"Türkiyə güclü və dəyərli müttəfiqdir"- ABŞ; Ankarada AKP-nin qurultayı keçirilir; Macron Türkiyə ilə dialoqu vacib sayır

ABŞ Dövlət Katibi Anthony Blinken və Türkiyə Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu

Şəklin mənbəyi, Getty Images/VIRGINIA MAYO

Şəklin alt yazısı,

ABŞ Dövlət Katibi Anthony Blinken və Türkiyə Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu

ABŞ Dövlət Katibi Blinken: "Türkiyə güclü və dəyərli müttəfiqdir"; Erdoğan AKP qurultayında hakim koalisiyada iştirakına görə MHP-yə təşəkkürünü bildirib; Fransa prezidenti Türkiyə ilə dialoqu vacib sayır - BBC News Azərbaycancanın icmalında.

ABŞ Dövlət Katibi Blinken: "Türkiyə güclü və dəyərli müttəfiqdir"

NATO ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçən toplantısı çərçivəsində Türkiyənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu NATO-nun mənzil-qərargahında ABŞ-ın Dövlət Katibi Anthony Blinken ilə görüşüb.

Blinken vəzifəsini tutdduqdan sonra bu, ABŞ və Türkiyə xarici siyasət idarələri başçıları arasında keçirilən ilk görüşdür.

NATO-nun Brüssel toplantısında ABŞ Dövlət Katibi Blinken "Türkiyənin güclü və dəyərli müttəfiq" olduğunu bəyan edib.

NATO Baş Katibi Yens Stoltenberg ilə görüşü zamanı ABŞ Dövlət Katibi Türkiyənin "güclü və dəyərli müttəfiq olduğunu, Türkiyənin NATO-ya üzvlüyünün Alyans və Ankaranın maraqlarına uyğun olaraq qorunduğunu" vurğulayıb.

Erdoğan AKP qurultayında çıxış edib

Şəklin mənbəyi, Getty Images

Türkiyədə AKP-nin (Ədalət və İnkişaf Partiyası) qurultayı işə başlayıb.

AKP qurultayı Ankara şəhərində keçirilir.

Prezident Recep Teyyub Erdoğan qurultayda etdiyi çıxışının əvvəlində AKP ilə koalisiyada fəaliyyət göstərən Milliyətçi Hərəkat Partiyası (MHP) və MHP rəhbəri Devlet Bahçelinin səylərini qeyd edib.

"Milliyyətçi Hərəkət Partiyasına və partiyanın rəhbəri Devlet Bahçeliyə hökümət koalisiyası çərçivəsində böyük və güclü Türkiyə yolunda bizimlə birlikdə irəlilədikləri üçün təşəkkür edirəm," - Erdoğan deyib.

Macron Türkiyə ilə dialoqun davam etdirilməsini vacib sayır

Şəklin mənbəyi, AFP

Fransa prezidenti Emmanuel Macron Türkiyə ilə dialoqun davam etdirilməsini vacib sayır.

O, bu fikri France 5 televiziya kanalına müsahibəsində bildirib.

"Biz Türkiyənin Avropadan üz döndərməməsi və daha böyük dini ekstremizmə doğru getməməsi üçün və ya neqativ geosiyasi seçim etməməsi üçün əlimizdən gələn səyləri göstərməliyik. Türkiyə təhlükəsizlik və miqrasiya məsələlərində bizim partnyorumuzdur," - Macron qeyd edib.

Süveyş kanalında hərəkət dayanıb

Şəklin mənbəyi, SCIENCE PHOTO LIBRARY

Süveyş kanalının cənub hissəsində nəhəng konteyner gəmisi dar bir keçidə dönmək istəyərkən saya oturub, nəticədə, kanalda tıxac yaranıb, gəmilər dayanıb.

Panamada qeydə alınmış 200 min ton həcmli "Ever Given" konteyner gəmisi Çindən Rotterdama hərəkət edirdi və Qırmızı dənizdən kanala daxil olduqdan qısa müddət sonra saya oturub.

Nəticədə, hadisənin baş verdiyi yerdən cənubda kanalda hərəkətin bərpasını gözləyən çox sayda gəmi toplanıb.

Süveyş Kanalı, Misirdən keçərək Avropa ilə Asiyanı birləşdirən əhəmiyyətli bir nəqliyyat arteriyasıdır.

Kanaldan gündə orta hesabla təxminən 50 gəmi və neft tankerləri keçir.