Ermənistanda nə baş verir? 7 suala cavabda

Şəklin mənbəyi, AFP/Getty images
Artıq ikinci həftədir ki, bir-birinin istefasını tələb edən Ermənistan siyasi və hərbi rəhbərliyi ümumi razılığa gələ bilmir. Yerevan küçələrində münaqişə tərəflərinin mitinqləri davam edir.
Paşinyanın istefasını tələb edən müxalif qüvvələr Milli Məclis binasının yerləşdiyi prospektdə çadırlar qurub, Paşinyan getməyincə burada qalacaqlarını deyirlər.
Etirazlar Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında noyabrın 9-da Qarabağ müharibəsinin dayandırılması haqqında bəyanat imzalandıqdan sonra başlayıb. Lakin fevralın 25-dən etiraz dalğası daha da güclənib.
Buna Paşinyanın Silahlı Qüvvələrin Baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı istefaya göndərmək qərarı səbəb olub.
Xaçatryan baş nazir Paşinyanın "İsgəndər" raket komplekslərinin Qarabağ müharibəsi zamanı özünü doğrultmadığına dair bəyanatını istehza ilə şərh etmişdi. Bundan sonra Silahlı Qüvvələrin Baş qərargah rəisi Onik Qasparyanın başçılığı ilə 40-a yaxın yüksək rütbəli hərbçi Baş nazirin və nazirlər kabinetinin istefasını tələb edən bəyanatla çıxış edib.
Paşinyan bunu hərbi çevriliş cəhdi adlandırıb və dərhal Baş qərargah rəisinin istefasına sərəncam verib, lakin prezident Armen Sarkisyan müxalif və parlament siyasi qüvvələri və hərbi rəhbərliklə məsləhətləşdikdən sonra, sənədi imzalamayıb və geri qaytarıb.
Baş nazir yenidən prezidentə vəsatət göndərib. Armen Sarkisyan bu günədək sənədi imzalamayıb, və əgər onun ölkə konstitusiyasına uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə müraciət etməsə, qanuna əsasən, baş nazirin fərmanı, avtomatik olaraq qüvvəyə minir.
Baş nazir Paşinyan Yerevanın mərkəzində mitinq keçirib və yürüşdə iştirak edib. Siyasi icmalçı və politoloqlar tərəfindən yaranmış vəziyyət birmənalı siyasi böhran kimi səciyyələndirilir.
Mövcud durum 2018-ci il hakimiyyət dəyişikliyindən nə ilə fərqlənir?
Qafqaz İnstitutu təhlil mərkəzinin direktoru, politoloq Aleksandr İskandaryan mövcud siyasi böhranın noyabrın 9-dan başlandığını deyir. Lakin buna "inqilab" demək olmaz, "Ermənistanda inqilab" 2018-ci ildə olduğu kimi, yüz minlərlə insanın küçəyə çıxdığı məqamda uğurlu olur, Yerevanda keçirilən mətbuat konfransında İskandaryan deyib.
Şəklin mənbəyi, AFP/Getty images
Baş nazir Paşinyanın tərəfdarları ötən həftə Yerevanın mərkəzində nümayiş keçiriblər
Müxalifətin bu qədər insanı meydana çıxarmaq imkanı varmı?
Bu böhranın gözə çarpan xüsusiyyəti odur ki, nə müxalif qüvvələrin, nə də Paşinyanın tərəfdarlarının mitinqləri kütləviliklə seçilmir. Təhlilçilərə görə, cəmiyyətin əksər hissəsində süstlük, laqeydlik, yorğunluq hiss olunur.
İnsanlar küçəyə çıxıb iki il yarım ərzində ikinci dəfə "inqilab etmək" həvəsində deyil, çünki onlar nəyinsə dəyişməsinə heç bir imkan, perspektiv olmadığını görür, təhlillərdə qeyd olunur.
Kimin təsiri hazırda daha güclüdür - müxalifətin yoxsa ordunun?
İskandaryan hesab edir ki, yüksək rütbəli hərbçilərin istefa tələbi etiraz hərəkatının mövcudluğu ilə bağlı qarışıq vəziyyətin tərkib hissəsidir. Bunu üsyan da adlandırmaq olmaz, hərbçilər 15 dəqiqəyə tankları küçəyə çıxara bilər, lakin onlar bunu etmirlər, təhlilçi deyir.
Digər tərəfdən, baş nazirin istefasına çağırış - ordunun siyasətə qarışmaması prinsipini pozmaqdır. Müxalifətə gəldikdə, onlar da hələ ki dönüş yaradacaq miqdarda insan meydana çıxara bilmir.
Şəklin mənbəyi, mod.am
Baş qərargah rəisi Onik Qasparyanın başçılığı ilə 40-a yaxın yüksək rütbəli hərbçi Baş nazirin və hökumətin istefasını tələb edən bəyanatla çıxış edib
Paşinyanın hökumətinə qarşı kilsə də, universitet müəllim və professorları da, elmlər akademiyası da çıxış edib, bəzi icma və rayon başçıları etiraz olaraq vəzifələrini tərk edib, ölkə prezidenti növbədənkənar seçkilər keçirməyi təklif edib. Lakin küçədə yetərli sayda insan yoxdur, İskandaryan deyir.
Politoloqun sözlərinə görə, şüarlar da aydındır: Qarabağ, ordu, məğlubiyyət sazişi, uduzulmuş müharibə və s.. Lakin burada siyasi ritorikadan başqa bir şey yoxdur. İnsanlara bu çox da təsir etmir. Onlar sadəcə "keçmişlərin" hakimiyyətə gəlmək niyyətlərini görür.
2018-ci ildə Paşinyan hakimiyyətə aydın sosial, solçu ritorikası ilə gəlib: korrupsiya ilə mübarizə, oliqarxiya ilə mübarizə və s.. İnsanların müəyyən bir qismi Paşinyanı, digəri müxalifəti dəstəkləyir, bunlardan qat-qat çoxu isə apatiya içindədir. Onlarda barrikadalara çıxmaq həvəsi yoxdur, politoloq deyir.
Baş qərargah rəisinin istefasına dair Paşinyanla prezident Armen Sarkisyan arasında fikir ayrılığı siyasi vəziyyətə necə təsir edə bilər?
Prezident Armen Sarkisyan Baş nazirin ikinci dəfə Onik Qasparyanın istefası vəsatətini hələ imzalamayıb və mübahisəni həll etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
Onik Qasparyan öz vəzifələrini yerinə yetirməyə davam edir və vəzifədən getmək fikrində deyil.
Silahlı Qüvvələrin Baş Qərargahı ordunun siyasi proseslərə qarışmadığını bəyan edib və bu günədək bitərəfliyi gözləyir. Lakin baş nazir Qasparyanın istefasında təkid edir.
Və hətta Konstitusiya Məhkəməsinin gələcək qərarından sonra bu məsələ ilə vəziyyət qeyri-müəyyən görünür.
Kim hərbiyyənin sonadək bitərəf qalacağına zəmanət verə bilər?
Şəklin mənbəyi, TASS/Getty images
Müxalifət qüvvələri tələb edirlər ki, keçid dövründə Baş nazir vəzifəsini Vazgen Manukyan icra etsin.
Hər necə olsa da, son həftə müxalif qüvvələrin və Paşinyanın çağırışı ilə keçirilən mitinqlər baş nazir Paşinyanın olduqca böyük dəstəyə malik olduğunu düşünməyə əsas verir, təhlillərdə qeyd olunur.
Böhrandan necə çıxmaq olar?
Həm əsas müxalifət, həm iqtidar həm də təhlilçilər problemin növbədənkənar seçki yolu ilə həllinə üstünlük verdiklərini deyirlər.
Lakin "Vətənin xilası" hərəkatında birləşmiş radikal müxalifət tələb edir ki, seçkilərdən qabaq parlament buraxılmalı və Paşinyan hökuməti istefa verməlidir və müəyyən müddətdən, məsələn, 1 ildən sonra növbədənkənar seçkilər keçirilməlidir. Hərəkat tələb edir ki, seçkilərədək baş nazir səlahiyyətlərini 73 yaşlı siyasətçi, Levon Ter-Petrosyanın prezidentliyi dövründə müdafiə və baş nazir olmuş Vazgen Manukyan icra etsin.
Manukyan seçkiləri təşkil edib, özünün namizəd qismində iştirak etməyəcəyini vəd edir.
Paşinyan isə özünün "legitim seçkilər nəticəsində xalq tərəfindən" seçildiyini və qanuni yolla vəzifəni tərk etməyə hazır olduğunu deyib. "Mənim getməyimi yalnız xalq həll etməlidir", - Paşinyan mitinqdə bəyan edib.
2015-ci ildə qəbul olunmuş Ermənistan konstitusiyasına əsasən, növbədənkənar seçkilərin keçirilməsi ilə baş nazir istefa verməlidir. Bu halda Milli Məclis yeni baş nazir seçmək üçün iclas çağırır. Nəzərdə tutulan müddətdə iki parlament iclası nəticəsində baş nazir seçilməzsə, növbədənkənar parlament seçkiləri keçirmək qərarı qəbul olunur.
Konstitusiya tələbinə əsasən növbədənkənar seçki keçirmək üçün Paşinyan müxalif parlament fraksiyaları ilə baş nazir namizədini irəli sürməmək haqqında memorandum imzalamağı təklif edib.
Hazırda Paşinyan "tək mitinqlər keçirən müxalifətlə deyil, bütün siyasi qüvvələrlə" növbədənkənar seçkilər məsələsini müzakirə etməyə hazırlaşır. Konsensus əldə edilsə, seçkiləri 2021-ci ildə keçirmək olar, o deyib.
Paşinyanın yerində kimi görmək istəyərdilər?
"Kommersant"-ın icmalçısı yazır ki, bu gün Ermənistan elə vəziyyətə düçar olub ki, iki bəladan birini seçməyə məcburdur. Maksim Yusinin məqaləsinə əsasən, Nikol Paşinyan 2020-ci il Qarabağ müharibəsindən sonra ermənilərin şüurunda məğlubiyyət, şok və təhqirlə assosiasiya olunan bir şəxs olub.
Bu məğlubiyyətdə ondan qabaq az qala 30 il ölkəyə rəhbərlik edənlərin "əməyinin" daha çox olduğunu, ölkənin iqtisadi, texnoloji inkişafı baxımındın Azərbaycandan ildən-ilə daha da geri qalması üçün onların məsuliyyət daşıması haqqında mülahizələr də eşitmək olar.
Lakin Paşinyanın tənqidçiləri onun, sələflərindən fərqli olaraq, məsuliyyətsiz bəyanatları ilə Bakını təhrik etməkdə və Moskvanı qıcıqlandırmaqda günahlandırırlar.
Bəziləri hesab edirlər ki, Paşinyanın yerində Robert Koçaryan və ya Serj Sarkisyan olsaydı, Azərbaycan rəhbərliyi 2020-ci il payızında etdiyi kimi hərbi əməliyyat keçirməyə cürət etməzdi. Və bunlara görə, Paşinyan siyasi məsuliyyət daşımalıdır, və vəzifədən getməlidir.
Onun alternativi kimi isə əsasən Robert Koçaryan və Serj Sarkisyanın adları hallandırılır.
"Digər tərəfdən, korrupsiya, iqtisadi durğunluq və müharibədə məğlubiyyətə gətirən geriləmə məhz bu iki şəxsin adları ilə bağlanılır. Üçüncü qüvvə lazımdır. O isə yoxdur. Və çətin ki, yaxın gələcəkdə peyda olsun", - Maksim Yasin yazır.