Kassab erməniləri arasında "itkilər olmayıb"

serj_kalukyan Fotonun müəllifi BBC World Service
Image caption Serj Kalukyan: Kassab erməniləri arasında itkilər barədə məlumat həqiqətə uyğun deyil

Suriyanın Kassab məntəqəsinə müxalif silahlı dəstələrin hücumu nəticəsində bölgəni tərk etməyə məcbur olan erməni əhalisi arasında insan tələfatı haqqında məlumat həqiqətə uyğun deyil.

Bu barədə Yerevanda mətbuat konfransında Ermənistanda təhsil alan Kassab sakini Serj Kalukyan məlumat verib.

O, son vaxtlar müxtəlif informasiya vasitələrində, o cümlədən, YouTube video portalında yayılmış video görüntülərin Kassab hadisələrinə aidiyyəti olmadığını deyib.

Bir sıra informasiya vasitələri həmçinin 80 nəfərin həlak olduğunu bildirmişdi.

Serj Kalukyanın sözlərinə görə, martın 21-də Türkiyə sərhədi istiqamətindən silahlı dəstələrin hücumu səhər saat 5-də başlayıb. Əhali bölgəni tərk edərək 65 kilometrlikdə yerləşən Latakiya şəhərinə qaçıb.

Daha sonra 30-40 nəfərin Latakiyaya çatmadığı aşkar olunub, lakin onların bir hissəsi sonradan Latakiyada sığınacaq tapanlara qatılıb.

Suriyada qalan qohumlardan alınan məlumatlara görə, Kassabda qalanlardan bəzilərini silahlılar Türkiyə ərazisinə aparıb. Kassabın meri Bazqen Çaparyan əhali Kassabı tərk etdikdən sonra şəhərin talanması haqqında məlumatlar alındığını bildirib.

“Kassabda döyüşlər davam edir. Suriya hökuməti və ordu bölgəni qaytarmağa çalışır”, - deyə Serj Kalukyan həmçinin qiyamçı dəstələrinə Türkiyənin himayə etdiyi haqqında məlumatları təsdiqləyib.

Son məlumatlara görə, hazırda Latakiya şəhərində 600-ə yaxın erməni ailəsi kilsədə və yerli ermənilərin evlərində sığınır.

Bu barədə daha geniş