Ukrayna böhranı: Nato Rusiya ilə əməkdaşlığı dayandırır

NATO Baş Katibi

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

NATO Baş katibi Rusiya qoşunlarının Ukrayna sərhədindən çəkilmədiyinb9 deyir.

Brüsseldə görüşən NATO ölkələri Xarici İşlər nazirləri Rusiya ilə hərbi və mülki sahələrdə əməkdaşlığı dayandırmaq barədə qərar qəbul ediblər.

NATO Baş katibi Anders Fogh Rasmussenin sözlərinə görə, Ukraynanın Krım bölgəsinin Rusiya tərəfindən zəbt edilməsi Avropa təhlükəsizliyi üçün son bir neçə onilliyin ən ciddi təhlükəsini yaratmış olub.

NATO blokuna daxil olan 28 ölkənin Xarici İşlər nazirləri Rusiya Krımı ilhaqınını "qanunsuz" adlandıraraq pisləyiblər.

Xarici İşlər nazirlərinin Brüssel görüşündə NATO-nun Rusiya ilə bir sıra təşkilatlarda əməkdaşlığını dayandırmaq qərarına gəlinib.

Eyni zamanda NATO-Rusiya Şurası formatında dialoqun buna ehtiyac yarandığı zaman səfirlər vasitəsilə davam etdirilə biləcəyi də qeyd olunub.

Anders Fogh Rasmussenin sözlərinə görə, alyansın iyun ayında nəzərdə tutulmuş növbəti sammitində NATO-nun Rusiya ilıə əlaqələri bir daha nəzərdən keçiriləcək.

Ukraynaya qarşı Rusiyanın hərəkətləri Estoniya, Latviya and Litvada narahtlıq doğurduğundan Baltik dövlətlər ərazisində NATO hərbi bazalarının yaradılması məsələsi Brüssel görüşündə nəzərdən keçirlib.

Alyans bölgədə keçirlən hərbi təlimlərdə hərbi təyyarələr vasitəsilə iştirakını gücləndirmək qərarına gəlib. Bu məqsədlə bir neçə NATO dövləti, o cümlədən, Britaniya, ABŞ və Fransa əlavə hərbi təyyarələr ayırmaq qərarına gəlib.

Bu arada ABŞ Konqressinin Nümayəndələr Palatasında Ukraynaya yardım göstərilməsi barədə qanun layihəsini böyük səs üstünlüyü ilə bəyənilib. Həmin qanun layihəsi Rusiyaya qarşı müəyyən sanksiyaları və Ukraynaya yardım göstərilməsini nəzərdə tutur.

Konqressin təsdiqindən keçən qanun imzalanmaq üçün prezident Obamaya təqdim edilib.

Moskva: NATO qərarı "dejavu" effekti yaradır

Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşenko NATO-nun Moskva ilə əməkdaşlığı dayandırmaq qərarının soyuq müharibə dövrünü xatırladığını qeyd edib.

"..Bu qərar bizi 6 il bundan əvvələ, Rusiya-NATO Şurasının işinin Brüssel tərəfindən dayandırdığı dövrə qaytarır", Lukaşeviç deyib.

Lukaşeviç xatırladıb kı, nəticədə, bir müddətdən sonra NATO yenidən həmin şuranın işini öz təşəbbüsü ilə bərpa etməyə məcbur olmuşdu.

Diplomatın sözlərinə görə, Brüsseldə qəbul olunmuş qərarın nə Rusiyaya, nə də NATO dövlətlərinə xeyri olmayacaq.

Bu arada Avropada NATO birləşmiş qüvvələri komandanı ABŞ generalı Philip Breedlove Reueter agentliyinə bildirib ki, Rusiya–Ukrayna sərhədində vəziyyət əvvəlkitək gərgin qalır və narahatlıq doğurmaqdadır.

Onun sözlərinə görə, NATO Rusiya qoşunlarının hərəkət etdiyini qeydə alıb, lakin əsgəri qüvvənin kazarmalara qaytdığını təsdiq edən əlamətlər müşahidə edilmir.

NATO: Rusiya qoşunları geri çəkməyib

NATO Baş katibi Anders Fogh Rasmussen bildirib ki, Rusiyanın Ukrayna sərhədindən qoşunlarını çəkdiyini sübut edəcək əlamətlər yoxdur.

"Təəssüf ki, mən Rusiya qoşunlarının çəkildiyini təsdiq edə bilmirəm",- Rasmussen jurnalistlərə bildirib. "Biz bunu görmürük", o deyib.

Onun təbirincə, "Moskva Rusiya-NATO partnyorluğu prinsiplərini pozub".

NATO başçısının qənaətincə, bundan sonra NATO ilə Rusiya arasında münasibətlər əvvəlki kimi davam edə bilməz.

Rasmussen Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Avropa təhlükəsizliyi konsepsiyasına köklü dəyişiklik etmək ehtiyacının yarandığını vurğulayıb.

"Bu gün biz NATO kollektiv təhlükəsizliyi prinsipinə sadiqliyimizi nümayiş etdirəcəyik", Anders Fogh Rasmussen vurğulayıb.

Siyasi dialoq

NATO sammitinin açılışından əvvəl danışan Baş katib Rasmussen münaqişənin çözülməsinin ən yaxşı yolunun "siyasi dialoq" olduğunu bir daha vurğulayıb.

Ukraynaya yardım göstərilməsi məsələsini müzakirə etmək üçün NATO Xarici İşlər nazirləri Brüsselə toplaşıblar.

NATO ölkələri XİN rəhbərlərinin görüşü 2 gün çəkəcək.

NATO Baş katibi Аnders Fogh Rasmussenin sözlərinə görə, söhbət “partnyorluğun genişləndirilməsi, siyasi dialoqun gücləndirilməsi və hərbi sahə də daxil olmaqla əhatəli islahatların keçirilməsinə dəstək göstərilməsindən” gedir.

Nazirlər Ukrayna Silahlı Qüvvələrində islahat keçirmək planlarını müzakirə etmək məqsədilə ölkənin Xarici İşlər naziri Andrey Deşitsa ilə görüşməyi nəzərdə tururlar.

Gözlənildiyinə görə, Brüssel görüşündə eyni zamanda alyansın Rusiya ilə əməkdaşlığına xitam verilməsi rəsmiləşdiriləcək.

Müzakirə edilməsi nəzərdə tutulan daha bir məsələ Baltik dövlətlərin ərazisində NATO-nun hərbi mövcudiyyətinin gücləndirilməsilə bağlıdır, bununla əlaqədar həmin ölkələrdə NATO hərbi bazalarının yaradılması planları nəzərdən keçiriləcək.

Bu il Latviya, Litva və Estoniyanın iştirakı ilə hərbi hava qüvvələrinin təlimini keçirmək nəzərdə tutulur.

Alyans Baltik dövlətlərdə hərbi təyyarələrin sayını artırmağı planlaşdırır.

Bu arada Almaniya hökümətinin yaydığı xəbərə əsasən, prezident Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə telefon söhbəti zamanı Rusiya qoşunlarının bir qismini Ukrayna sərhədindən çəkməyə razılıq verib.

Buna qədər Ukrayna sərhədi yaxınlığında Rusiya ordusunun on minlərlə canlı qüvvəsi cəmləşdirilmişdi.

Angela Merkel ilə telefon söhbəti əsnasında Vladimir Putin, Rusiya mətbuatının verdiyi xəbərə əsasən, Ukraynada bütün regionların maraqlarının nəzərə alınmasını təmin etmək üçün konstitusiya islahatının keçirilməsinə ehtiyacın olduğunu vurğulayıb.

Bununla yanaşı, prezident Putin Dnestryanı bölgənin blokadasını aradan qaldırmaq üçün tədbir görülməsinə çağırıb.