Qafan-Gorus yolunun bağlanması "Paşinyana cavabdır" - sosial media istifadəçiləri nə yazırlarʔ

Yolda duran hərbçilər

Şəklin mənbəyi, @Artsaxlive

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda Azərbaycanın Qafan-Gorus yolunun Karmrakar-Şurnux kəndləri ərazisində olan hissəsini bağladığı bildirilir.

Azərbaycan tərəfindən hələ ki, yolun bağlanması ilə bağlı reaksiya yoxdur, ancaq həm Ermənistan, həm də Azərbaycan sosial media iştirakçıları yolun bağlanması xəbərini fəal şəkildə müzakirə edirlər.

@DKhodanian adlı Twitter istifadəçisi video paylaşaraq videonu Qafan-Gorus yolunda çəkdiyini iddia edir. Videoda yol kənarlarında düzülmüş yük avtomobilləri görünür. Müəllif iddia edir ki, avtomobillər yolun açılmasını gözləyir.

@A_Melikishvili isə hesab edir ki, bu addım Ermənistanın baş naziri Nikol Paşinyana Azərçbaycanın cavabıdır. Ermənistan parlamentindəki son çıxışında Paşinyan Azərbaycandan Naxçıvana Zəngəzur dəhlizinin verilməyəcəyini bildirmişdi.

Öz tvitində @infocom_am bildirir ki, Qafan-Gorus yolunun açılması ilə bağlı Ermənistan, Rusiya və Azərbaycan arasında keçirilmiş üçtərəfli görüşlər uğursuz olub və bu gün də davam etdiriləcək.

@vartan84 alernativ yolla bağlı sual verənlərə cavab olaraq yazır ki, belə bir yol yoxdur. "İndi salınmaqda olan Tatev yolu həmişə təhlükəli olub, sərnişin avtomobilləri hərəkət edə bilir, yük maşınları isə yox", o yazır.

@301_AD isə Gorus-Qapan yolundan video paylaşaraq görüntülərin azərbaycanlı hərbçilər tərəfindən çəkildiyini yazır.

@ArtsakhLive Twitter hesabı isə əsgərlərin yolu kəsdiyini göstərən şəkil paylaşıb.

@AhmadAlili yazır ki, Qafan-Gorus yolu ilə bağlı hadisə bir erməni kəndindən insanların Azərbaycan ərazisindən keçməklə digər erməni kəndinə səyahət etməsinə dair "əla nümunıdir".

"Sərhəddə heç bir yoxlama, heç bir gömrük nəzarəti yoxdur. Əvəzində isə azərbaycanlılar da Azərbaycanın əsas ərazisindən Naxçıvana səyahət edə bilərdilər", o tvit edir.

@edmarukyan adlı Twitter istifadçisi isə Azərbaycan qüvvələrinin Qafan-Gorus yolunu bağladığını xatırladır və yazır ki, bu yol Ermənistanın təhlükəsizliyi və iqtisadiyyatı üçün həyati əhəmiyyətlidir.

"Azərbaycanın 50-75 əsgərinin qanunsuz olaraq Ermənistanın Sünik əyalətindəki Gorus-Qafan yolunu bağlamasından artıq 24 saat keçib. 09/11/2020 atəşkəsindən sonra Bakı rus sərhədçilərinin yola və Ermənistanla sərhədə nəzarət edəcəyinə razılıq verib, indi isə həmişəki kimi, onu pozur", @StyopaS belə tvit edib.

Qafan-Gorus avtomobil yolunun Karmrakar və Şurnux kəndindən keçən hissələri Azərbaycan ərazisinə düşür və həmin bölgədə yola Azərbaycan hərbçiləri nəzarət edirlər.

BBC-nin Ermənistandakı müxbiri xəbər verir ki, Qafan-Qoris yolunun bağlanması ilə Ermənistandan İrana gedən yol da bağlanıb və yüzlərlə maşın yolun hər iki tərəfində hərəkətsiz qalıb.