Ermənistan niyə Rusiyanı seçdi?

serj sarkisyan strasbourg
Image caption Sesrj Sarkisyan AŞPA oktyabr sessiyasının plenar iclasında Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlığı davam etdirmək niyyətində olduğunu, lakin yeni münasibətlərini strateji müttəfiqi Rusiya ilə münasibətləri hesabına qurmadığını bildirib

Hələ üç ay bundan əvvəl Avropa İtitfaqı (Aİ) ilə dərin və geniş ticarət əməkdaşlığı zonası və assosiasiya haqqında saziş bağlamağa namizəd olan Ermənistanın noyabrın 28-də Vilnüsdə “Şərq tərəfdaşlığı” sammitində hər hansı sənəd imzalayacağı məlum deyil.

Sentyabrın 3-də Moskvada Vladimir Putinlə görüşdən sonra Ermənistan prezidenti Serj Sarkisyan Ermənistanın AB ilə assosiasiya sazişi bağlamaqdan imtina etdiyini və Rusiyanın təşəbbüsü ilə yaradılacaq Gömrük İttifaqına birləşməyə üstünlük verdiyini bəyan edib.

Bu, o deməkdir ki, Vilnüsdə Ermənistan yalnız Aİ ilə bütün sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə hazır olması haqqında siyasi bəyannamə imzalamağa ümid edə bilər.

Təhlükəsizlik və blokada

Ermənistanın gömrük blokunu seçməsinin tərəfdarları bu seçimə, əsasən, təhlükəsizlik təminatı məsələlərinin həlli ilə bəraət qazandırırlar.

Millət vəkili Armen Rustamyan 2008-ci ildə “5 gün davam edən Rusiya-Gürcüstan müharibəsi zamanı Ermənistanın gündə 100 milyon avro” məbləğində ziyan çəkdiyini, avtomobil yanacağı çatışmazlığı əmələ gəldiyini xatırladır.

Onun sözlərinə görə, hərbi və energetik təhlükəsizliyi nöqteyi-nəzərindən, Ermənistan üstünlüyü hazırda alternativi olmayan Gömrük İttifaqına və Avrasiya Birliyinə verib.

“Mən hərbi təhlükə deyəndə, Türkiyə-Azərbaycan tandemini nəzərdə tuturam. Mən parlamentin xarici əlaqələr komissiyasının sədri olduğum zaman amerikalılarla və başqaları ilə görüşlər zamanı məndən soruşanda ki, Rusiya hərbi bazasının Ermənistanda nə işi var, mən də onlardan soruşurdum: Biz bazanı çıxarsaq, siz bizim təhlükəsizliyimizi təmin edərsiniz? Yox, deyirdilər”, - Rustamyan xatırlayır.

Silah amili

Yerevan Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan hesab edir ki, Azərbaycana silah satmasına baxmayaraq, Rusiya Ermənistanla Azərbaycan arasında qüvvələr balansını qoruyur.

“Bundan (Gİ-yə üzv olmaqdan) Ermənistan müəyyən dərəcədə hərbi-siyasi dividentlər əldə etmiş olur. Çünki Rusiya Azərbaycanı silahlarla bazar qiymətinə, Ermənistanı isə ucuz və ya müftə təchiz edir”, - Minasyan deyir və bununla uzunmüddətli danışıqlar dövrü ərzində müharibə təhlükəsinin aradan qaldırıldığını bildirir.

Daşnaksutyun Partiyası Serj Sarkisyanın gözlənilməz qərarının başlıca səbəbinin "Ermənistan və Dağlıq Qarabağ Respublikalarının təhlükəsizlik məsələlərinin həlli” olduğuna görə onu alqışlayır.

Ancaq Ermənistanda həm də Rusiyadan Türkiyəyə təzyiqlər kimi konkret addımlar gözləyirlər.

“İstər Rusiya, istərsə Avropa İttifaqı ilk növbədə Türkiyəni Ermənistanla sərhədi açmağa məcbur etməli, sonra birləşməyə dəvət etməliydilər”, - sabiq millət vəkili Azat Arşakyan deyir.

Əmək mühacirəti

Xaricdə iş axtarmağa məcbur olan Ermənistan vətəndaşlarının əksəriyyəti məhz Rusiyaya üz tutur. Qeyri-rəsmi statistika mühacirlərin 70 faizinin Rusiyaya getdiyini göstərir.

Rusiya Federal Miqrasiya Agentliyinin məlumatına əsasən, 2012-ci və cari ilin altı ayı ərzində agentliyin ərazi orqanları tərəfindən 800 minə yaxın Ermənistan vətəndaşı qeydə alınıb. Qeyri-rəsmi mühacirlərin sayı dəqiq məlum deyil.

Onların təxminən 80 faizinin inşaat, nəqliyyat və rabitə, xidmət sahələrində, 4 faizə qədərinin isə ticarətdə işlədiyi bildirilir.

Xaricdən Ermənistana köçürülən fərdi transfertlərin təxminən 75 faizi Rusiyanın payına düşür. Bu, Ermənistanın dövlət büdcəsi ilə müqayisə ediləcək rəqəm – ildə az qala 3 milyard dollar təşkil edir.

Bundan başqa, Ermənistanın özündə də bir çoxları Rusiya kapitalı ilə fəaliyyət göstərən (dəmiryolu, rabitə, energetika) müəssisələrdə çalışır və ya Rusiya hərbi strukturları - 102-ci hərbi baza və Ermənistanın İran və Türkiyə ilə sərhədində xidmət çəkən sərhəd qoşunları ilə bağlıdır.

Etnoqraf Hranuş Xaratyan hesab edir ki, Rusiyanın təşəbbüsü ilə yaradılmaqda olan Gİ və Avrasiya Birliyi baş tutmamış amorf bir qurumdur.

Rusiya özü də hələ bu qurumun nə dərəcədə coğrafi və mədəni baxımdan dərinləşəcəyini, nə kimi siyasi müstəvidə yer tutacağını, hansı meyarlara əsasən üzv ölkələrin “çəki kateqoriyası” müəyyən ediləcəyini və s. məsələlərə bələd deyil.

“Lakin əhalimizin kəmiyyətcə böyük əksəriyyəti sovet həyatının son 20 illiyinin, öz təsəvvürünə görə, rahat yaşayışını xatırlayır və Gömrük İttifaqını bir növ rahat yaşayışa qayıdış kimi nəzərdən keçirir”, - xanım Xaratyan deyir.

Etiraz aksiyaları

Bir neçə ictimai təşkilat və Facebook şəbəkəsində təşkil edilmiş təşəbbüs qrupu noyabrın 28-29-da - Vilnüs sammiti günləri, Yerevanda etiraz aksiyası keçirməyə hazırlaşırlar. “Azad Demokratlar” və “İrs” partiyaları da etiraz aksiyalarına qatılırlar.

Təşəbbüs qrupu “Serj Sarkisyanın bütün xalq adından Gömrük İttifaqına daxil olmaq qərarı qəbul etməyə haqqı olmadığını” bəyan edib.

Bəyanat müəllifləri “Rusiyanın təzyiqi altında Gİ və Avrasiya Birliyinə daxil olaraq və qərar qəbul etmək hüququnu” başqa bir orqana təhvil verərək Ermənistanın öz suverenliyini itirmək təhlükəsi qarşısında dayandığını bildirirlər.

Milli Müqəddərat Birliyinin sədri Paruyr Hayrikyan Vilnüs sammitindən üç gün qabaq prezident sarayı qarşısında oturaq tətil keçirməyə başlayıb.

“Serj Sarkisyan Vilnüsə gedib Aİ ilə assosiasiya sazişini imzalamalıdır. Əks təqdirdə Sarkisyan istefa verməlidir. Necə ola bilər ki, Ermənistan xalqı 27 demokratik dövləti yox, üç diktator blokunu seçsin” - Hayrikyan sual edib.

Paruyr Hayrikyan noyabrın 29-da mitinq keçirəcəyini bəyan edib. O, özü keçirdiyi sorğu nəticəsində, Ermənistan vətəndaşlarının yalnız 23 faizi Gİ-yə daxil olmaq lehinə olduğunu bildirir.

Bu barədə daha geniş