Erməni Qarabağ veteranı: "Suriyaya könüllü döyüşçülər göndərmək lazımdır"

vahan_badasyan Fotonun müəllifi BBC World Service
Image caption Qarabağ müharibəsi veteranı Vahan Badasyan dünya ermənilərini Suriyanın Kassab bölgəsində erməni icmasının müdafiəsi üçün könüllü dəstələr təşkil etməyə çağırıb

Qarabağ müharibəsi veteranı, tanınmamış DQR parlamentinin üzvü dünyanın müxtəlif ölkələrində yaşayan, xüsusilə, müharibə təcrübəsi olan erməniləri “Kassab bölgəsi ermənilərinin müdafiəsinə" qalxmağa çağırıb.

Vahan Badasyan Suriyanın Kassab bölgəsi ermənilərinin müdafiəsi üçün silahlı dəstələr təşkil etməyi təklif edir.

Qarabağ müharibəsi zamanı Martuni müdafiə dairəsinin 1-ci batalyonunun komandanı olmuş veteran yaradılacaq birləşmələrə şəxsən rəhbərlik etməyə hazır olduğunu bildirib.

Martın 21-də Suriya hökumətinə müxalif qüvvələr Türkiyə sərhədindən 3 kilometr aralıqda yerləşən Kassaba hücum ediblər. Nəticədə əksəriyyəti erməni olan şəhər və ətraf məntəqələrin sakinləri evakuasiya olunub.

Yerevanda bır sıra siyasətçi hücumu türklərin himayə etdiyi qüvvələrin ermənilərə qarşı həmləsi kimi səciyyələndirib.

Ermənistan prezidenti Ermənistanın BMT-nin Nyu York və Cenevrə nümayəndəliklərinə insan haqları və milli azlıqlar məsələləri üzrə xüsusi strukturlarda Kassab ermənilərinin təhlükəsizlik qarantiyası və daimi yaşayış yerlərinə təhlükəsiz qaytarılması məsələləri ilə məşğul olmaq tapşırığı verib.

Müxtəlif mənbələrə əsasən, vətəndaş müharibəsindən əvvəl Suriyada 60-dan 100 minədək erməni yaşayıb. Hazırda Suriya erməni icmasının sayının təxminən 50 min nəfər təşkil etdiyi bildirilir.

Ermənistan Diaspor Nazirliyinin məlumatına görə, bu müddət ərzində 11 min suriyalı erməni Ermənistana qaçıb, bir çoxu qonşu Livanda sığınacaq tapıb. Bəzi məlumatlara görə, təxminən 10 min nəfər ABŞ, müxtəlif ərəb və Avropa ölkələrinə üz tutub.

Bu barədə daha geniş