Rusiya: qoşa unitazlı tualet Twitterdə fırtına yaradıb

Ayaqyolu

Soçidə Olimpiya yarışlarının keçiriləcək Biatlon Mərkəzində qoşa unitazlı ayaqyolunun şəkli sosial şəbəkədə fırtına yaradıb.

Müxalifət lideri Aleksey Navalnı və yüzlərlə digərləri tərəfindən paylaşılan qəribə ayaqyolu şəklini Twitterə BBC-nin Moskva müxbiri Steve Rosenberg yükləyib.

"Olimpiya Biatlon Mərkəzindəki kişi ayaqyolunda rast gəldiyim qoşa unitaz”, BBC müxbiri tweetində bildirib.

Bəziləri internet məkanında təəccüb və məsxərəyə səbəb olan şəkilləri bu yaxınlarda qızğın müzakirə edilən gey haqları ilə bağlayıblar.

Cənab Navalnı Olimpiada üçün büdcədən ayrıldığı deyilən 1,700 milyard rublun ($50mlrd) necə xərcləndiyilə maraqlanıb.

Fotonu retweet edən cənab Navalnı yazıb ki, bu “1.5 mlrd rublluk ($45mln) Soçi Olimpiadasının Media Mərkəzindəki kişi tualeti”.

"İki tualet - 28,000 rubl ($825)," başqa bir bloqda yazılıb. "Olimpiya Media Mərkəzi - 1.5 mlrd rubl ($45mln). Qlobal səhnədə pərtlik - qiymətsiz."

Bir çox şərhlərdə hadisə ilə əlaqədar oyunların boykotu çağırışına səbəb olan Rusiyanın mübahisəli "gey təbliğatı” üzrə qanunlar qeyd olunur.

"Bu onlar tərəfindən cinsi azlıqların ehtiyaclarının necə başa düşüldüyünü göstərir”, - tweetlərin birində deyilir.

Təqribən iki il əvvəl istismara verilmiş Biatlon Mərkəzi Rusiyanın Qazprom şirkəti tərəfindən maliyyələşdirilib.

O vaxtlar dövlət qaz şirkətinin nümayəndəsi yeni tikilən mərkəzi “dünya boyu bu qəbildən olan obyektlər arasında ən böyük və rahatı” bina kimi dəyərləndirmişdi.

Jurnalist Nikita Lixaçov Tjournal saytındakı bloqunda bildirir ki, Rusiyanın Avropa hissəsində qoşa ayaqyoluna nadir halda rast gəlmək olsa da, o tamamilə yad deyil.

Onun bloqunda idman obyektləri və hətta restoranlarda çəkilmiş müvafiq şəkillər yerləşdirilib.

Bu barədə daha geniş