Ermənistanda koronavirusa yoluxma hallarının sayı bu ilin günlük rekordunu vurur, Azərbaycanda 3000 minə yaxın insan minaya düşüb

Həkimlər və xəstə

Şəklin mənbəyi, moh.am

Bu gün Ermənistanda koronavirusa yoluxmalar hallarının sayı ilin əvvəlindən rekord həddə çatıb, Azərbaycanda minaya düşənlərin sayı 3000-ə yaxındır, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Ermənistanda ilin əvvəlindən bəri bir gündə rekord sayda koronavirusa yoluxma halları

Ermənistanda koronovirus epidemiyasının üçüncü dalğası sürət almaqdadır, virusa yoluxma halları artır. Son bir sutkada 5228 nəfərdən alınan test nəticəsində 1257 nəfərin koronavirusa yoluxması təsdiq olunub, bundan bir gün əvvəl 1164 yoluxma halı qeyd olunub.

Ermənistan Səhiyyə Nazirliyi Xəstəliklər Nəzarəti və Profilaktikası Milli Mərkəzinin martın 25-nə olan məlumatına görə, epidemiya başlanandan bəri yoluxma hallarının ümumi sayı 187 min 441-ə çatıb.

Bu müddətdə xəstəliyin ağırlaşması nəticəsində 3416 nəfər ölüb, o cümlədən, 18 ölüm halı son sutkada qeyd olunub.

Məlumata görə, bu günədək 169 727 xəstə sağalıb, 13 427 nəfərin müalicəsi davam edir.

Səhiyyə Nazirliyi mətbuat katibi Hripsime Xaçatryanın Facebook hesabında qeydinə görə, hazırda 63 xəstə ağciyərin süni ventilyasiyası aparatına qoşulub, 187 nəfər son dərəcə ağır, 750-si ağır vəziyyətdədir.

Reanimasiya bölmələrində olan 262 yerdən bu günə cəmi 3 yer boşdur.

Ermənistan Səhiyyə Nazirliyi ölkə vətəndaşlarını sayıq olmağa və epidemioloji qaydalara əməl etməyə çağırır - tibbi maska taxmaq, məsafə saxlamaq və əllərini tez-tez sabunla yumaq.

Eyni zamanda Ermənistan Səhiyyə Nazirliyi hələ daha sərt nəzarət tədbirlərinə keçmək məsələsini müzakirə etmir. Lakin yoluxma hallarının bu tempdə artması daha sərt tədbirlər tətbiq edilə bilər, nazirliyin rəsmisi bildirib.

Ötən il martın 16-dan sentyabrın 11-nə kimi ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hazırda 2011-ci il iyulun 11-nədək karantin rejimidir, ictimai yerlərdə tibbi maska taxmaq tələbi qüvvədədir.

Azərbaycanda minaya düşənlərin sayı 3000-ə yaxındır

Şəklin mənbəyi, TASS/Getty images

Birinci Qarabağ müharibəsindən ötən ilin payızında baş vermiş 44 günlük müharibəyədək Azərbaycan tərəfindən minaya düşənlərin sayı 3000-ə yaxındır və onlardan 525 nəfəri həlak olub. Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri bildirib.

"Bizdə həlak olanların sayı Ermənistandakı ümumi saya yaxındır," - Hafiz Səfixanovun sözləri APA agentliyinin xəbərində iqtibas olunur.

"İkinci Qarabağ müharibəsinə qədər Ermənistan hökumətinin məlumatlarına görə, onlardan 636 nəfər minaya düşüb".

Bu rəqəmi rəsmi və qeyri-rəsmi Ermənistan mənbələrindən təsdiq və ya təkzib etmək mümkün olmadı.

Hafiz Səfixanov qeyd edib ki, son döyüşlərdə "mina qurbanları" hələ ki qeydə alına bilməyib.

Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentinin məlumatına görə, hazırda işğaldan azad edilən ərazilərdə "elə yerlər var ki, ermənilər orada hər kvadratmetrdə 10-dan çox mina basdırıblar", Umud Mirzəyevin sözlərinə istinadən yayılan Report agentliyinin xəbərində deyilir.

Məlumata əsasən, məcburi köçkünlərin tez bir zamanda evlərinə qayıtması üçün ilk şərtlərdən biri ərazilərin mümkün qədər qısa vaxtda minalardan təmizlənməsidir.

Ötən ayın sonunda yayılan məlumata görə, 9 noyabr bəyannamənin elanından sonra Ağdam, Ağcəbədi və Füzuli rayonlarında baş verən mina partlayışları 40-dan çox insanın ölümünə bais olub.

Yanvar ayında Xankəndində (Stepanakert) partlamamış hərbi sursatın zərərsizləşdirildiyini xəbər verən "Kavkazskiy Uzel" saytının məlumatına görə, münaqişə bölgəsində minalardan təmizlənmə işləri 20 il müddətinə uzana ilər.