Ermənistan millət vəkilləri Bəşər Əsədlə görüşüblər

Latakia Fotonun müəllifi AP

Erməni deputatları martın 21-də ermənilərin yığcam yaşadığı Kassab bölgəsinə üsyanaçıların hücumundan sonra Latakiya şəhərinə qaçmış 600-ə yaxın erməni ailəsinə baş çəkiblər.

Altı nəfərdən ibarət nümayəndə heyəti Dəməşqdə Suriyanın Xalq Məclisi və hökumət rəhbərləri, o cümlədən, prezidenti Bəşər Əsədlə görüşüb.

Erməni mənbələri müxalif silahlıların Türkiyənin dəstəyi ilə Türkiyə sərhədi istiqamətindən həmlə etdiyini bildirir. Türkiyə bu iddiaları əsassız adlandırıb.

Suriya prezidenti Ermənistan parlamentinin nümayəndə heyəti ilə görüş zamanı Kassabı geri almaq və erməni əhalinin yaşadıqları yerlərə qaytarılması üçün bütün mümkün tədbirlər görüləcəyini bildirib.

Nümayəndə heyəti Latakiyada erməni kilsələri ərazisində sığınanlarla görüşüblər. Onların gecə yarısı şəxsi əmlakını qoyub Kassabı tərk etdiklərini bildiriblər. Əksəriyyətin sənədlərsiz olduğu bildirilir. Qaçqınlara Suriya hökuməti və yerli erməni icması yardım göstərir.

Ermənistan parlament nümayəndə heyətindən alınan məlumata görə, Bəşər Əsədlə görüş zamanı erməni qaçqınlarının Ermənistana köçürülməsi məsələsi müzakirə olunmayıb.

Millət vəkili Arman Sahakyan deyib ki, kassablılar ölkəni tərk etmək niyyətində deyillər: onlar artıq iki dəfə yaşadıqları yerləri tərk edib və yenidən qayıdıblar.

“İndi də ümidvardırlar ki, hökumət qüvvələri tezliklə Kassabı geri alar, və onlar qayıdarlar. Lakin məlumatlara görə, silahlılar ermənilərin evlərini dağıdıb talamağa başlayıblar”, - o deyib.

Martın 21-də Suriya hökumətinə müxalif qüvvələr Türkiyə sərhədindən 3 kilometr aralıqda yerləşən Kassaba hücum ediblər. Nəticədə əksəriyyəti erməni olan şəhər və ətraf məntəqələrin sakinləri evakuasiya olunub.

Yerevanda bır sıra siyasətçi hücumu türklərin himayə etdiyi qüvvələrin ermənilərə qarşı həmləsi kimi səciyyələndirib.

Türkiyə Xarici İşlər Nazirliyi Türkiyənin Latakiya bölgəsinin Kassab yaşayış məntəqələrinə müdaxilə edən müxalif qüvvələrə yardımçı olduğu haqqında məlumatları əsassız və tamamilə həqiqətə uyğun olmayan adlandırıb.

“Biz Kassabda baş verən proseslərlə keçmişin ağrılı olayları ilə müqayisə etmək səyləri provokasiya təbliğatı cəhdi hesab edirik”, - deyilir Türkiyə XİN-in bəyanatında.

Türkiyə XİN-i həmçinin Kassab ermənilərini qəbul etməyə və müdafiə etməyə hazır olduğunu bildirib.

Bu barədə daha geniş