Yerevan: "siyasi məhbusların" müdafiəsinə aksiya

armenia, protest, political prisoners, shant harutyunyan
Image caption Aksiya iştirakçıları siyasi məhbusların azad edilməsi tələbilə yürüş keçiriblər

Yerevanda bir sıra ictimai vətəndaş qrupları noyabrın 5-də prezident iqamətgahı istiqamətində yürüş keçirməyə cəhd edərkən həbs olunmuş Şant Harutyunyan və onun daha 13 tərəfdaşının müdafiəsinə aksiya təşkil ediblər.

Yerevan Azadlıq meydanında “Mən inqilab başlayıram” şüarı altında təkbaşına aksiya keçirən müxalifətçi Şant Harutyunyan noyabrın 5-də bir qrup tərəfdaşları ilə “Anonymous” maskalı yürüşə başlayanda Harutyunyanla bir neçə mülki geyimli, onun sözlərinə görə, provokatorlar arasında toqquşma başlanıb.

İstintaq orqanları Şant Harutyunyana ailəsi ilə telefonla əlaqə saxlamağı və görüşlərini qadağan ediblər. Buna etiraz olaraq, o, dekabrın 24-dən həbsxanada aclıq elan edib və səhhəti pisləşdiyinə görə, Harutyunyan yanvarın 10 həbsxana xəstəxanasında aclıq aksiyasına son qoymağa məcbur olub.

Azadlıq meydanında çıxış edən hüquq müdafiəçisi Artur Sakunts Harutyunyanın siyasi fəaliyyətinə görə təqib olunduğunu bəyan edib.

Onun sözlərinə görə, Şant Ermənistanın müstəmləkəyə çevrilməsinə, ölkənin Gömrük İttifaqına daxil olmağa qarşı mübarizə etdiyinə görə, ondan qisas alırlar.

Aksiya iştirakçıları “Siyasi məhbuslara azadlıq”, “Rədd olsun millətə xəyanət etmiş rejim”, “Putinkalar”, “Azad və müstəqil Serjsiz Ermənistan”, “Rahat kabinetləriniz sizi xilas etməyəcək” şüarları ilə Baş Prokurorluq və Milli Təhlükəsizlik Xidməti qarşısında piket təşkil ediblər.

Hökumət binası qarşısında yürüş iştirakçıları ədliyyə naziri Hrayr Tomasyanla rastlaşaraq, onu fitə basıb, “Ar olsun” çağırışları ilə qarşılayıblar.

Hrayr Tovmasyan jurnalistlərə yalnız onu deyib ki, ədliyyə naziri olaraq, Şant Harutyunyanın cinayət işinə dair fikir söyləyə bilməz.

Şant Harutyunyanın vəkili İnessa Petrosyan müdafiə etdiyi şəxsin cəza tədbirini dəyişmək haqqında apellyasiya verdiyini bildirib. Onun sözlərinə görə, Şant Harutyunyan hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur, lakin Şantın hərəkətlərində cinayət əlamətləri olmayıb, çünki zərər çəkdiyi iddia edilən şəxs mülki geyimdə olub.

“Şant nə biləydi ki müqavimət göstərdiyi şəxs polis əməkdaşıdır?” – vəkil Petrosyan deyib.