Joe Biden ABŞ-ın 46-cı prezidenti oldu: "Birlik irəliyə doğru yoldur"

Biden və

Şəklin mənbəyi, Reuters

Joe Biden ABŞ-ın 46-cı prezidenti oldu, Dağlıq Qarabağa indiyədək 50 mindən çox erməni əhali qayıdıb, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Joe Biden-in andiçmə mərasimi keçirilib

Çərşənbə günü Washington-da keçirilən andiçmə mərasimindən sonra Joe Biden ABŞ-ın 46-cı prezidenti olub.

Öz inauqurasiya mərasimində o, sələflərinə minnətdarlığını bildirib.

"Bu gün burada hər iki partiyadan olan sələflərimə təşəkkürümü bildirirəm", Joe Biden deyib.

O hazırda cəmiyyətin ən çox birliyə ehtiyac duyduğunu qeyd edib: "Birlik irəliyə doğru yoldur".

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Biden tədbirə qatılan sələflərinə minnətdarlığını bildirib

"Bu anı Amerika Birləşmiş Ştatları kimi qarşılamalıyıq" deyən Joe Biden vurğunu "Birləşmiş" sözünə edib.

Bugünkü andiçmə mərasimi misilsiz təhlükəsizlik şəraitində keçirilir.

Artıq bir müddətdir ki, ABŞ paytaxtının mərkəzindəki bəzi küçələr sərt nəzarət altına alınıb.

İnauqurasiya həmçinin koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər şəraitində baş tutur.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Tədbirə qatılanlar arasında Bill və Hillary Clinton-lar olub

Demokratların nümayəndəsi Joe Biden ABŞ tarixində ikinci katolik prezidentdir. O, demək olar ki, hər həftə kilsə ibadətlərinə baş çəkir.

Onun vitse-prezidenti Kamala Harris bu vəzifəyə seçilən ilk qadın və ilk Afro-Amerika və Asiya əsilli şəxs olub.

Donald Trump Ağ Evi tərk etdi

Video açılmırsa, Facebook kanalımızda izləyin.

Çərşənbə günü ABŞ-ın 45-ci Prezidenti Donald Trump və ölkənin birinci xanımı Melania Trump Ağ Evi tərk ediblər.

Cütlük Andrews hərbi bazasına və oradan da, Florida ştatındakı iqamətgaha yollanıb, media xəbər verir.

Öz son nitqində Donald Trump yeni administrasiyaya uğurlar diləyib.

"Böyük uğurlar qazanacaqlarını düşünürəm. Həqiqətən möhtəşəm bir şey etmək üçün təməlləri var."

Donald Trump həmçinin "hansısa formada" geri qayıdacağını da bildirib. Onun bu sözləri alqışla qarşılanıb.

Seçkilərin nəticələrini dəfələrlə tənqid edən Donald Trump ənənəyə zidd olaraq, Joe Biden-in bu gün keçiriləcək andiçmə mərasimində iştirak etməyib.

İndiyədək Dağlıq Qarabağa 50 mindən çox erməni əhali qayıdıb

Rusiya sülhməramlıları Ermənistandan Qarabağa qayıdan qaçqınların növbəti avtomobil karvanını Dağlıq Qarabağa kimi müşayiət edib, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

"Bu günədək Dağlıq Qarabağa öz daimi yaşayış yerlərinə 50 116 nəfər qayıdıb", - məlumatda deyilir, son gündə isə avtobusla Yerevandan Xankəndinə 114 qaçqın qaytarılıb.

Vəziyyətin hər gün 24 saat ərzində monitorinqi və atəşkəs rejiminin riayət edilməsinə nəzarət etmək üçün 27 müşahidə postu yaradılıb, RİA NOVOSTİ agentliyi xəbər verir.