Yerevan Suriyadakı erməni icmasının taleyindən narahatdır

parliament_armenia Fotonun müəllifi BBC World Service
Image caption Ermənistan parlamentinin bir qrup üzvü Türkiyəni Suriyaya qarşı silahlıların hücumunda iştirak etməkdə suçlayıb

Bir qrup Ermənistan parlament üzvü Türkiyə sərhədi yaxınlığında yerləşən Suriyanın Kassab şəhərini “yerli erməni əhalisinin tərk etməsinə səbəb olmuş Türkiyə silahlı qüvvələrinin hərəkətlərini” pisləyən bəyanatla çıxış edib.

Ermənistanda yayılan məlumatlara görə, martın 21-də Kassab şəhərinə hökumətə müxalif və “Türkiyə tərəfindən dəstəklənən silahlıların hücumu nəticəsində” 600-ə yaxın erməni ailəsi Suriyanın Latakiya şəhərinə qaçmağa məcbur olub.

Onların köçürülməsinə Suriya nizami ordusunun kömək etdiyi bildirilir. Köçkünlər Latakiyada yerli soydaşlarının evlərində, erməni kilsələrində yerləşdiriblər.

Bu arada Suriyada üsyançı döyüşçülər onların Türkiyə ilə keçidə və sərhəddəki kəndə nəzarət etdiyini göstərən video yayıblar. İslamçı üsyançılar, o cümlədən Əl Qaidə ilə əlaqəli Nursa Cəbhəsi cümə günündən Kassab rayonu uğrunda vuruşurlar.

Bazar günü hava məkanının pozulmasını səbəb gətirən Türkiyə ərazidəki Suriya hərbi təyyarəsini vurmuşdu.

Məlumata görə, üç güllə Türkiyəyə düşəndən sonra Türkiyə hərbi qüvvələri sərhəddə cavab atəş açıblar.

Suriya XİN-i Türkiyəni sərhəd Kassab bölgəsində Suriyanın suverenliyinə qarşı əsassız təcavüz etməkdə ittiham edib.

Ermənistanda isə bu, Türkiyənin Kassab şəhərində ermənilərə qarşı hücumu kimi təqdim olunub.

"Sürgünlük"

“Türkiyə silahlı qüvvələrinin hərəkətləri sayəsində Suriyanın Kassab şəhəri və ətraf yaşayış məntəqələrində məskunlaşan erməni əhalisi erməni soyqırımından bir əsr sonra yenidən sürgünlük yolunu tutmaq məcburiyyəti ilə üzləşib”, - bir qrup Ermənistan parlament üzvlərinin bəyanatında deyilir.

Bəyanat müəllifləri “baş verənləri Türkiyənin yaxud Suriyanın daxili işi deyil, insan haqlarının kütləvi şəkildə pozulması” hesab edir və “əslində soyqırım nəticəsində Yaxın Şərqdə formalaşmış erməni icmasına meydan oxumaq” kimi qiymətləndirirlər.

Bəyanatı imzalayan Ermənistan parlamentinin müxtəlif fraksiyaların 7 nümayəndəsi “insan haqlarının kütləvi şəkildə pozulması” hallarını qeydə almaq üçün ermənilərlə məskunlaşmış Kassab ərazisinə BMT müşahidəçilərinin göndərinməsini tələb edir.

“Kassab tarixi”

Fotonun müəllifi BBC World Service
Image caption Serj Sarkisyan Haaqa konfrans mərkəzində çıxışında dünya birliyini Kassab şəhərini tərk edən erməni ailələrin hüquqlarının pozulduğunu bəyan edib

Bazar ertəsi Haaqa konfrans mərkəzində çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan bu həftəsonu erməni icmasının Kassabda baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib.

“Biz son yüzillikdə ermənilərin sürgün edilməsinin dəhşətli hadisələrlə dolu Kassab tarixini unutmamışıq”, - deyə Serj Sarkisyan 1909-cu ildə “silahlı türk dəstələrinin Kassaba müdaxiləsi zamanı ilk dəfə ermənilərin başına gələn müsibətlər“ haqqında danışıb.

Sarkisyanın sözlərinə görə, ermənilər qaçıb Qaraturan dağlarına sığınıblar, lakin türklər orada da onların “evlərini yandırıb talamışdır”, və ermənilər Fransa gəmisi ilə Latakiya şəhərində bir qaldıqdan sonra Kassaba qayıdıb öz evlərini bərpa edə biliblər.

Ermənistan prezidenti daha sonra, 1915-ci ildə, Kassab ermənilərinin Suriya istiqamətində Deyrizor səhrasına və İordaniyanın cənubuna "sürgün edildiyini" deyib.

Ermənistan I Dünya Müharibəsi dövründə Osmanlı Türkiyəsində bir milyon yarım erməninin qətliamını soyqırım kimi səciyyələndirir. Rəsmi Türkiyə isə rəqəmlərin şişirdildiyini və müharibə dövründə hər iki tərəfdən itki verildiyini bildirir.

Ermənistan prezidenti Ermənistanın BMT-nin Nyu York və Cenevrə nümayəndəliklərinə insan haqları və milli azlıqlar məsələləri üzrə xüsusi strukturlarda Kassab ermənilərinin təhlükəsizlik qarantiyası və daimi yaşayış yerlərinə təhlükəsiz qaytarılması məsələləri ilə məşğul olmaq tapşırığı verib.

Suriyada vətəndaş müharibəsi başlananadək bu ölkədə, müxtəlif mənbələrin məlumatlarına görə, erməni icmasının sayı 60-dan 100 minə qədər adam təşkil edirdi. Onların əksəriyyəti əsasən Hələb şəhərində məskunlaşır.

Hazırda Suriya erməni icmasının sayının təxminən 50 min nəfər təşkil etdiyi bildirilir. Ermənistan Diaspor Nazirliyinin məlumatına görə, bu müddət ərzində 11 min suriyalı erməni Ermənistanda qaçıb, bir çoxu qonşu Livanda sığınacaq tapıb. Bəzi məlumatlara görə, təxminən 10 min nəfər ABŞ, müxtəlif ərəb və Avropa ölkələrinə üz tutub.

Bu barədə daha geniş