foto Heydər Əliyevin Sovet Azərbaycanı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci katibi olarkən Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışını edərkən çəkilib.

Şəklin mənbəyi, President.az

Şəklin alt yazısı,

İlham Əliyev Şuşada xanəndə Bülbülün evini ziyarət edib, dağıdılmış büstünə baş çəkib.

Şəklin mənbəyi, President.az

Şəklin alt yazısı,

İlham Əliyev Şuşada xanəndə Bülbülün büstünün Şuşaya qaytarılmasında iştirak edir.

Şəklin mənbəyi, President.az

Şəklin alt yazısı,

İlham Əliyev şairə, xeyriyyəçi, Qarabağ xanlarının nəslindən olan Xurşidbanu Natəvanın büstünün şuşaya qaytarılmasında iştirak edib.

Şəklin mənbəyi, President.az

Şəklin alt yazısı,

İlham Əliyev bəstəkar Üzeyir Hacıbəyovun büstünün Şuşaya qaytarılmasında iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Şəklin mənbəyi, AZƏRTAC

Rusiya Qarabağdakı sülhməramlıları peyvəndləməyə başlayıb

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

Rusiya bu gün Dağlıq Qarabağdakı Rusiya sülhməramlı heyəti üçün yeni koronavirus infeksiyası COVID-19-a qarşı peyvəndin birinci mərhələsinin başladığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi qablarda olan təxminən 2 min doza Sputnik-V peyvəndi Dağlıq Qarabağdakı xüsusi təyinatlı tibbi bölməyə çatdırılıb.

Peyvəndləmənin iki mərhələdə həyata keçiriləcəyi açıqlanıb. Birinci mərhələ 14-31 yanvar tarixlərində bütün heyətə peyvəndin birinci komponenti, 1-21 fevral tarixlərində isə ikinci komponenti vurulacaq.

Peyvəndi ilk qəbul edənlər Rusiya sülhməramlı hərbçiləri və tibb hissələrinin hərbi işçiləri olub.

Nazirlik bildirib ki, təxminən 2 min doza peyvənd bütün sülhməramlı heyət üçün kifayətdir.

"Yanvar ayının sonunadək bütün heyətə peyvəndin ilk komponentinin vurulması planlaşdırılır," - Rusiyanın Dağlıq Qarabağdakı tibb xidmətinin rəhbəri polkovnik-leytenant Oleq Boqaev deyib.

Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də Qarabağ uğrunda 44 günlük döyüşlər başlayıb, noyabrın 10-da hər iki ölkə lideri və Rusiya Prezidentinin birgə bəyanatı ilə başa çatıb.

Bəyanata əsasən, Azərbaycanın işğal altında olan bir sıra əraziləri geri qayıdıb və Qarabağa rus sülhməramlısı yerləşib.

Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb edilib

Şəklin mənbəyi, AZƏRTAC

Astara rayonun ərazisində yerləşən Hirkan Milli Parkında yanğın davam edir. Bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən "bir qədər də çətinləşib".

FHN bildirib ki, yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.

"Hazırda Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları mürəkkəb relyef şəraitində yanğınsöndürmə işlərini həyata keçirirlər," qurum bildirib.

Məlumata görə, yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

Hirkan Milli Parkında yanğın bazar ertəsi günündən başlayıb. FHN növbəti gün axşam saat 5 radələrində yanğının "söndürüldüyünü" açıqlamışdı.

Rəsmi qurumlar yanğının səbəbləri barədə hələ ki, məlumat verməyib.

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gediblər

Cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşaya səfərə gediblər.

Bu barədə Mehriban Əliyeva rəsmi İnstagram səhifəsində paylaşım edib.

Birinci vitse-prezidentin paylaşdığı videoda İlham Əliyev "səhər tezdən yola çıxmışıq, istiqamət Şuşa şəhəridir" deyir.

Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də Qarabağ uğrunda 44 günlük döyüşlər başlayıb, noyabrın 10-da hər iki ölkə lideri və Rusiya Prezidentinin birgə bəyanatı ilə başa çatıb.

Noyabrın 8-də Şuşa şəhəri Azərbaycan geri qayıdıb.

Azərbaycan XİN Ermənistan rəsmilərinin Azərbaycan ərazilərinə qanunsuz səfərlərini qəbuledilməz adlandırıb

Şəklin mənbəyi, Azərbaycan Xarici İşlər Nazirliyi

"Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir," - Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib.

Qurumun bəyanatında deyilir ki, "rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər nazirinin bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər".

"Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik. Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir", bəyanatda deyilir.

Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də Qarabağ uğrunda 44 günlük döyüşlər başlayıb, noyabrın 10-da hər iki ölkə lideri və Rusiya Prezidentinin birgə bəyanatı ilə başa çatıb.

Bəyanata əsasən, Azərbaycanın işğal altında olan bir sıra əraziləri geri qayıdıb və Qarabağa rus sülhməramlısı yerləşib.

Rusiya XİN Nikol Paşinyanın mülahizələrini təkzib edib

Şəklin mənbəyi, Gov.am

Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın statusu müəyyənləşdirilməmiş yeddi rayonunun Azərbaycana qaytarılması haqqında iddiaları doğru deyil, ATƏT-in Minsk qrupundakı rusiyalı həmsədr, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Popov bəyan edib.

Paşinyan yanvarın 4-də öz rəsmi saytında dərc etdiyi "44 günlük müharibənin qaynaqları" başlıqlı məqaləsində yazıb ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planı kimi 5+2 formulu əsasında 7 rayonu Azərbaycana qaytarmağı, qaçqınların qaytarılmasını və Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsini təklif edib. Söhbət keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmayan yeddi, "bufer zonası" deyilən, erməni qüvvələrinin nəzarəti altında olan Azərbaycan rayonlarından gedir.

Paşinyan yazır ki, 1995-ci ildən Ermənistanda hakimiyyət dəyişikliyinədək (2018-ci ilədək) Qarabağ üzrə danışıqların məntiqi ərazılərin Azərbaycana təhvil verilməsinə əsaslanıb.

"Hazırda yaxşı məlum olan 7 rayonun 5+2 formulu əsasında Azərbaycana verilməsi, qaçqınların qaytarılması və Rusiya sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsini nəzərdə tutan Rusiya təklifləri 2013-cü ildə doğulub və 2015-ci ildə tam təşəkkül tapıb. Təkliflər paketi Dağlıq Qarabağın statusuna qətiyyən toxunmur, bu məsələdən vaz keçir," - Ermənistan Baş naziri yazıb.

Paşinyanın sözlərinə görə, təkliflər erməni tərəfinə 2016-cı ilin yanvarında təqdim olunub. "Erməni tərəfi təklifləri qəbul etmir və 2016-cı ildə dördgünlük aprel döyüşləri baş verir," - o qeyd edir.

Paşinyanın məqaləsi ilə bağlı ATƏT-in Minsk qrupundakı rusiyalı həmsədr, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Popovun şərhi Rusiya XİN-in rəsmi səhifəsində dərc olunub.

"Rusiya təklifləri ifadəsi, ehtimal ki, son versiyası 2019-cu ilin iyun ayında ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən münaqişə tərəflərinə təqdim olunan mərhələli həll planını nəzərdə tutur," - İqor Popov deyib.

"Əksərən Kazan sənədi ilə üst-üstə düşən bu planın əsasını DQN-in (Dağlıq Qarabağ Nizamlanması - red.) baza prinsipləri təşkil edir, onların arasında ilk mərhələdə beş rayonun, ikinci mərhələdə isə - bunu xüsusi olaraq vurğulayım - Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqəli olaraq iki rayonun Azərbaycana qaytarılması.

Birinci mərhələdə Yerevanın maraqlarını əks etdirən digər elementlər arasında Dağlıq Qarabağa onun əhalisinin tam dəyərli həyat fəaliyyətinin təşkilini təmin edən hüquqlarının tanınması, DQ təmsilçilərinin ATƏT-in iclaslarında iştirakı, blokadanın qaldırılması, sərhədlərin açılması, tərəflərin güc tətbiq etməmək öhdəliklərini qəbul etməsi və s. var," - cənab Popov deyib.

"Odur ki, Rusiyanın yeddi rayonu "elə-belə" geri qaytarmağı, status haqqında unudub sakitləşməyi təklif etdiyini iddia etmək həqiqəti əks etdirmir", - o əlavə edib.

"Dağlıq Qarabağın statusu probleminin tamamilə həll edilməsi variantlarına gəlincə, son illərdə danışıqlar masasında olan təkliflər son məqsəd kimi aşağıdakını nəzərdə tuturdu, sitat gətirirəm: "tərəflərin razılaşdırdığı müddətdə BMT və ya ATƏT-in himayəsi altında Dağlıq Qarabağ əhalisinin iradəsini sərbəst ifadə edən və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, hüquqi məcburi xarakter daşıyan ümumxalq səsverməsi keçirərək Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi.

Bu zaman səsverməyə çıxarılan sualın və ya sualların qurulması heç cür məhdudlaşdırılmayacaq və səsvermənin hər hansı bir nəticəsinə tərəflər hörmətlə yanaşacaqlar", - İqor Popov deyib.

Minsk Qrupunun rusiyalı həmsədri qeyd edib ki, Laçın dəhlizinin eni və statusuna yalnız ikinci mərhələdə - Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərə alınaraq baxılması təklif olunub.

Səfir Popov xatırladıb ki, nə Ermənistan, nə də Azərbaycan tərəfi bu təklifləri rədd etməyiblər, baxmayaraq ki, tam razılığa gəlmək mümkün olmayıb.

"Başlıcası - danışıqlar müntəzəm əsasda aparılırdı. Yerevanın yeni yanaşmalar irəli sürdüyü 2018-ci ilə qədər", - Minsk Qrupunun rusiyalı həmsədri deyib.