Malayziya Hava Yolları: itmiş təyyarənin son mesajı aşkarlanıb

Malayziya təyyarəsi Fotonun müəllifi AP
Image caption Boeing-777 sərnişin təyyarəsinin 5-cü gündür ki davam edən axtarışları hələlik nəticə verməyib.

Malayziya Hava Yollarına məxsus Boeing-777 təyyarəsindən alınmış son mesaj Cənubi Çin Dənizi üzərindən uçarkən yoxa çıxmazdan öncə təyayrədə hər şeyin normal olduğunu göstərib.

Malayziya Hava Yollarının təqdim etdiyi, təyyarə ilə son rabitə seansının səs yazısına əsasən, radar ekranlarından yoxa çıxmaqdan bir neçə dəqiqə əvvəl Boeing-777 göyərtəsində vəziyyət normal olub.

MH370 reysi ilə uçan təyyarənin 5-cü gündür ki davam edən axtarışları nəticəsiz qalmaqdadır.

Rəsmilərə görə, dispetçer pultu ilə son rabitə seansı vaxtı təyyarə heyəti "hər şeyin qaydasında olduğunu" bildiribmiş.

Göyərtəsində 239 nəfər olan və Kuala-Lumpurdan Pekinə yollanan "Malaysian Airlines" şirkətinə məxsus Boeing-777 sərnişin təyyarəsi radar ekranlarından şənbə günü yoxa çıxıb.

Vyetnam və Malayziya sahilləri yaxınlığında davam edən axtarış əməliyyatında 9 ölkənin göndərdiyi 42 gəmi və 39 təyyarə iştirak etməkdədir.

Ötən gün beynəlxalq əməliyyatda iştirak etmək üçün təyyarə göndərən Vyetnam bəzi məlumatlara görə, bu gündən başlayaraq axtarış fəaliyyətini dayandırmağa hazırlaşır.

Axtarışlar itmiş Boeing-777 təyyarəsinin yoxa çıxmaqdan əvvəl harada olması ilə bağlı xəbərlərin ziddiyyət təşkil etməsi fonunda davam etdirilir. Bəzi fərziyyələrə görə, radar ekranlarından itməzdən əvvəl Boeing geriyə dönə də bilərdi.

Malayziya rəsmiləri axtarış əməliyyatı aparılan ərazinin xeyli genişləndirildiyini bildiriblər, axtarışlar hazırda Malayziya yarımadasının bütün sahil xəttini əhatə edən dəniz sahəsinədək genişləndirilib.

Malayziya aviasiya rəsmiləri bundan əvvəl təyyarənin qalıqlarının aşkar edilməsi barədə bütün xəbərlərin həqiqətə uyğun olmadığını bildiriblər. Malayziya Hava Qüvvələri təyyarənin izlərinin qərb istiqamətində Malacca Boğazında aşkar edilməsi xəbərini təkzib ediblər.

Təyyarənin axtarışında ABŞ Federal Təhlükəsizlik Bürosunun əməkdaşları iştirak edirlər.

Bu arada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Brennan itmiş təyyarə müəmmasında terror ehtimalının istisna edilmədiyini dilə gətirib, lakin bu əhvalatın terrorla əlaqəsini təsdiqləyən ciddi bir dəlil indiyədək aşkar edilməyib.

Bu barədə daha geniş