Ermənistan: Qarabağ müharibəsindən sonra "medianı məhdudlaşdıran" qanun layihələri

Ermənistan Parlamenti
Şəklin alt yazısı,

"Təhqir və böhtanla" bağlı cərimələrin sərləşdirilməsini nəzərdə tutan qanun layihəsi parlamentdə müzakirə olunub

Ermənistanda mətbuat azadlığını məhdudlaşdıran, o cümlədən anonim mənbələrə istinadlara görə cəriməni və "təhqir və ya böhtanla" bağlı cəzaları nəzərdə tutan iki qanun layihəsi müzakirə olunur.

Bu barədə Open Caucasus Media saytındakı təhlildə deyilir.

Ermənistan mətbuatına "hədə yaradan" yeni qanunvericilik barədə məqaləyə əsasən, noyabrın 9-da üçtərəfli bəyannamənin imzalanmasından və İkinci Qarabağ Müharibəsinin bitməsindən sonra, jurnalistlərin işi yeni və çox vaxt "qeyri-müəyyən" məhdudiyyətlər, nizamnamələr və qaydalarla məhdudlaşdırılır.

Parlamentdə müzakirə edilən "təhqir və böhtanla" bağlı qanun layihəsinə görə cərimələr 5 milyon dram (17708 AZN) və 10 milyon dram (35416 AZN) həddində müəyyən edilir ki, bu da əvvəlki "cərimənin 5 qatıdır".

Bu sənəd parlamentdə birinci oxunuşda qəbul olunub.

Daha bir qanun layihəsinə görə, mülkiyyəti sahibi bilinməyən saytlar və ya sosial media hesablarını mənbə olaraq göstərən media qurumlarına 500.000 dram (1770 AZN) cərimə kəsilə bilər.

Hesab olunur ki, anonim mənbələrə qarşı qayda müharibə vaxtı hökumət əleyhinə məlumatlar dərc edən və daha sonra nüfuzlu müxalifət mediasında yayılan anonim Telegram kanallarının artan populyarlığına cavabdır.

Ermənistan Baş Prokurorluğu tərəfindən təklif olunan, lakin hələ ki, parlamentə təqdim edilməyən üçüncü qanun layihəsi vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət qulluğunda olan rəsmiyə qarşı təhqir və ya böhtana görə 3.000.000 dram (10625AZN) məbləğində cərimə və ya 2 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Media mühitinin sərtləşdirilməsiylə bağlı yeniliklər müharibənin ilk günündə elan olunmuş hərbi vəziyyətin tətbiqindən sonra başlayıb.

Belə ki, hərbi vəziyyətə görə, jurnalistlərə dövlət məmurlarının hərəkətlərini və Ermənistan ordusunun fəaliyyətini tənqid etmək qadağan olunmuşdur.

Ermənistan hüquq-mühafizə orqanlarının məlumatına görə, dekabrın 2 -də məhdudiyyətlərin ləğvinədək 13 media qurumu və 62 fərd cərimələnib, Open Caucasus Media saytındakı təhlildə deyilir.