ABŞ İran fondlarına qoyulan qadağanı götürə bilər

Natanz uran zənginləşdirmə zavodu

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı,

Dünya gücləri narahardır ki, İranın Natanz nüvə zənginləşdirmə zavodu nüvə silahının hazırlaşdırılması üçün istifadə oluna bilər

ABŞ Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının yarısını neytrallaşdırılmasının ardınca dondurulmuş İran fondlarınz qadağanı aradan götürə bilər.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) hesabatına əsasən qadağanın götürülməsi 450 milyon dollara aid olacaq.

Cümə axşamı Agentlik bildirib ki, İran ilin əvvəlində əldə olunan razılığa uyğun olaraq yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının yarısını neytrallaşdırıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) İranın dünyanın aparıcı altı dövlətilə əldə olunmuş sövdələşməyə əməl edib-etməməsinə nəzarət edib.

Bu ölkələr İranda zənginləşdirilmiş uran istehsalının miqyasının azaldılmasını istəyir. Onlar narahatdırlar ki, bu zənginləşdirilmiş uran nüvə bombasının hazırlanması üçün istifadə edilə bilər.

İran deyir ki, nüvə üzrə işlər sülh məqsədini daşıyır amma sanksiyaların yüngülləşdirilməsi üçün sövdələşməyə razılaşıb.

İran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının yarısını aşağı dərəcəli uran xammalı vəziyyətinə gətirib, IAEA-nın məxfi hesabatında deyilir.

BBC-nin Vyanadakı müxbiri Bethany Bell güman edir ki, Qərb buna müsbət baxacaq, çünki beləliklə "İrana nüvə silahı hazırlamaq üçün daha çox vaxt tələb olunacaq".

Diplomatlar hesabatın nəticələrini BBC-ə təsdiqləyiblər. Hesabatın tam versiyası gələn həftə dərc olunacaq.

Hesabatda həmçinin deyilir ki, nüvə konversiya zavodunun istismara verilməsi prosesi təxirə salınıb, Reuters agentliyi xəbər verir.

İranda müfəttişləri olan IAEA hər ay ölkənin sövdələşməyə əməl edib-etməməsinə dair məlumatlar verir.

Yanvar ayında imzalanan müvəqqəti razılaşmanın müddəti iyulda bitir.

İran və danışıqlarda iştirak edən altı ölkə - ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya - may ayına qədər yeni razılaşmanın şərtlərini layihələşdirməyə başlamaq istəyirlər. Amma müxbirlər deyirlər ki, buna hələ çox qalıb.

Dünya gücləri istəyirlər ki, İran zənginləşdirmə proqramının miqyasını həmişəlik azaltmağa və BMT müfəttişlərinə daha çox nəzarət verməyə razılaşsın.

İranın ali rəhbəri Ayətullah Əli Xameneyi beynəlxalq danışıqları dəstəkləsə də xəbərdarlıq edib ki, Tehran heç zaman nüvə proqramından imtina etməyəcək.