Ermənistan hərbçiləri Qafan yaxınlığındakı istehkamın Azərbaycana veriləcəyindən ehtiyatlanırlar

Şəklin mənbəyi, ombuds.am
Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan Ermənistanın Qafan şəhərində yerləşən hərbi hissəyə məxsus istehkamın Azərbaycana veriləcəyi barədə internetdə yayılmış məlumatı təkzib edib.
Daha əvvəl Mediaport Teleqram kanalında yayılmış videoda bir neçə erməni hərbçisi həmin hərbi dayaq nöqtəsində xidmət şəraitlərindən şikayətlənir.
Görüntüdə sözügedən istehkamın komandiri hərbçilərin bu mövqeni Azərbaycana təhvil veriləcəyindən narahat olduqlarını deyir: "Burada xidmətə başladığımız gündən bizə deyirlər - bu postu saxlaya bilməyəcəyik, təhvil verəsiyik".
"Soyuqdur, isinməyə yer yoxdur, postda duran əsgərlər 15 dərəcə soyuqda yatırlar... Mətbəx yox, su yox, fənər, projektor, səyyar radiostansiya, telefon batareyalarını doldurmaq qurğusu - heç nə vermirlər... Səhər bizə deyiblər: mövqeni tərk edin, silahınızın sandığını çıxarıb posta çıxın. Belə olmaz axı, burada hər yanda türklərdir [azərbazycanlıları nəzərdə tutur - red.]", - hərbçilər video kameraya danışır.
Onlar gileylənir ki, bu ərazidə nə Ermənistan hərbi polisi, nə də MTX-si işləyir.
"Qafanda heç bir mövqenin verilməsi haqqında söz yoxdur və ola bilməz", - bazar ertəsi günü parlamentdə jurnalistlərə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan deyib.
İnternetdə yayılmış görüntüləri şərh edərək, o deyib ki, Hərbi Polis artıq bu hadisəni araşdırma başlayıb, material toplayır. Bununla belə nazir müavini deyib ki, Qafanda yerləşən blokpostların təhlükəsizliyi ilə bağlı narahat olmaq üçün bir əsas yoxdur.
Onun sözlərinə görə, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı xidmət şəraitlərinin yaxşılaşdırılması üçün intensiv işləyirlər.
Baş Prokurorluqdan alınan məlumata görə, Qoris hərbi qarnizonu prokuroru Hayk Markaryanın tapşırığı ilə Qafan Hərbi Polis şöbəsində materiallar hazırlanır. Qalmaqala səbəb olan videonun çəkildiyi blokpostun komandiri Hərbi Polisə çağırılıb.