Serj Sarkisyan vidalaşır

serj_sarkisyan Fotonun müəllifi BBC World Service

Ermənistan prezidenti Serj Sarkisyan öz namizədliyini bir daha prezident vəzifəsinə irəli sürməyəcəyini və baş nazir vəzifəsinə iddia etmədiyini bildirib.

Bunu Serj Sarkisyan prezident nəzdində Konstitusiya İslahatları üzrə İxtisaslaşdırılmış Komissiyanın üzvləri ilə görüş zamanı bəyan edib.

“Mən, Serj Sarkisyan, rəsmən bəyan edirəm ki, bir daha heç vaxt Ermənistan prezidenti vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm. Yekun müzakirələr nəticəsində mənim istəyimə uyğun olmayan yol seçilərsə (mən parlament idarəetmə modelini nəzərdə tuturam), mən baş nazir vəzifəsinə də iddia etməyəcəyəm”, - Ermənistan prezidenti deyib.

Görüş əsnasında Konstitusiya Komissiyasının sədri, Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qaqik Harutyunyan prezident Serj Sarkisyana konstitusiya islahatları konsepsiyası layihəsinin əsas müddəalarını təqdim edib.

Sarkisyan, ölkə başçısı kimi, Konstitusiya islahatlarının “azad həyata keçirilməsinin”, yeni dövlət idarəetmə modelinin müəyyən edilməsi prosesində komissiyanın “azad fəaliyyət göstərməsinin qarantı olaraq” , əminlik israr edib ki, “Ermənistanda heç bir şəxs ömründə iki dəfədən artıq hakimiyyət sükanı arxasında dayanmağa iddia etməməlidir”.

“Mövcud idarəetmə modeli məqbuldur”

Serj Sarkisyan Konstitusiya islahatları nəticəsində ölkənin idarəetmə modelinin dəyişməsinin tərəfdarı olmadığını qeyd edib. O, hazırda tətbiq edilən prezident idarəetmə üsulunu, “hər halda hazırkı dövrdə” daha məqbul hesab edir.

“Hesab edirəm ki, komissiya tərəfindən qaldırılan digər məsələlərlə yanaşı bu məsələ də ictimai müzakirələr mövzusu olmalıdır. Lakin eyni zamanda siyasi çalarlı məsələlərin yekun qiymətləndirilməsi əsnasında ölkənin siyasi qüvvələrinin mövqelərinin nəzərə alınması da vacibdir”, - Sarkisyan bəyan edib.

Prezidentlik müddəti artar, səlahiyyətlər məhdudlaşar

Fotonun müəllifi BBC World Service
Image caption Konstitusiya İslahatları üzrə İxtisaslaşdırılmış Komissiya Ermənistanda parlament idarəetmə modelinin tətbiq olunmasını nəzərdən keçirir

Cümə axşamı günü rəsmən təqdim olunmuş Konstitusiya konsepsiyası layihəsi üzrə, Ermənistanda parlament idarəetmə modelinin tətbiq olunması nəzərdə tutulur.

Layihəyə əsasən, ölkə prezidenti seçki hüququna malik olan bitərəf (heç bir siyasi partiyaya üzv olmayan) namizədlər arasından Milli Məclis tərəfindən seçilməlidir. Prezident 7 il müddətinə seçilir və ikinci dəfə bu vəzifəyə namizəd ola bilməz.

Baş nazir vəzifəsinə gəldikdə, hal hazırda onun namizədliyini prezident təklif edir, parlament isə təsdiq edir. Layihəyə əsasən, baş nazirin müəyyən olunması parlament seçkilərinin nəticəsindən asılıdır. Baş nazir hökumət tərtib edir və yalnız Milli Məclis qarşısında cavabdehdir.

Parlamentin siyasi rolunun artırılması ilə parlament müxalifətinin rolunun da artırılması nəzərdə tutulur.

Qanunverici orqan olaraq, Milli Məclis hökumətin fəaliyyətinə nəzarət edəcək, prezident isə qanunverici və icra hakimiyyətləri tərəfindən Konstitusiya üzrə səlahiyyətlərinin yerinə yetirilməsi üzərində nəzarət etməlidir.

“Sosial sifariş olmayıb”

Konstitusiya islahatlar konsepsiyası layihəsi üzrə parlament idarəetmə sisteminə keçmək təklif olunmur, mövcud sistemin islah edilməsi nəzərdə tutulur, son qərar isə müzakirələr nəticəsində aydın olar, mətbuat konfransı zamanı Ermənistan Konstitusiya Məhkəməsinin sədri, Konstitusiya İslahatları üzrə İxtisaslaşdırılmış Komissiyanın sədri Qaqik Harutyunyan izah edib.

“Alternativ olaraq, problemlərin parlament idarəetmə sistemi şəraitində mümkün səmərəli həll variantlarını da təqdim etmək və müzakirələr zamanı ictimai münasibəti öyrənmək qərarına gəlmişik. Çünki son nəticədə idarəetmə formasının seçilməsi dövlət hüququ məsələsidir. Siyasi partiya və siyasi sistemlərin aydın mövqeyi nəzərə alınmadan bu məsələdə dəyişiklik etmək mümkün, hətta məqsədəuyğun deyil”, - Harutyunyan deyib.

Onun sözlərinə görə, “ölkənin gələcəyinə istiqamətlənən” düzgün variant müzakirələr və fikir mübadiləsi nəticəsində seçilə bilər.

“Prezident hər hansı konstitusiya-hüquq modelinin irəli sürülməsi və seçimi məsələsində komissiyanın əl-qolunu bağlamaq istəmir. Hər hansı sosial sifariş istisna olunur”, - Harutyunyan bəyan edib.

Gələn seçkilərədək həll olunmalıdır

İyunun 1-nədək konstitusiya islahatları konsepsiyası layihəsinın ictimai müzakirəyə cıxarılacağı, iyul ayında isə sənədin son variantı prezidentə təqdim olunacağı nəzərdə tutulur.

Prezidentdən cavab alındıqdan sonra 10 ay ərzində islahatlar paketi hazırlanıb ictimaiyyətin və Milli Məclisin müzakirəsinə təqdim olunmalıdır.

“Güman edirəm ki, ən yaxşı halda bu, 2015-ci ilin sonunda, 2016-cı ilin əvvəlinədək başa çatmalıdır. 2017-ci ildə parlament, 2018-ci ildə prezident seçkiləri keçiriləcəyini nəzərə alaraq, bundan gec məqsədəuyğun deyil” – islahatlar üzrə komissiyanın sədri Qaqik Harutyunyan deyib.