Ermənistan: Suriya hadisələrinə “sürüklənmə təhlükəsi"

kassab Fotonun müəllifi Reuters
Image caption 600-dən çox erməni ailəsi Kassabı tərk etməyə məcbur olub

Tanınmamış DQR Xarici İşlər Nazirliyi "Qarabağ silahlı qüvvələri dəstələrinin Suriyaya getməsi haqqında son zamanlar müxtəlif informasiya vasitələri tərəfindən yayılan" məlumatları təkzib edir.

"Bu məlumatlar o dərəcədə cəfəngdir ki, bu kimi şayiələri şərh etməyi yersiz hesab edirik", - tanınmamış DQR XİN-in Panorama.am saytına cavabında deyilir.

Ermənistan ya Qarabağ ermənilərinin Suriyada döyüşlərə qatılmasını təsdiqləyən faktlar olmasa da, belə məlumatların yayılması səbəbsiz deyil.

Martın 25-də Qarabağ müharibəsi veteranı, tanınmamış Qarabağ parlamentinin üzvü Vahan Badasyan Kassab ermənilərini müdafiə etmək üçün silahlı dəstələr təşkil etmək təklifilə çıxış etmişdi.

Badasyan dünyanın müxtəlif ölkələrində yaşayan, xüsusilə, müharibə təcrübəsi olan erməniləri "Kassab bölgəsi ermənilərinin müdafiəsinə birləşməyə" çağırmışdı.

Ziddiyyətli xəbərlər

Fotonun müəllifi POSTSKRIPTUM.ORG
Image caption Bəzi rusdilli saytlar Qarabağdan Suriyaya 1500 nəfərdən ibarət erməni silahlı dəstəsi göndərildiyini bildirir

Bundan sonra Dağlıq Qarabağdan 1500 yaraqlının Suriyaya yollandığını bildirən rusdilli Postskriptum.org saytı "İsanın ordusu Suriya torpağına desant çıxarıb" şərhini yazıb.

Bəzi informasiya vasitələri və sosial şəbəkələrdə onlarla ermənilərin öldürüldüyü haqqında məlumat yayılmağa başladı. Hətta YouTube saytında bu "faktları əks etdirən" görüntülər yer almışdı.

Maraqlıdır ki, son vaxtlar Rusiya informasiya vasitələrində "Kassab ermənilərinin qırğını" və "Qərbin biganəliyi" haqqında məlumatlar yayılmağa başlayıb.

Moskvada naməlum bir erməni-rus qeyri-hökumət təşkilatı ötən həftəsonu aksiya təşkil etmiş və Kassab hadisələri ilə bağlı Türkiyə ilə Qərbi ittiham etmişdi.

Aksiya iştirakçılarının Moskvada Suriya səfirliyi önünə “Kassab qurbanlarının xatirəsinə” gül-çiçək qoyması Ermənistan İctimai Televiziyasının xəbərlər buraxılışında yayımlanıb.

Kassab əhalisi arasında itki olmadığı barədə həm Ermənistanda sığınacaq tapmış, həm də hazırda Kassabın 65 kilometrliyində yerləşən Latakiya şəhərində sığınan erməni icmasının nümayəndələri bəyan ediblər.

"Pislənməlidir"

Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov Twitter mikrobloqunda yazıb: "Suriyada erməni kəndi sakinlərinin güllələnməsi araşdırılmalıdır. BMT Təhlükəsizlik Şurası tərəfindən vəziyyətin dərhal pislənməsi gərəkdir".

Rusiyanın Kommersant qəzeti, öz növbəsində, “rəsmi məlumatlara görə, 80 nəfərin öldürüldüyünü" bildirib.

Ermənistan XİN-i bütün bu ziddiyyətli məlumatları nə şərh edir, nə də təkzib edir. Aravot qəzetinin müraciətinə cavab olaraq, nazirliyin mətbuat katibi Tiqran Balayan yalnız: “Kassab erməniləri arasında itkilər olub-olmadığını yoxlayırıq”, - deyib.

Eyni zamanda aprelin 3-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xarici işlər nazirlərinin yığıncağında Kassab hadisələri ilə bağlı birgə bəyanat qəbul olunub. KTMT baş katibi Nikolay Bordyuja sənədin Ermənistanın təklifi ilə qəbul olunduğunu bildirib.

KTMT üzv ölkələrinin XİN rəhbərləri “hakimiyyət qüvvələri ilə Əl-Qaidə ilə əlaqəli ekstremist dəstələr arasında qarşıdurma nəticəsində Suriyanın şimal-qərbində vəziyyətin kəskin şəkildə gərginləşməsinin insan itkisinə və əksərən ermənilərlə məskunlaşmış Kassab şəhərinin minlərlə sakinlərinin məcburi köçkünə çevrilməsindən” narahat olduqlarını bildirib və “dinc əhaliyə qarşı güc tətbiq edilərək terror aktlarını” pisləyiblər.

"Başqasının manipulyasiya aləti"

Fotonun müəllifi BBC World Service
Image caption Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirləri "Kassab əhalisinə qarşı terror aktı" pisləyən birgə bəyanat imzalayıblar

Ermənistan təhlilçiləri Kassab hadisələrinin təbliğat və manipulyasiya alətinə çevrilməsi və ermənilərin Suriya münaqişəsinə sürüklənməsi təhlükəsini görürlər.

“Rəsmi Yerevan Rusiyanın Kassab ermənilərini münaqişə tərəfinə, bütün erməniləri isə müsəlman aləminin hədəfinə çevirmək cəhdlərinin qarşısını alacaq bəyanatla çıxış etməlidir”, - Lragir.am internet nəşrinin siyasi icmalçısı Hakob Badalyan deyir.

Onun sözlərinə görə, “Rəsmi Stepanakert və Qarabağ müharibəsinə aidiyyəti olan bütün təşkilatlar” da Ermənistandan və Qarabağdan Suriyaya heç bir silahlı dəstə getmədiyini bəyan etməlidirlər.

Suriyalı publisist Sarqis Areyan da Yerevanda jurnalistlərlə görüş zamanı qeyd edib ki, Ermənistan və ermənilər Suriyalı soydaşlarını müdafiə etmək məqsədilə yalnız diplomatik və humanitar yardım göstərmək üçün “əllərindən gələni etməyə hazır olduqlarını və hər hansı hərbi müdaxilənin istisna olunduğu” bəyan etməlidirlər.

Lakin bunun əvəzində, Hakob Badalyanın sözlərinə görə, “Ermənistanın rəsmən təhlükəli və cinayətkar avantüraya cəlb olunduğuna dəlalət edən, “Ermənistanın təklifilə” qəbul olunmuş KTMT-nin bəyanatı yayılır”.

Bu barədə daha geniş