Azərbaycanda vaksinasiya olanların sayı açıqlanıb, Ermənistanda qara görə bəzi yollar bağlanıb

Peyvənd vuran qadın

Şəklin mənbəyi, Getty images

Azərbaycanda vaksinasiya olanların rəsmi sayı açıqlanıb, Ermənistanın 7 bölgəsində yağan qara görə bəzi yollarda nəqliyyatın hərəkəti dayandırılıb, Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları humanitar yardım çatdırıblar, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Azərbaycanda vaksinasiya olanların sayı açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı ötən gün 24 446 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, hazırkı dövrədək Azərbaycanda koronavirus infeksiyasına qarşı 518 879 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya çərçivəsində görülən tədbirlər Azərbaycanın bütün rayonlarında davam etdirilir, məlumatda qeyd olunur.

Ermənistanda qara görə bəzi yollar bağlanıb

Şəklin mənbəyi, Mes.am

Şəklin alt yazısı,

Ermənistanın 7 bölgəsində yağan qar nəqliyyatın hərəkətini pozub (Arxiv görüntüsü)

Ermənistanın 7 bölgəsində yağan qar nəqliyyatın hərəkətini pozub, bəzi yerlərdə yollar bağlı qalır.

Ermənistan Fövqəladə Hallar Nazirliyi ölkənin şimal-qərbindəki Aragatsotn bölgəsində "Amberd" yüksək dağ meteoroloji stansiya, eyni adlı qalaya və Kari gölünə aparan yolun bağlanıldığını bildirir.

Cənubdakı Sünik bölgəsinin iki magistral yolunun bəzi hissələrində buz örtüyü əmələ gəlib.

Məlumata əsasən, Yerevandan 160 kilometr məsafədə yerləşən Vardenyats dağ aşırımında hərəkət çətinləşib. Bu yol qoşqulu yük maşınlarının girişi üçün bağlı qalır.

Gürcüstanın Fövqəladə Hallar Departamenti və Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya Böhran İdarəetmə Mərkəzindən daxil olan məlumata görə, hava şəraitinə görə Lars keçid məntəqəsində hərəkət dayandırılıb. Sərhədin Rusiya tərəfində Ermənistana gələn 632 yük maşının yığıldığı bildirilir.

Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları humanitar yardım çatdırıblar

Şəklin mənbəyi, AFP/Getty Images

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbçiləri Xocalı (Əsgəran) rayonunun Təzəbinə (Noraküh) qəsəbəsinə humanitar yardım çatdırıblar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirir. Humanitar aksiya üçün yardım Rusiyanın ictimai təşkilatları və xeyriyyə fondları tərəfindən ayrılıb, məlumatda deyilir.

"Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığı Noraküh (Təzəbinə) qəsəbəsi administrasiyası ilə birlikdə hələ yanvar ayında hazırkı humanitar aksiyanın keçirilməsi məsələsini hazırlayıb," - Rusiya sülhməramlı kontingentinin Humanitar reaksiya mərkəzinin rəhbəri bildirib.

İqor Sivakovun sözlərincə, aksiya çərçivəsində qəsəbəyə tibbi avadanlıq və bəzi ilkin diaqnostika dəstləri verilib.

Bir neçə gün əvvəl bənzər aksiya Xankəndi (Stepanakert) şəhərində də keçirilib. Buradakı tibb mərkəzi və 3 saylı orta məktəbə avadanlıq, kitab və dərsliklərin verildiyi bildirilir.

Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə ötən ilin 27 sentyabrında başlayıb. 2020-ci il, noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi qarşıdırmaya son qoyulub. Həmin sənədə əsasən, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələri yerləşdirilib.