Ermənistan: yezid icması hörmət tələb edir

manvel_badeyan Fotonun müəllifi BBC World Service
Image caption Millət vəkili Manvel Badeyan yezidləri təhqir etmək niyyətində olmaqığını bildirir

Ermənistan Milli Məclisinin Etika Komissiyası Ermənistan yezid icmasının şikayətini araşdırmağa başlayıb. Yezid icması, onların milli ləyaqətini təhqir etdiyinə görə, millət vəkili Manvel Badeyanın üzr istəməsini tələb edirlər.

Ermənistan yezid icmasını hakim Respublikaçılar Partiyası parlament fraksiyasının üzvü Manvel Badeyanın, yezidlərin ünvanına onların fikrincə, həqarətli ifadəsi hiddətləndirib.

Yerli televiziya kanallarından birində “Nə? Harada? Nə vaxt?” verilişində iştirak edən Manvel Badeyan jurnalistlərdən birinin: “Ermənistan televiziyasında rus dilində aparılan verilişin Ermənistan hökuməti tərəfindən maliyyələşdirilməsi düzgündürmü?” - sualını cavablandıran millət vəkili deyib: “Elə bilirsən, jurnalistsənsə axmaq sual verməyə ixtiyarın var? Doğurdanmı belə səviyyəsizsən? Küçədə dayanan yezid belə sual versəydi təəcüblənməzdim”.

Ermənistanda yaşayan 40 mindən çox təşkil edən yezid icması millət vəkilinin bütün yezid xalqını təhqir etdiyini bildirirlər. Sincar yezidlər birliyinin rəhbəri Boris Tamoyan deyir ki, millət vəkili yezidlərdən üzr istəsə belə, onlar şikayət ərizəsini geri götürməyəcək.

“Biz istəyirik ki, hökuməti təmsil edən Etika Komissiyası bu fakta qiymət versin. Bizim üçün bu vacibdir. Üzr istəməsi artıq gecdir”, - Boris Tamoyan deyib.

Bazar ertəsi Etika Komissiyası yezid kürdləri icmasının şikayətini araşdırıb və növbəti iclasda Manvel Badeyanın izahatını dinləməyə hazırlaşır.

Manvel Badeyan daha əvvəl bəyan edib ki, yezidləri təhqir etmək fikri olmayıb, “küçələri süpürən yezidləri” nəzərdə tuturmuş və qeyd edib ki, “jurnalistlərin səviyyəsi daha yüksək olmalıdır”.

Millət vəkilinin bu izahatı yezidləri daha da hiddətləndirib, deyir Yezidlərin Milli Komitəsinin təmsilçisi Saşik Sultanyan.

“Manvel Badeyan öz izahatında peşman olduğunu bildirməyib, sadəcə eyni fikrini başqa formada ifadə edib. Bizi indi onun nə nəzərdə tutduğu maraqlandırmır. Biz bu fakta rəsmən qiymət verilməsini istəyirik”, - o deyib.

Millət vəkili isə mətbuata açıqlamasında üzr istəmək niyyətində olmadığını bildirib və deyib ki, “heç bir yezidi təhqir etmək” istəməyib.