Qadın yol polisi və kişi təmizlik işçisi...

Bilmirəm, Türkiyəyə qısamüddətli səfər edənlərin diqqətini cəlb edibmi - ictimai yerlərdə - bina və küçələrdə təmizlik işçilərinin böyük əksəriyyəti kişilərdir.

Türkiyədə daimi yaşamağa başladıqdan sonra məni ən çox təəccübləndirən şeylərdən biri yol polisi və ya əməliyyat polisində qadınları, təmizlik işində isə kişiləri görməyim olub.

İlk dövrlərdə əlində döşəmə silən kişi görəndə çox təəccüblənirdim.

Türk kişilərinin təmizlik sektorunda çalışa bilməməsi kimi bir kompleksləri yoxdur.

İqdırda fəaliyyət göstərən jurnalist Sərdar Ünsal deyir ki, Türkiyədə təmizlik işi ənənəvi olaraq kişi işi sayılıb.

"Uzun illərdən bəri formalaşmış mühafizəkar ənənələr təmizlik sektorunu kişi işi edib. Kişilər "qızımı, xanımımı yadların ayaqlarını təmizləməyəmi göndərəcəm" deyib qadına evinin təmizliyini, uşağın böyüdülməsi kimi işləri həvalə ediblər".

Həm də tibbi peşə litseyinin müdür müavini olan Ünsal deyir ki, son illərdə təmizlik sahəsinə qadınların da cəlb olunması ilə bağlı təlimatlar olub.

"Son 5 ildə qadın haqları müdafiəçilərinin qadınların ictimai aktivliyini artırmaq çağırışlarından sonra qadın təmizlik isçilərinin işə qəbul olunması ənənəsi yarandı. Ailənin bir nəfərin çalışması ilə keçinməsinin mümkün olmadığını görən kişilər də həyat yoldaşlarının işləməsinə razı oldular", - Sərdar Ünsal qadınların təmizlik sektoruna qəbul olunmaları barədə danışıb.

"Amma təmizlik işini kişilər qadınlardan daha yaxşı bacarır. Bizim litseydə iki qadın, bir kişi təmizlikçi var. Kişi təmizlikçi işini daha cəld görür, işin ağırlığından qorxmur. Qadınlar isə vedrə və döşəməsiləni bir-iki dəfə hərəkət etdirən kimi yorulur. Tez-tez fasilələrlə çalışırlar" - deyir Sərdar Ünsal.

"Tayfun" təmizlik şirkətinin sahibi Tayfun Telefonçu da təmizlik işcisi kimi kişilərə üstünlük verir. Deyir, qadınlar evdən cıxdıqdan sonra da ailənin problemlərindən uzaqlaşa bilmir. "Ya uşaq xəstələnir, ya əri ilə problemləri olur, ya da çox danışır. Bu da gördüyü işin keyfiyyətinə təsir edir. Amma kişi işdə evi unudur, evdən çıxdıqdan sonra ailə qayğılarından uzaqlaşır. Tək problemləri işdir. Həm də kişilər daha cəld olur, təmizlik əşyalarını qaldırıb endirərkən, döşəməni, tozlu yerləri silərkən daha zirəng tərpənirlər" deyir təmizlik şirkətinin sahibi.

Daimi işi olan təmizlik işçisinin maddi keçimi pis olmur. Xüsusilə, əgər o, dövlət dairəsində daimi statusla çalışırsa, ömürlük özünün və ailəsinin tibbi sığortasından tutmuş yüksək pensiya təminatına qədər önəmli təminatı əldə etmiş olur.

Ona görə də dövlət dairələrində - fərqi yoxdur, nazirlik yoxsa universitet, orta məktəb, yoxsa bələdiyyə - çalışmaq böyük şans sayılır. "Tualet təmizləyim, yetər ki, dövlətin qapısında olum" arzusu ilə yaşayanlar var.

İctimai yerlərdən fərqli olaraq marketlərdə ayrıca təmizlik işi ilə məşğul olan işçi görməzsən. Dükanın təmizlik işlərini, işçilər, ya növbə ilə təmizləyir, ya da hər kəs öz şöbəsinin təmizliyinə cavabdeh olur.

Bir market müdürü, hətta dükan sahibinin əlində döşəməsilənlə təmizlik aparması burda heç kimi təəccübləndirmir.

5-6 il əvvəl İqdırda olarkən İqdir Ticarət və Sənaye Odası başqanı Kamil Arslanın həftəsonu öz mağazasında satıcılıq etməsini görüb təəccüblənmişdim.

Mağazanın sahibi, üstəlik, bir önəmli təşkilatın rəhbərini satıcı kimi görməyə alışmamaışdım. Kamil Arslan demişdi ki, həftəsonu və gündəlik iş saatından sonra satıcı yerinə çox vaxt özü işləyir.

"Bir sahibkar öz dükanında satıcılıq da edər, ehtiyac olduğu zaman təmizliyə də baxar" demişdi Ticarət və Sənaye Odası başqanı.